lider-media.az

YENİ AZƏRBAYCAN PARTİYASI ULU ÖNDƏRİN PARLAQ İDEYALARININ TƏBLİĞATÇISIDIR

Tarix: 21-12-2024, 15:47

“Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır”.

                                  Heydər Əliyev, Ümummilli lider.

 

 Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi bu fikir ötən müddətdə öz təsdiqini tapdı. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki,  YAP dahi şəxsiyyətin əmanəti, “şah əsəri”dir. Bu, olduqca böyük şərəf, eyni zamanda böyük məsuliyyətdir. Çünki cəmiyyətin  YAP-dan, onun üzvlərindən böyük gözləntiləri var. Daim yeniləşmə, modernləşmə, xalqa daha da yaxınlaşma YAP-ın fəaliyyətinin  prioritetləridir. Bu prinsiplər partiyanın banisi Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla tətbiq olunur.

  Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran problemləri həll etməyə qadir,  özünü təsdiqləmiş monolit siyasi qüvvədir. Partiya hər bir qərarında Heydər Əliyev ideyalarına, onun milli məfkurəsinə əsaslanaraq dövlətin, xalqın maraqları zəminində öz fəaliyyətini qurub.

   Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur. Partiyanın yaranması respublikamızın müasir tarixinin ən yaddaqalan hadisələrindəndir. YAP Azərbaycan tarixinin son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə ziyalıların təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Belə ki, Yeni Azərbaycan Partiyası 1992-ci il dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış və Azərbaycanın bütün rayonlarında qısa müddətdə rayon təşkilatları və özəkləri yaradılmışdır. YAP-ın 1992-ci ilin dekabrında Naxçıvanda keçirilən təsis konfransında qəbul etdiyi Proqram və Nizamnaməsi 1999-cu il dekabr ayının 20-21-də keçirilən I Qurultayında geniş şəkildə müzakirə olunaraq, müəyyən əlavə və dəyişikliklər edilməklə təsdiq olunmuşdur. YAP-ın Proqram və Nizamnaməsinə uyğun olaraq təşkilatın strateji xətti təsbit edilmiş, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, onun müasir beynəlxalq sistemdə layiqli yer tutması, ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində əsas məqsəd və vəzifələri müəyyənləşdirilmişdir.

    Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin ideya bazasını şərtləndirir.

  YAP Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiya kimi gündən-günə möhkəmlənir, üzvlərinin sayı sürətlə artır. 

  YAP ölkənin siyasi həyatının fəal, novator, təşəbbüskar qüvvəsi, Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli yer tutan ümumxalq partiyasıdır. Cəmiyyətimizin avanqard hissəsi YAP-da birləşib. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. YAP ulu öndər Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə  layiqli töhfə verib və bu siyasət bu gün də uğurla davam etdirilir.  Ulu öndərin rəhbərliyi ilə yaranan partiya Azərbaycanda dövlət quruculuğuna, müstəqilliyin möhkəmlənməsinə, ölkənin inkişafına, respublikada vətəndaş cəmiyyətinin, milli birliyin formalaşmasına sanballı töhfələr verib. YAP cəmiyyət tərəfindən birmənalı olaraq quruculuq, sabitlik, inkişaf, rifah və xalqın partiyası kimi qəbul edilir.

  Ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, keçdiyi 31 ilə yaxın şərəfli yolda Azərbaycanın qazandığı uğurların bələdçisi kimi çıxış edən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirildiyi dövrə diqqət yetirsək, bir daha bu reallığı böyük inam və qürur hissi ilə qeyd edə bilərik ki, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbənin yaratdığı yeni reallıqlar bütün sahələrdə, o cümlədən siyasi sistemin təkmilləşdirilməsində yeni mərhələyə yol açıb.

   Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin partiyanın VII qurultayında dərin məzmunlu, proqram xarakterli nitqi ayrı-ayrı dövrlərin reallıqlarının aydın mənzərəsini yaratmaqla yanaşı, qarşıdakı illərin prioritetlərinin təqdimatı olmuşdur. Dövlət başçısı  qurultayda videoformatdakı çıxışında demişdir: “Yeni Azərbaycan Partiyasının adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Burada, əlbəttə ki, onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Çünki mən bunu dəfələrlə demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Heydər Əliyevin fəaliyyətinin nəticəsində 1982-ci ildə isə qabaqcıl yerlərdə idi. Əgər iki respublika donor respublika idisə, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü işlər həm sənaye, həm kənd təsərrüfatı, həm yüngül sənaye sahələrini böyük dərəcədə inkişaf etdirdi, canlandırdı və insanlar o dövrü xatırlayırlar. Bir də ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır”.

   Bəli, Yeni Azərbaycan Partiyasının VII qurultayında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin proqram xarakterli, müasir dövrün, 44 günlük İkinci Qarabağ müharibəsində Qələbəmizin yaratdığı yeni reallıqları özündə əks etdirən nitqi bütün partiya üzvləri üçün yeni vəzifələr müəyyənləşdirdi.  Əlamətdar hadisələrdən biri də məhz Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi oldu. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın belə mötəbər vəzifəyə təyin olunması YAP-ın fəaliyyətinə daha  güclü təsir göstərdi. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanın inkişafında, beynəlxalq miqyasda yüksək imici olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.

    Bu gün Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirir. Qarşıda duran əsas vəzifələrdən ən başlıcası ulu öndərin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, dünyanın qüdrətli dövlətləri sırasında öz yerini qorumaqdır.

 

Nurəngiz Adilqızı.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi