Çanaqqala döyüşü, türk əsgərinin qürur mənbəyidir
Mart ayının 18-də yalnız Türkiyə deyil, dünya hərb tarixinə ən böyük döyüşlərdən biri kimi daxil olan Çanaqqala savaşının 109 ili tamam olur.
Bəli, Türk tarixinin şərəf nöqtəsi olan Çanaqqala döyüşündən bizi 109 il ayırır və zaman keçdikcə unudulmur, köhnəlmir, həmişə xatırlanır. Birinci Dünya müharibəsində 1915-1916-cı illərdə Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş verən döyüş sözün həqiqi mənasında bir millətin gücünü ortaya çıxararaq onun nəyə qadir olduğunu göstərən savaş olub.
Osmanlı dövləti Birinci Dünya müharibəsinə qoşulduqdan az sonra - 1914-cü il noyabrın 14-də "cihad" elan etdi. Məqsəd Osmanlı sərhədləri xaricindəki 200 milyondan artıq müsəlmandan, o cümlədən Rusiyadakı türk-müsəlman zümrələrdən geniş ölçüdə faydalanmaq və bütün türk-islam dünyasını Antanta dövlətlərinə qarşı mübarizəyə qaldırmaq idi. Lakin bu plan özünü doğrultmadı. Bununla belə Osmanlı sultanının bu çağırışına Türkiyənin xaricində, Antanta ölkələrinin nəzarətində və müstəmləkələrində yaşayan müsəlmanlardan müsbət cavab verənlər də oldu. Qafqaz və Cənubi Azərbaycanda yaşayan türk-müsəlman əhalini xüsusilə qeyd etmək lazımdır.
Azərbaycanlılar Osmanlı ordusu sıralarına 1918-ci ildə daxil olmuş və Qafqaz İslam Ordusu tərkibində yer almış, Bakı və Dağıstan əməliyyatlarında vuruşub, qazi olmuş, qəhrəmanlıqlar göstərmişdilər.
1920-ci ildə Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Türkiyəyə keçərək istiqlal döyüşünə qoşulan, qazi və şəhid olan azərbaycanlılar da az deyildi. İstər Balkan müharibələri, istər Birinci Dünya müharibəsi, istərsə də Milli Mücadilə dövründə Osmanlı ordusuna könüllülər qoşulmaqla yanaşı, həm də Azərbaycandan Türkiyəyə müxtəlif yardımlar da göndərilib. Rusiya hakimiyyət orqanlarının ciddi nəzarətinə baxmayaraq, Azərbaycan xalqı hər çətinlikdə Osmanlı dövlətinin yanında oldu və ona yardım etdi. Nargin adasındakı türk əsirlərinə yardım edilməsi, onların qaçırılmasının təşkili ilə bağlı arxivlərdə kifayət qədər sənəd var. Bütün bu tarixi faktlar Azərbaycan-Türkiyə qardaşlığının dərin köklərə malik olduğunu və 1918-ci ildə təşkil edilən Qafqaz İslam Ordusunun da bu möhkəm mənəvi özülün üzərində qurulduğunu ortaya qoydu.
1915-ci ildə Antanta dövlətləri Çanaqqala boğazını, daha sonra İstanbulu ələ keçirərək Osmanlı imperiyasını diz çökdürmək niyyətində idilər. Müttəfiqlər boğazları ələ keçirməklə Rusiyaya yardım etməyi və ən əsası Osmanlı imperiyasını çökdürməklə Almaniyanı mühüm bir müttəfiqindən məhrum etməyi və bu yolla cəbhə xəttini daraldıb müharibəni tezliklə bitirməyi planlaşdırırdılar. Lakin Antantanın bütün texniki üstünlüklərinə baxmayaraq, Çanaqqalada da mənəvi güc üstün gəldi. Türk əsgəri Vətən uğrunda mübarizədə dünyaya bir qəhrəmanlıq dərsi keçdi. Çanaqqala döyüşü və ya Çanaqqaladakı türk zəfəri olmasaydı, Birinci Dünya müharibəsinin nəticələri tamam başqa cür olardı. Bu zəfər olmasaydı İngiltərə, Fransa dövlətləri Almaniyanı mühüm müttəfiqindən məhrum edərək Şərq cəbhəsində Rusiyanı dəstəkləyəcək və müharibənin taleyini tezliklə öz xeyirlərinə həll edəcək, Osmanlı ərazilərini də öz aralarında bölüşdürəcəkdilər.
Çanaqqala döyüşü mənəvi gücün maddi və texniki üstünlüklər üzərində qalibiyyət simvoludur. Türk əsgərini nəyin bahasına olursa olsun, öz şərəfini, ləyaqətini, əqidəsini qoruma gücündə olduğunu göstərən bir meydandır Çanaqqala zəfəri. Həm də Çanaqqala döyüşü türk əsgərinin qürur mənbəyidir. Bu qələbədə Azərbaycanın da payı vardır. Həmin qələbədən sonra Azərbaycan milli hərəkatı özünün keyfiyyətcə ən yüksək mərhələsinə daxil oldu və bu da öz məntiqi yekunu kimi 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin yaranması ilə nəticələndi.
1915-ci ildə türk torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə azərbaycanlılar da şəhid oldu. Çanaqqala döyüşünün 100-cü ildönümü münasibətilə Çanaqqala Şəhidliyi Kompleksində keçirilmiş tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev komplekslə tanışlıq zamanı döyüşlərdə şəhid olmuş azərbaycanlı döyüşçülərin xatirəsinin əbədiləşdirilməsinə dair göstəriş verdi. 2022-ci ilin dekabrında Çanaqqala Savaşları Gelibolu Tarixi Sahəsində ayrılmış ərazidə abidənin təməli qoyuldu. 2023-cü il martın 18-də isə Çanaqqala Zəfərinin 108-ci ildönümünə həsr olunmuş anım mərasimində abidənin açılışı oldu.
Heykəltaraş Tural Rzaquliyevin layihəsinə əsasən Bakıda hazırlanmış və milli ornamentlərin əks olunduğu barelyefdə çiyin-çiyinə vuruşan Azərbaycan və Türkiyə əsgərləri təsvir edilib. Abidə həm də Azərbaycan-Türkiyə qardaşlığının əbədi simvoludur.
Lider-Media.az