lider-media.az

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Baxış: 1121 Tarix: Сегодня, 12:24

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 481 (Cild I); 2025, № 2, maddə 109) ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.2-ci bənd üzrə:

1.1.1. 1.2.1-ci yarımbənddə “proqram təminatlarının hazırlanması, inkişaf etdirilməsi” sözləri “bu Əsasnamənin 8.10-cu bəndində nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsi” sözləri ilə əvəz edilsin;

1.1.2. 1.2.4-cü yarımbəndə üçüncü halda “şəxs” sözündən sonra “, o cümlədən frilanser və rəqəmsal səyyah” sözləri əlavə edilsin;

1.1.3. aşağıdakı məzmunda 1.2.4-1-ci yarımbənd əlavə edilsin:

“1.2.4-1. texnoparkın qeyri-rezidenti ‒ idarəedici təşkilatla (operatorun mülkiyyətində olan infrastruktur obyektlərinə münasibətdə ‒ operatorla) texnoparkın infrastrukturunun icarəsinə dair bağlanılmış müqavilə əsasında texnoparkın ərazisində sahibkarlıq fəaliyyətini (texnoparkın rezidentlərinə mal, iş və xidmətlərin təqdim edilməsini) həyata keçirən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;”;

1.1.4. 1.2.5-ci, 1.2.9-cu, 1.2.13-cü və 1.2.14-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“1.2.5. innovasiya və ya yüksək texnologiya layihəsi (bundan sonra ‒ innovasiya layihəsi) – elmi tədqiqatlar və təcrübə-konstruktor işləri əsasında innovasiya məhsulunun, o cümlədən rəqəmsal texnologiyaların formalaşdırılmasını, sınaqdan keçirilməsini, təkmilləşdirilməsini və bazara çıxarılmasını əhatə edən, layihənin məqsədi və yenilik dərəcəsi, texnoloji hazırlıq səviyyəsi, texniki və funksional xüsusiyyətləri, gözlənilən nəticələri və onların ölçülə bilən göstəriciləri, tətbiq və kommersiyalaşdırma imkanları, əqli mülkiyyət hüquqları, maliyyələşmə mənbələri və iqtisadi səmərəliliyi, kadr və institusional potensialı, risklərin idarə olunması tədbirləri, habelə həyata keçirilmə müddəti və mərhələlər üzrə icra planını özündə əks etdirən kompleks layihə sənədi;”;

“1.2.9. texnologiya transferi – elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri nəticəsində əldə edilmiş texnologiyanın (o cümlədən əqli mülkiyyət obyektlərinin, proqram təminatının, nou-haunun) mülkiyyətçisi və ya hüquq sahibi tərəfindən digər şəxslərə müqavilə əsasında verilməsi, kommersiyalaşdırılması, ötürülməsi və ya tətbiqinin təmin edilməsi ilə bağlı fəaliyyətin məcmusu;”;

“1.2.13. frilanser – muzdlu işçi cəlb etmədən, bu Əsasnamənin 8.10-cu bəndində nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə mülki hüquqi müqavilə əsasında, müstəqil şəkildə ödənişli xidmət göstərən və ya iş yerinə yetirən, texnoparkın rezidenti olan fiziki şəxs;

1.2.14. rəqəmsal səyyah – rəqəmsal texnologiyalar, süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahəsində fəaliyyətini informasiya və kommunikasiya texnologiyaları vasitəsilə distant həyata keçirməklə, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs;”;

1.1.5. aşağıdakı məzmunda 1.2.15 – 1.2.20-ci yarımbəndlər əlavə edilsin:

“1.2.15. rəqəmsal texnologiya – məlumatların rəqəmsal formada yaradılmasını, toplanılmasını, emalını, saxlanılmasını, ötürülməsini və istifadəsini təmin edən, proqram təminatı, qurğular, vasitələr, telekommunikasiya şəbəkələri və əlaqəli sistemlər toplusu olan, iqtisadi, sosial və idarəetmə fəaliyyətlərinin avtomatlaşdırılmasına, optimallaşdırılmasına və innovativ inkişafına xidmət edən texnoloji həllər;

1.2.16. süni intellekt texnologiyası – statistika və ya digər riyazi texnika ilə bağlı hesablama metodlarından istifadə edərək, insan zəkası tələb olunan funksiyaları (proqnozlaşdırma, planlaşdırma, təsnifatlaşdırma, nümunənin tanınması, təşkili və qavrayışı, nitqin, səsin və şəklin tanınması, mətnin, səsin və şəklin yaradılması, dil tərcüməsi, ünsiyyət qurma, öyrənmə, problemlərin həlli və s.) yerinə yetirən, bununla da insanlar tərəfindən müəyyənləşdirilmiş məqsədlər çərçivəsində məzmun, ehtimal, məsləhət və ya qarşılıqlı əlaqədə olduqları mühitlərə təsir edən qərarlar kimi nəticələr yaradan, insanların qərar qəbul etmələrinə və digər proseslərə kömək edən, onları əvəzləyə bilən alqoritmik sistem və ya belə sistemlərin kombinasiyası;

1.2.17. innovasiya məhsulu – texnoloji qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlmiş, yeni yaradılmış və ya xassələrinə, tətbiq sahəsinə və (və ya) istifadə formasına görə əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənən (əsaslı şəkildə təkmilləşdirilmiş), iqtisadi, sosial və ya ekoloji səmərə verən, istehlakçıya təqdim edilmiş (bazara çıxarılmış) və ya təcrübədə tətbiq olunmuş, yaxud normativ hüquqi aktlara uyğun olaraq patent (ixtira, faydalı model və sənaye nümunəsi) kimi qeydiyyata alınmasını təsdiq edən sənəd ilə təsdiqlənmiş məhsul (iş, xidmət) və ya texnoloji həll;

