MICHELIN Guide Türkiyənin qastronomiya mənzərəsini gözlər önünə sərəcək - dünya səviyyəsində



MICHELIN Guide Türkiyənin ilk ümummilli seçimini bu ilin dekabrında açıqlayacaq
2027-ci il üzrə seçim İstanbulda, Divan Kuruçeşme məkanında keçiriləcək mərasimdə təqdim olunacaq.
İlk dəfə Türkiyənin qastronomiya mənzərəsi ümummilli miqyasda əhatə ediləcək.
MICHELIN Guide müfəttişləri ölkənin regional kulinariya ənənələrini və yeni qastronomiya məkanlarını araşdırmaqda davam edirlər.
Michelin şirkəti 2027-ci il üzrə MICHELIN Guide Türkiyənin ilk ümummilli seçiminin cari ilin dekabr ayının 3-də İstanbulda açıqlanacağını elan edib. Divan Kuruçeşme məkanında keçiriləcək mərasimdə seçimə daxil olan restoranlar və qonaqpərvərlik sahəsinin peşəkarlarına təqdim ediləcək xüsusi mükafatların qalibləri açıqlanacaq.
2022-ci ildə İstanbuldan başlayan MICHELIN Guide Türkiyə seçimi sonradan İzmir, Muğla və Kapadokyanı da əhatə edib. İlk ümummilli seçim ölkənin müxtəlif bölgələrinin kulinariya ənənələrini, qastronomiya zənginliyini və müasir meyillərini daha geniş auditoriyaya təqdim edəcək.
MICHELIN Guide-ın beynəlxalq direktoru Gwendal Poullennec bildirib ki, Türkiyədə fəaliyyətə başladıqları ilk gündən bu ölkənin qeyri-adi kulinariya zənginliyi onları heyran edib. Vurğulayıb ki, ilk ümummilli seçim bu zəbnginliyi və müxtəlifliyi daha geniş auditoriyaya çatdırmağa imkan verəcək.
Mərasimdə seçimə ilk dəfə daxil edilən restoranların aşpazları və MICHELIN ulduzlarına layiq görülmüş restoranların nümayəndələri iştirak edəcəklər. 2027-ci il üzrə tam seçim tədbirdən dərhal sonra bələdçinin rəsmi internet saytında və mobil tətbiqində yayımlanacaq.
MICHELIN Guide-ın qiymətləndirmə metodologiyası
1900-cü ildə Michelin şirkəti tərəfindən avtomobillə səyahəti təşviq etmək məqsədilə yaradılan MICHELIN Guide bu gün dünyanın aparıcı restoranlarını və qastronomiya məkanlarını tanıdan beynəlxalq bələdçidir.
Restoranlar beş universal meyar əsasında qiymətləndirilir:
İnqrediyentlərin keyfiyyəti;
Bişirmə texnikalarına yiyələnmə;
Dadların ahəngi;
Aşpazın peşəkarlığının yeməklərdə əks olunması;
Menyunun bütövlüyü və keyfiyyətin davamlılığı.
Qiymətləndirmələr bütün ölkələrdə eyni metodologiyanı tətbiq edən, kimliklərini açıqlamayan müstəqil müfəttişlər tərəfindən aparılır. Restoranların seçimə daxil edilməsi yalnız mətbəxin keyfiyyətinə əsaslanır.
MICHELIN Guide restoranlarla yanaşı, seçilmiş hotelləri də təqdim edir. Onların ən fərqlənənləri dizaynı, memarlığı, xidmət səviyyəsi və özünəməxsus xarakteri ilə qonaqlara xüsusi təcrübə qazandırdıqlarına görə MICHELIN Keys mükafatına layiq görülür. Hotellərlə tanış olmaq və rezervasiya etmək bələdçinin rəsmi internet saytı və mobil tətbiqi vasitəsilə mümkündür.