“Qərb sülh siyasəti adı altında yeni müharibə hazırlığı həyata keçirir”
“Fransa və eləcə də Avropa İttifaqının Sülh Fondunun Ermənistanı sürətlə silahlandırması regional sülh üçün böyük təhdiddir və Qərbin məkirli məqsədlərindən xəbər verir”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Qərbin Ermənistana silah yardımı İrəvanı sülhdən uzaqlaşdıran ən mühüm amildir:
“Qərbin müxtəlif dairələri Ermənistanı silahlandırmaqla Cənubi Qafqazdakı sülh prosesinə mane olur, İrəvanı sülhdən çəkindirirlər. Onlar bununla Ermənistandakı revanşist qüvvələri yeni qarşıdurmalara həvəsləndirirlər ki, bu da region üçün ciddi təhdiddir.
Prezident İlham Əliyev cari ilin 7 yanvar tarixində yerli televiziyalara müsahibəsində Qərbin bu siyasətini tənqid etdi, bunun doguracağı fəsadlara diqqət çəkdi. Dövlət başçısı qeyd etdi ki, Qərb Ermənistanı silahlandırmaqdan əl çəkməli, sülhə əngəl törətməməlidir. Qərb də, İrəvan da unutmamalıdır ki, yeni bir gərginlik Ermənistanın özü üçün fəlakət demək olacaq. Azərbaycan bununla bağlı bütün maraqlı tərəflərə dəfələrlə xəbərdarlıq edib, Ermənistanın silahlandırılmasının mümkün fəsadları haqqında beynəlxalq birliyi məlumatlandırıb. Buna görə də, regionda baş verə biləcək istənilən gərginliyə görə məsuliyyət Ermənistan və onun havadarlarının üzərinə düşəcək”.
Polkovnik bildirib ki, Azərbaycan heç vaxt erməni faşizminin yenidən dirçəldilməsinə imkan verməyəcək:
“Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizminə ölümcül zərbə vurdu, işğaldakı torpaqlarımızı faşistlərdən azad etdi. Lakin bu gün biz görürük ki, bəzi qüvvələr erməni faşizmini yenidən dirçəltməyə, ona yenidən həyat verməyə çalışır. Ancaq onlar bilməlidirlər ki, Azərbaycan heç vaxt buna yol verməyəcək. Faşizmin bütün təzahürləri kimi erməni faşizmi də ölümə məhkumdur və Azərbaycan onun dirçəlməsinin qarşısını almaq üçün bütün gərəkli addımları atacaq”.
Seymur ƏLİYEV