1.2.18. kibertəhlükəsizlik – informasiya infrastrukturunun kibertəhdidlərdən, kiberhücumlardan və kiberinsidentlərdən mühafizə edilməsi və kiberdayanıqlılığının (kiberinsidentlərə qarşı davamlılıq, həmin insidentlər zamanı fəaliyyətin saxlanılması və sonradan operativ bərpası qabiliyyəti) təmin edilməsi;

1.2.19. elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işləri – elm və texnologiya sahəsində mövcud elmi və ya texnoloji qeyri-müəyyənliklərin aradan qaldırılmasına, yeni biliklərin əldə edilməsinə, habelə yeni və ya əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş texnologiyaların, proqram təminatlarının, məhsulların, xidmətlərin və ya proseslərin yaradılmasına yönəlmiş, həmçinin yenilik, yaradıcılıq, sistemlilik və təkrar istehsal oluna (ötürülə) bilmə meyarlarına məcmu şəkildə cavab verən fəaliyyət;

1.2.20. bulud hesablama xidmətləri – proqram təminatı, tətbiqlər, platformalar, o cümlədən infrastrukturun, platformanın və proqram təminatının xidmət kimi təqdim edilməsi modelləri daxil olmaqla, şəbəkələr, serverlər, məlumat saxlama sistemləri və digər konfiqurasiya edilə bilən hesablama resurslarının ortaq fonduna internet və ya digər telekommunikasiya şəbəkələri vasitəsilə məsafədən, istifadəçinin tələbinə uyğun çıxışın təmin edilməsi fəaliyyəti.”;

1.2. 4-cü hissə üzrə:

1.2.1. 4.1-ci bənddən “olaraq idarəedici təşkilat tərəfindən” sözləri çıxarılsın;

1.2.2. 4.9-cu və 4.10-cu bəndlər aşağıdakı redaksiyada verilsin:

“4.9. Texnoparkın infrastrukturu (operatorun xüsusi mülkiyyətində olan infrastruktur obyektləri istisna edilməklə) və texnoparkın ərazisində idarəedici təşkilat tərəfindən yaradılan istehsal sahələri dövlət mülkiyyəti hesab olunur.

4.10. Texnoparkın ərazisində texnoparkın operatoru və rezidenti tərəfindən yaradılan istehsal sahələri, habelə operator, rezident və qeyri-rezident tərəfindən quraşdırılan avadanlıq və qurğular onların mülkiyyəti hesab olunur.”;

1.2.3. aşağıdakı məzmunda 4.10-1-ci bənd əlavə edilsin:

“4.10-1. İdarəetmə sazişində başqa qayda nəzərdə tutulmayıbsa, həmin sazişin müddəti bitdikdə, operatorun mülkiyyətində olan infrastruktur obyektləri tərəflərin qarşılıqlı razılığı və ya sazişdə nəzərdə tutulan kompensasiya şərtləri əsasında idarəetmə sazişində müəyyən edilən təhvil-təslim proseduru əsasında, üçüncü şəxslərin hüquqları və yüklülüklər nəzərə alınmaqla, idarəedici təşkilatın mülkiyyətinə verilə bilər. Elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması məqsədilə texnoparkın rezidentinin vəsaiti hesabına qurulan istehsal sahəsi, avadanlıq və qurğular rezidentin mülkiyyəti hesab edilir.”;

1.3. 8-ci hissə aşağıdakı redaksiyada verilsin:

“8. TEXNOPARKIN REZİDENTİNİN FƏALİYYƏTİ

8.1. Texnoparkın rezidenti fəaliyyətini bu Əsasnaməyə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına, həmçinin idarəedici təşkilatla (operatorla) bağladığı müqaviləyə (texnoparkda fəaliyyət göstərən rezidentə münasibətdə) əsasən həyata keçirir.

8.2. Texnoparkın rezidenti kimi fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslər, o cümlədən frilanserlər və rəqəmsal səyyahlar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Əsasnaməyə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydaya uyğun olaraq qeydiyyatdan keçərək, texnoparkın qeydiyyat şəhadətnaməsini almalıdırlar. Texnoparkın qeydiyyat şəhadətnaməsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Texnoparkda fəaliyyət göstərən rezidentə qeydiyyat şəhadətnaməsi idarəedici təşkilat, texnoparkdan kənar fəaliyyət göstərən rezidentə isə qeydiyyat şəhadətnaməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən verilir.

8.3. Frilanserlər və rəqəmsal səyyahlar texnoparkların rezidentləri üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək üçün vergi orqanında qeydiyyata (uçota) alındıqdan sonra texnoparkın rezidenti olaraq qeydiyyatdan keçməli və texnoparkın qeydiyyat şəhadətnaməsini almalıdırlar.

8.4. Hüquqi və fiziki şəxslər texnoparkın rezidenti kimi qeydiyyatdan keçmək üçün aidiyyəti üzrə idarəedici təşkilata və ya Nazirliyə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə müraciət edirlər. Ərizəyə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsində qeyd edilən sənədlər, ərizəçinin texnoparkda həyata keçirmək istədiyi sahibkarlıq fəaliyyəti barədə məlumatlar (bu Əsasnamənin 8.10-cu bəndində nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə) və müraciət edən şəxsin statusundan asılı olaraq aşağıdakı sənədlər və məlumatlar əlavə edilir:

8.4.1. innovasiya layihəsi (layihənin adı və qısa təsviri, həyata keçiriləcək elmi tədqiqatlar və ya təcrübə-konstruktor işləri, hazırlanacaq innovasiya məhsulu (istifadə edilən rəqəmsal həllər), layihənin nəzərdə tutulan başlanma tarixi və müddəti, yaradılması planlaşdırılan yeni iş yerlərinin sayı, layihə üzrə əqli mülkiyyət hüquqları haqqında məlumat) və (və ya) biznes-plan (hədəf bazar və müştəri dairəsi (bu Əsasnamənin 8.10.7-ci yarımbəndində qeyd edilən fəaliyyət istiqamətlərinə münasibətdə xidmətlərin yalnız xarici bazarlara (ixraca) yönəldiyi öz əksini tapmalıdır), təqdim ediləcək məhsulun (istifadə edilən rəqəmsal həllərin) və ya xidmətin xüsusiyyətləri, satış kanalları, gəlir proqnozu, xərc istiqamətləri və əgər varsa, tələb edilən investisiya həcmi və mənbələri);

8.4.2. vergilərin və digər icbari ödənişlərin ödənilməsi ilə bağlı borcun olmamasını təsdiq edən sənəd;

8.4.3. müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün qanunla nəzərdə tutulan müvafiq lisenziya və ya icazə;

8.4.4. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması;

8.4.5. bu Əsasnamənin 8.10-cu bəndi nəzərə alınmaqla, müvafiq sahədə təhsil almış, o cümlədən əlavə təhsil müəssisələrini bitirmiş və ya azı 1 (bir) il iş təcrübəsi olan mütəxəssislərə malik olması (frilanserlər və rəqəmsal səyyahlar istisna olmaqla);

8.4.6. frilanserlər və rəqəmsal səyyahlar tərəfindən – fəaliyyət planı (göstəriləcək xidmətlərin və ya görüləcək işlərin qısa təsviri, istifadə ediləcək rəqəmsal texnologiyalar və hədəf bazar və müştəri dairəsi).

8.5. Qeydiyyat prosedurunun ümumi müddəti müraciətin qeydiyyata alındığı tarixdən etibarən 7 (yeddi) iş günüdür.

8.6. İdarəedici təşkilat və Nazirlik ərizəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edir və qeydiyyata alır, eləcə də ərizənin qeydiyyata alındığı tarixdən ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə olunmuş sənədlərin bu Əsasnamənin 8.4-cü bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan, ərizəçinin texnoparkın rezidenti kimi qeydiyyata alınmasından imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, idarəedici təşkilat və Nazirlik ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq, onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar ərizəçiyə eyni vaxtda bildirilməlidir.

8.7. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman qeydiyyat müddətinin axımı dayandırılır və dayandırılmış müddət qeydiyyat prosedurunun müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi ərizədə və ona əlavə olunmuş sənədlərdə aşkarlanmış çatışmazlıqları bu bənddə göstərilən müddətdə aradan qaldırmadıqda, idarəedici təşkilat və Nazirlik ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edir. Ərizəçi aşkarlanmış çatışmazlıqları aradan qaldırdıqdan sonra texnoparkın rezidenti kimi qeydiyyata alınması üçün təkrar ərizə ilə aidiyyəti üzrə idarəedici təşkilata və ya Nazirliyə müraciət edə bilər.

8.8. İdarəedici təşkilat və Nazirlik ərizəçinin fəaliyyətinin bu Əsasnamənin 8.10-cu bəndində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğunluğunu, eləcə də innovasiya layihəsini və biznes-planı qiymətləndirmək üçün təqdim etdiyi sənədləri və məlumatları texnoparkın ekspertlər şurasına göndərirlər. Texnoparkın ekspertlər şurasını səlahiyyətli orqan, dövlət elm və təhsil müəssisəsi yanında yaradılan texnoparka münasibətdə isə həmin müəssisə yaradır. Texnoparkın ekspertlər şurasının tərkibinə informasiya və kommunikasiya texnologiyaları, proqram mühəndisliyi, süni intellekt, kibertəhlükəsizlik, yüksək texnologiyalar, innovasiyaların idarə edilməsi, vençur maliyyələşməsi və investisiya, texnoloji sahibkarlıq, əqli mülkiyyət, maliyyə və ya iqtisadiyyat sahələrindən biri üzrə ali təhsilə və müvafiq sahədə ən azı 3 (üç) il peşəkar iş təcrübəsinə, habelə innovasiya layihələrinin və biznes-planların qiymətləndirilməsi, texnoloji məhsulların yaradılması və kommersiyalaşdırılması, elmi tədqiqat və ya startapların inkişaf etdirilməsi istiqamətlərində praktiki təcrübəyə malik mütəxəssislər cəlb edilirlər. Ekspertlər şurası dövlət orqanlarının (qurumlarının), elm, təhsil, investisiya, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələri, müstəqil yerli və xarici ekspertlərin iştirakı ilə 7 (yeddi) nəfərdən (3 (üç) nümayəndə dövlət orqanının (qurumunun) əməkdaşı olmaq şərtilə) ibarət tərkibdə təşkil edilir. Texnoparkın ekspertlər şurası Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

8.9. Ərizəçinin təqdim etdiyi innovasiya layihəsi və biznes-plan aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

8.9.1. texnoparkın fəaliyyət profilinə uyğunluq, habelə mövcud rezidentlər və universitetlər/tədqiqat mərkəzləri ilə kollektiv əməkdaşlıq yaratmaq potensialı;

8.9.2. elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi, innovasiya məhsulunun hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi, xidmətlər göstərilməsi üzrə bu Əsasnamənin 8.10-cu bəndində qeyd edilən fəaliyyət istiqamətlərinə uyğunluq;

8.9.3. innovasiya və ya rəqəmsal texnologiya yönlü olma, qabaqcıl rəqəmsal həllərdən istifadə etmə (xidmətlərin göstərilməsi istisna olmaqla);

8.9.4. iqtisadi səmərəlilik, o cümlədən xarici bazarlara ixrac potensialı;

8.9.5. kommersiyalaşdırma potensialı, kənar vençur kapitalı və ya investisiya cəlbetmə qabiliyyəti;

8.9.6. yerli mütəxəssisləri hazırlama və ya onlar üçün yüksəkixtisaslı iş yerləri yaratma.

8.10. Ərizəçinin fəaliyyətinin aşağıdakı istiqamətlərə uyğunluğu qiymətləndirilir:

8.10.1. proqram təminatı, informasiya sistemləri (ehtiyatları) və sistem inteqrasiyası üzrə:

8.10.1.1. informasiya sistemlərinin (ehtiyatlarının), proqram təminatının, o cümlədən xüsusi proqram məhsullarının, avtomatlaşdırılmış idarəetmə sistemlərinin, aparat və proqram həllərinin, aparat-proqram komplekslərinin, korporativ informasiya sistemlərinin, rəqəmsal xidmətlərin və elektron platformaların layihələndirilməsi, hazırlanması, təkmilləşdirilməsi, prototipləşdirilməsi, tətbiqi, inteqrasiyası;

8.10.1.2. kompüter sistemləri və əlaqəli komponentlərin layihələndirilməsi, hazırlanması, təkmilləşdirilməsi, habelə onların iş (xidmət) proseslərinə inteqrasiyası və tətbiqi;

8.10.1.3. rəqəmsal texnologiyaların (energetika, karbon emissiyalarının və tullantıların idarəedilməsi, səhiyyə, biotexnologiya, maliyyə və s. sahələrdə) və texnoloji həllərin, tənzimləyici texnologiyaların, sığorta texnologiyalarının, habelə xüsusi sahələr (müdafiə sənayesi, aviasiya, kosmik texnologiyalar, peyk rabitəsi, ikili təyinatlı texnologiyalar, energetika, karbon emissiyaları, tullantıların idarə olunması, səhiyyə və biotexnologiyalar) üçün rəqəmsal texnologiyaların, aparat və proqram həllərinin layihələndirilməsi, hazırlanması, təkmilləşdirilməsi və tətbiqi;

8.10.1.4. proqram təminatının nəşri və kommersiyalaşdırılması;

8.10.2. oyun texnologiyaları və yaradıcı texnologiyalar üzrə:

8.10.2.1. qrafik mühərriklərin, oyundaxili interaktiv mexanizmlərin, mikrotranzaksiya sistemlərinin, animasiya məhsullarının və kompüter oyunlarının layihələndirilməsi və hazırlanması;

8.10.2.2. öyrədici platformaların, virtual reallıq və artırılmış reallıq texnologiyalarına əsaslanan həllərin və virtual laboratoriyaların layihələndirilməsi, hazırlanması və təkmilləşdirilməsi;

8.10.3. əşyaların interneti, mikroelektronika, robototexnika və ağıllı sistemlər üzrə:

8.10.3.1. əşyaların interneti, robototexnika, pilotsuz idarəetmə, uzaqdan monitorinq, telemetriya və ağıllı sensor şəbəkələrinə əsaslanan sistemlərin layihələndirilməsi, hazırlanması və təkmilləşdirilməsi;

8.10.3.2. radar, radionaviqasiya, radioəlaqə, radioidarəetmə, radiotezlik identifikasiyası və mikroelektronika əsaslı sistemlər üçün proqram və aparat həllərinin layihələndirilməsi, hazırlanması və təkmilləşdirilməsi;

8.10.3.3. elektron layihələndirmə avtomatlaşdırılması, yarımkeçiricilərin (mikrosxemlərin), mikro-, opto- və nanoelektronika, mikroelektromexanika komponentlərinin dizaynı, hazırlanması və təkmilləşdirilməsi;

8.10.3.4. mexatronika texnologiyalarının, quraşdırılmış sistemlərin, aparat-proqram vasitələrinin, aparat-proqram komplekslərinin, komponentlərin və kompüter texnikasının hazırlanması və tətbiqi;

8.10.4. süni intellekt texnologiyası, məlumatların təhlili və alqoritmik modellər üzrə:

8.10.4.1. təbii dil emalı, generativ modellər, təsvir, səs, video və kod generasiyası üzrə həllərin layihələndirilməsi, hazırlanması və təkmilləşdirilməsi;

8.10.4.2. prediktiv analitika, qərar dəstəyi sistemləri, koqnitiv proseslərin avtomatlaşdırılması, neyron şəbəkələri və süni intellekt texnologiyası üzrə alqoritmlərin yaradılması, öyrədilməsi və tətbiqi;

8.10.4.3. avtonom nəqliyyat vasitələrini avtomatlaşdırılmış idarəetmə sistemlərinin, sənaye robotları və ağıllı cihazlar üçün hesablama alqoritmlərinin, idarəetmə və naviqasiya sistemlərinin layihələndirilməsi, hazırlanması və təkmilləşdirilməsi;

8.10.5. bulud hesablama xidmətləri, məlumat infrastrukturu və rəqəmsal platformalar üzrə:

8.10.5.1. böyükhəcmli məlumatların toplanılması, saxlanılması, emalı, strukturlaşdırılması, arxivləşdirilməsi, bərpası və analitikası üçün sistemlərin layihələndirilməsi, hazırlanması və təkmilləşdirilməsi;

8.10.5.2. IaaS, PaaS və SaaS modelləri üzrə bulud texnologiyalarının layihələndirilməsi, hazırlanması, təkmilləşdirilməsi və inteqrasiyası;

8.10.5.3. məlumatların server və ya bulud infrastrukturunda yerləşdirilməsi, saxlanılması və əlçatanlığının təmin edilməsi üzrə məlumat mərkəzi, ehtiyat surətlərin çıxarılması, arxivləşdirmə, məlumatların bərpası, telematik (verilənlərin məsafədən avtomatlaşdırılmış ötürülməsi, emalı və monitorinqi) xidmətlər, məsafədən hesablama, rəqəmsal məzmunun çatdırılması şəbəkələri üzrə xidmətlər;

8.10.5.4. onlayn platformaların proqram təminatının yaradılması və inkişaf etdirilməsi;

8.10.5.5. blokçeyn və digər paylanmış mərkəzləşdirilməmiş informasiya sistemlərinə əsaslanan və ya onlardan istifadə edən proqram və aparat-proqram həllərinin hazırlanması və tətbiqi;

8.10.6. kibertəhlükəsizlik və informasiya mühafizəsi üzrə:

8.10.6.1. kibertəhlükəsizliyi təmin edən sistemlərin, kriptoqrafik informasiya mühafizəsi vasitələrinin, təhlükəsiz rabitə sistemlərinin, məlumatların şifrələnməsi və məlumat sızıntılarının qarşısının alınması alqoritmlərinin layihələndirilməsi, hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;

8.10.6.2. kibertəhdidlərin kəşfiyyatı, təhlükəsizlik monitorinqi, kiberhücum simulyasiyaları, zəifliklərin və proqram boşluqlarının aşkarlanması;

8.10.6.3. rəqəmsal identifikasiya, elektron identifikasiya (e-ID), elektron imza, açar idarəetməsi və digər etimad xidmətləri ilə bağlı texniki həllərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;

8.10.7. hüquqi şəxslərin digər fəaliyyətlə məşğul olmadan yalnız aşağıdakı rəqəmsal xidmətlərin ixracı üzrə həyata keçirdiyi fəaliyyət:

8.10.7.1. rəqəmsal texnologiyalar, o cümlədən sistem arxitekturası, rəqəmsal transformasiya, kibertəhlükəsizlik, inteqrasiya olunmuş informasiya sistemləri, sistem və biznes təhlili, texniki tələblərin hazırlanması, biznes proseslərinin rəqəmsallaşdırılması və reinjinirinqi (mövcud sistem və ya texnologiyanın səmərəliliyinin artırılması məqsədilə fəaliyyət və idarəetmə proseslərinin yenidən layihələndirilməsi və ya dəyişdirilməsi) üzrə texnoloji həllərin yaradılması ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi;

8.10.7.2. informasiya sistemlərinin (ehtiyatlarının) və proqram təminatı kodunun, məlumat bazalarının, şəbəkə infrastrukturunun və kibertəhlükəsizliyin auditi;

8.10.7.3. proqramlaşdırma, sistem və şəbəkə inzibatçılığı, verilənlərin (məlumatların) təhlili və idarə edilməsi, kibertəhlükəsizlik, bulud texnologiyaları və süni intellekt kimi yalnız informasiya texnologiyaları sahələri üzrə təlim xidmətlərinin göstərilməsi, o cümlədən kursların, tədris modullarının təşkili və həyata keçirilməsi.

8.11. İnnovasiya layihəsinin və biznes-planın bu Əsasnamənin 8.9-cu bəndində nəzərdə tutulan meyarlara, ərizəçinin fəaliyyətinin isə bu Əsasnamənin 8.4-cü bəndində nəzərdə tutulan tələblərə və 8.10-cu bəndində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğunluğunun (o cümlədən 8.10.7-ci yarımbənd üzrə fəaliyyətlərin yalnız ixraca yönəlməsinin) texnoparkın ekspertlər şurası tərəfindən qiymətləndirilməsi bu Əsasnamədə və texnoparkın ekspertlər şurası haqqında əsasnamədə müəyyən edilən qaydada ekspertlərin iştirakı ilə əyani formada və ya informasiya texnologiyalarından istifadə etməklə distant formada həyata keçirilir. Qiymətləndirmə ərizəçinin fəaliyyətinin, innovasiya layihəsinin və ya biznes-planının bu Əsasnamənin 8.9-cu bəndi ilə müəyyən edilmiş meyarlara uyğun olub-olmadığına dair müvafiq rəy hazırlanmasından ibarətdir. Bu Əsasnamənin 8.9-cu bəndində nəzərdə tutulmuş hər bir meyar üzrə qiymətləndirmə texnoparkın ekspertlər şurasının üzvləri tərəfindən fərdi qaydada həyata keçirilir və hər bir üzv müvafiq meyar üzrə 0 və ya 1 bal verir. Hər bir meyar üzrə yekun bal şuranın üzvlərinin verdikləri balların sadə səs çoxluğu əsasında müəyyən edilir. Texnoparkın ekspertlər şurası üzvlərinin yarıdan çoxu tərəfindən müsbət qiymətləndirilmiş meyar üzrə 1 bal, digər hallarda isə 0 bal verilir. Texnoparkın ekspertlər şurasının hər bir üzvünün verdiyi qiymətlər və onların əsaslandırılması iclas protokolunda əks etdirilir. Texnoparkın ekspertlər şurasının üzvü qiymətləndirmə zamanı maraqlar toqquşması (ərizəçinin səlahiyyətli nümayəndəsi, işçisi və ya vəzifəli şəxsi, eləcə də hüquqi şəxs olan subyektin benefisiar mülkiyyətçisi, idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-1-ci maddəsinə əsasən aidiyyəti olan şəxs, fiziki və hüquqi şəxs olan ərizəçinin idarəetmə orqanları üzvlərinin qohumları (ər-arvadlar, valideynlər, övladlar, övladlığa götürənlər, övladlığa götürülmüş şəxslər, babalar, nənələr, nəvələr, doğma (ögey) bacılar və qardaşlar, bacı və qardaşların övladları, bacıların ərləri, qardaşların arvadları, valideynlərin bacıları və qardaşları, ər-arvadların valideynləri, bacıları və qardaşları olması) olduqda, həmin qiymətləndirmədə və səsvermədə iştirak etmir. Bu hal iclas protokolunda qeyd edilir. Texnoparkın ekspertlər şurası ərizəçinin fəaliyyəti, innovasiya layihəsi və ya biznes-planı haqqında ətraflı məlumat almaq, layihənin perspektivini və səmərəliliyini düzgün qiymətləndirmək məqsədilə kənar mütəxəssislərin və ixtisaslaşmış qurumların rəylərini öyrənir, ərizəçilərlə görüşlər keçirir.

8.12. Qiymətləndirməyə dair texnoparkın ekspertlər şurasının rəyi şura iclasının qərarı ilə təsdiq olunur və bu Əsasnamənin 8.4-cü bəndində nəzərdə tutulan sənəd və məlumatların təqdim edildiyi gündən 7 (yeddi) iş günü müddətində yazılı, o cümlədən elektron formalarda aidiyyəti üzrə idarəedici təşkilata və ya Nazirliyə təqdim edilir. Texnoparkın ekspertlər şurasının əsaslandırılmış müraciəti ilə həmin müddət 20 (iyirmi) gündən çox olmayan müddətə uzadıla bilər. Texnoparkın ekspertlər şurasının rəy verməsi üçün bu Əsasnamədə nəzərdə tutulan müddət ərizəçinin texnoparkın rezidenti kimi qeydiyyata alınması ilə bağlı müddətə daxil edilmir.

8.13. Texnoparkın ekspertlər şurasının innovasiya layihəsinin və biznes-planın bu Əsasnamənin 8.9-cu bəndində nəzərdə tutulan meyarlara, ərizəçinin fəaliyyətinin isə bu Əsasnamənin 8.4-cü bəndində qeyd edilən tələblərə və 8.10-cu bəndində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə tam uyğun olmadığına (o cümlədən 8.10.7-ci yarımbənd üzrə fəaliyyətlərin yalnız ixraca yönəlməməsinə) dair rəyi olduqda, aidiyyəti üzrə idarəedici təşkilat və Nazirlik qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində ərizəçinin texnoparkın rezidenti kimi qeydiyyata alınmasından imtina haqqında qərar qəbul edir və bu barədə 2 (iki) iş günü müddətində ərizəçiyə yazılı, o cümlədən elektron formalarda məlumat verir.

8.14. Texnoparkın ekspertlər şurasının innovasiya layihəsinin və biznes-planın bu Əsasnamənin 8.9-cu bəndində nəzərdə tutulan meyarlara, ərizəçinin fəaliyyətinin isə bu Əsasnamənin 8.4-cü bəndində nəzərdə tutulan tələblərə və 8.10-cu bəndində nəzərdə tutulan fəaliyyət istiqamətlərinə tam uyğun olmasına (o cümlədən 8.10.7-ci yarımbənd üzrə fəaliyyətlərin yalnız ixraca yönəlməsinə) dair rəyi əsasında aidiyyəti üzrə Nazirlik və idarəedici təşkilat qeydiyyat prosedurunun ümumi müddəti çərçivəsində ərizəçinin texnoparkın rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və bu barədə, eləcə də texnoparkın qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi haqqında 2 (iki) iş günü müddətində ərizəçiyə yazılı, o cümlədən elektron formalarda məlumat verir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd aidiyyəti üzrə Nazirliyə və idarəedici təşkilata ərizəçi tərəfindən təqdim edildikdən sonra texnoparkın qeydiyyat şəhadətnaməsi 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.5-ci maddəsində nəzərdə tutulan müddətdə aidiyyəti üzrə Nazirliyə və idarəedici təşkilata təqdim edilmədikdə, həmin qurumlar qeyd olunan Qanunun 26.2-ci maddəsində göstərilən tədbirləri görürlər.

8.15. Hüquqi və fiziki şəxslər qeydiyyat şəhadətnaməsinin verildiyi tarixdən texnoparkın rezidenti hesab edilirlər. Texnoparkdan kənar fəaliyyət göstərən texnoparkın rezidenti qeydiyyat şəhadətnaməsinin verildiyi tarixdən, texnoparkda fəaliyyət göstərən rezident isə bu Əsasnamənin 8.16-cı bəndində qeyd olunan müqavilənin imzalandığı tarixdən fəaliyyətə başlayır.

8.16. Texnoparkın rezidenti (texnoparkdan kənar fəaliyyət göstərən rezident istisna olmaqla) qeydiyyat şəhadətnaməsini aldıqdan sonra 10 (on) gün müddətində idarəedici təşkilatla (operatorla) Elektron Hökumət İnformasiya Sisteminin “Mygov Biznes” portalı üzərindən texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair müqavilə və idarəedici təşkilatla (operatorun mülkiyyətində olan infrastruktur obyektlərinə münasibətdə operatorla) texnoparkda fəaliyyət göstərəcəyi sahənin icarə müqaviləsini bağlayır. Ərizəçinin əsaslandırılmış yazılı müraciəti əsasında, müqavilələrin bağlanılması üçün nəzərdə tutulan bu müddət idarəedici təşkilat (operator) tərəfindən bir dəfəyə ən çoxu 10 (on) gün uzadıla bilər.

8.17. İdarəedici təşkilatla (operatorla) texnoparkın rezidenti arasında texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair bağlanılan müqavilədə aşağıdakılar öz əksini tapmalıdır:

8.17.1. texnoparkda həyata keçiriləcək elmi tədqiqatlar və təcrübə-konstruktor işləri, hazırlanacaq innovasiya məhsulu, görüləcək iş və xidmətlər;

8.17.2. innovasiya layihəsi üzrə işlərə başlanılma tarixi;

8.17.3. texnoparkın idarə edilməsinə, həmçinin texnoparkda səmərəli fəaliyyət üçün təşkil olunan xidmətlərə görə haqqın məbləği;

8.17.4. tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti;

8.17.5. tərəflər arasında yaranan mübahisələrin həlli qaydası.

8.18. Texnoparkın rezidentinin vəzifələri aşağıdakılardır:

8.18.1. öz fəaliyyətini müstəsna olaraq Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, bu Əsasnaməyə və idarəedici təşkilatla (operatorla) bağlanılmış müqaviləyə (texnoparkdan kənar fəaliyyət göstərən rezident istisna olmaqla) uyğun təşkil etmək;

8.18.2. icarə haqlarını və texnoparkın saxlanılması ilə bağlı xərcləri ödəmək (texnoparkdan kənar fəaliyyət göstərən rezident istisna olmaqla);

8.18.3. öz fəaliyyəti barədə hesabat-statistik məlumatları tərtib etmək və idarəedici təşkilata təqdim etmək.

8.19. Texnoparkın rezidenti aşağıdakı sənədləri və məlumatları aidiyyəti üzrə idarəedici təşkilata və Nazirliyə təqdim etməlidir:

8.19.1. qeydiyyata alındığı tarixdən sonra rübdə bir dəfə, hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dək bu Əsasnamənin 8.10-cu bəndinə uyğunluğunu təsdiq edən aşağıdakı sənədlərdən (məlumatlardan) birini:

8.19.1.1. innovasiya məhsulunun kommersiyalaşdırılmasını (satışını) və ya xidmət göstərilməsini təsdiq edən mülki hüquqi müqavilələr və ya digər sənədlər;

8.19.1.2. innovasiya məhsulu ödənişsiz əsaslarla dövriyyəyə buraxıldığı (və ya abunəlik modelinə əsaslandığı) hallarda – innovasiya məhsulunun sınaq və ya istismar rejimində fəaliyyət göstərdiyini, istifadəçi (müştəri) bazasının formalaşdırılmasını təsdiq edən məlumatlar;

8.19.1.3. sınaq və təkmilləşdirmə mərhələləri uzunmüddətli olan layihələrə (pilotsuz uçuş aparatları, aparat-proqram kompleksləri və s.) münasibətdə – elmi tədqiqat, təcrübə-konstruktor, prototipləşdirmə işlərinin, sınaqların və təkmilləşdirmələrin aparılmasını, prototipləşdirmə işlərini əks etdirən sənədlər;

8.19.1.4. hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən (frilanserlər və rəqəmsal səyyahlar istisna olmaqla) – innovasiya layihəsinin icra vəziyyəti, biznes-planda nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinin gedişatı, əldə edilən ümumi gəlir (o cümlədən daxili bazardan və ixracdan əldə edilən gəlirlərin bölgüsü), yeni yaradılmış iş yerlərinin sayı və cəlb edilmiş investisiyaların mənbəyi və həcmi barədə məlumatlar;

8.19.2. hüquqi şəxslər və fərdi sahibkarlar (frilanserlər və rəqəmsal səyyahlar istisna olmaqla) tərəfindən hesabat ili başa çatdıqdan sonra növbəti il fevral ayının 20-dək həyata keçirilmiş elmi tədqiqat və təcrübə-konstruktor işlərinin nəticələri, yeni qeydiyyatdan keçmiş patentlər, əqli mülkiyyət hüquqları, nou-hau və ya texnologiya transferi sazişləri, əməliyyat və infrastruktur xərclərinin planlaşdırılmış büdcəyə uyğunluğu, xarici bazarlarda həyata keçirilən satışlar, xarici tərəfdaşlarla imzalanmış müqavilələr, rezidentin xarici ölkələrdəki filial və ya nümayəndəlikləri vasitəsilə əldə etdiyi nailiyyətlər, işçilərin peşəkar inkişafı üçün ayrılan təlim saatları, yerli universitetlərlə əməkdaşlıq çərçivəsində tələbələr üçün təcrübə proqramları, digər texnopark rezidentləri ilə həyata keçirilən birgə layihələr barədə və 8.19.1.4-cü yarımbənddə nəzərdə tutulan məlumatlar.

8.20. Frilanserlər və rəqəmsal səyyahlar hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dək aidiyyəti üzrə idarəedici təşkilata və Nazirliyə yalnız faktiki fəaliyyət istiqamətləri (göstərilən xidmətlər) və əldə etdikləri gəlirlər barədə hesabat təqdim edirlər.

8.21. Bu Əsasnamənin 8.4-cü, 8.19-cu və 8.20-ci bəndlərində nəzərdə tutulan sənədlərin (məlumatların) Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

8.22. Texnoparkın rezidenti fəaliyyət istiqamətini (bu Əsasnamənin 8.10-cu bəndində qeyd edilən fəaliyyət istiqamətləri çərçivəsində) dəyişdikdə, yeni fəaliyyət növü üzrə bu Əsasnamənin 8.4-cü bəndinə uyğun olaraq yenidən müraciət etməlidir.

8.23. Bu Əsasnamənin 8.19-cu və 8.20-ci bəndlərinin tələblərinə uyğun olaraq təqdim edilən sənədlər, məlumatlar və hesabatlar əsasında texnoparkın rezidentinin innovasiya layihəsi üzrə işlərə başlamadığı müəyyən edildikdə, aidiyyəti üzrə idarəedici təşkilat (operator) və Nazirlik texnoparkın rezidentinə bildiriş təqdim edir. Bildirişdə texnoparkın rezidentinə innovasiya layihəsi üzrə işlərə başlanılması üçün bir ildən çox olmayan əlavə müddət təyin edilir.

8.24. Texnoparkın rezidentinin fəaliyyətinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, bu Əsasnaməyə və idarəedici təşkilatla (operatorla) bağlanılmış müqaviləyə uyğun təşkil edildiyinə dair məlumatların sistemli toplanılması, düzgünlüyünün yoxlanılması, habelə normativ hüquqi aktların tələblərinə əməl edilməsi vəziyyətinin öyrənilməsi, görülmüş işlərin və əldə olunmuş nəticələrin, eləcə də cəlb edilmiş investisiyaların təhlili məqsədilə aidiyyəti üzrə idarəedici təşkilat və Nazirlik tərəfindən monitorinqlər həyata keçirilir. Monitorinqlər kameral qaydada texnoparkın rezidentinin bu Əsasnamənin 8.19-cu və 8.20-ci bəndlərinin tələblərinə uyğun olaraq təqdim etdiyi sənədlər, məlumatlar və hesabatlar əsasında, eləcə də səyyar yoxlamalar formasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq keçirilir. Aparılan monitorinqlərin yekununda aidiyyəti üzrə idarəedici təşkilat və Nazirlik texnoparkın rezidentinə tövsiyələr verir, normativ hüquqi aktların tələbləri və bu tələblərin pozulmasına görə məsuliyyət tədbirləri barədə maarifləndirmə işi aparır, məsləhətlər verir, metodiki kömək göstərir, izahlar verir, aşkar edilən pozuntuların aradan qaldırılması və ya innovasiya layihəsi üzrə qeyd edilən investisyaların (bu Əsasnamənin 8.4.1-ci yarımbəndi üzrə) cəlb olunmasının təmini üçün icrası məcburi olan göstərişlər verir və ya “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tədbirlər görür.

8.25. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.3 – 26.1.9-cu maddələrində nəzərdə tutulan hallarla birlikdə, texnoparkın rezidentinin qeydiyyat şəhadətnaməsi aidiyyəti üzrə Nazirlik və ya idarəedici təşkilat tərəfindən aşağıdakı hallarda ləğv edilir:

8.25.1. rezidentin müvafiq ərizəsi təqdim edildikdə (texnoparkda fəaliyyət göstərən rezidentlərə münasibətdə – 3 (üç) ay əvvəldən idarəedici təşkilatı (operatoru) xəbərdar etməklə);

8.25.2. həyata keçirilən monitorinqlər nəticəsində rezidentin faktiki fəaliyyətinin bu Əsasnamənin 8.10-cu bəndində nəzərdə tutulan fəaliyyət istiqamətlərə uyğun olmadığı aşkar edildikdə;

8.25.3. bu Əsasnamənin 8.19-cu və 8.20-ci bəndlərində nəzərdə tutulan sənədlər və məlumatlar müəyyən olunmuş müddətdə təqdim edilmədikdə (təqvim ili ərzində azı 3 (üç) dəfə) və aidiyyəti üzrə Nazirliyin və ya idarəedici təşkilatın icrası məcburi olan göstərişlərinə 60 (altmış) gün ərzində əməl edilmədikdə;

8.25.4. bu Əsasnamənin 8.19-cu və 8.20-ci bəndlərində nəzərdə tutulan sənədlərdə, məlumatlarda və hesabatlarda qəsdən təhrif olunmuş məlumat verildiyi aşkarlandıqda;

8.25.5. bu Əsasnamənin 8.16-cı bəndi ilə müəyyən edilmiş müddətdə idarəedici təşkilatla (operatorla) rezident arasında müqavilə bağlanılmadıqda;

8.25.6. bu Əsasnamənin 8.23-cü bəndində nəzərdə tutulan bildiriş təqdim edildikdən sonra həmin bildirişdə nəzərdə tutulmuş müddət ərzində innovasiya layihəsinin icrasına başlanılmadıqda və bu barədə aidiyyəti üzrə Nazirliyə və ya idarəedici təşkilata fəaliyyətə başlanılmasını təsdiq edən sənədlər və məlumatlar təqdim olunmadıqda;

8.25.7. texnopark rezidenti (texnopark ərazisində fəaliyyət göstərən rezidentlər, eləcə də rəqəmsal səyyahlar və frilanserlər istisna olmaqla) kimi qeydiyyata alındıqdan sonra hesabat ilinin nəticələrinə görə mikro sahibkarlıq subyekti kimi fəaliyyətini davam etdirdikdə;

8.25.8. texnopark ləğv edildikdə.

8.26. Bu Əsasnamənin 8.25-ci bəndində nəzərdə tutulan əsaslarla qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi texnoparkda fəaliyyət göstərən rezidentin idarəedici təşkilatla (operatorla) bağladığı texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair müqavilənin və icarə müqaviləsinin xitamına səbəb olur.

8.27. Bu Əsasnamənin 8.25-ci bəndində nəzərdə tutulan əsaslar üzrə qeydiyyat şəhadətnaməsi ləğv edildikdə, texnoparkda fəaliyyət göstərən rezident aşağıdakılardan birini seçməklə, mülkiyyətində olan istehsal sahəsinin, avadanlıq və qurğuların müqəddəratını müəyyən edir:

8.27.1. texnoparkın rezidenti tərəfindən istehsal sahəsinin, avadanlıq və qurğuların özgəninkiləşdirilməsi;

8.27.2. texnoparkın rezidenti tərəfindən istehsal sahəsinin, avadanlıq və qurğuların sökülməsi, daşınması və ya məhv edilməsi (utilizasiyası);

8.27.3. razılaşma yolu ilə istehsal sahəsinin, avadanlıq və qurğuların idarəedici təşkilat (operator) tərəfindən əldə edilməsi, yaxud sökülməsi, daşınması və ya məhv edilməsi (utilizasiyası) və həmin işlərlə bağlı xərclərin texnoparkın rezidenti tərəfindən ödənilməsi.

8.28. Texnoparkın qeydiyyat şəhadətnaməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində qeyd edilən hallarda və qaydada dayandırılır.

8.29. Texnoparkın rezidenti qeydiyyat şəhadətnaməsinin verilməsindən imtina olunması, eləcə də həmin şəhadətnamənin dayandırılması və ya ləğv edilməsi haqqında inzibati aktdan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

8.30. İdarəedici təşkilat və Nazirlik aidiyyəti üzrə cari ildə verilmiş texnoparkın qeydiyyat şəhadətnamələri haqqında məlumatları, eləcə də rezidentlərin illik icmal hesabat məlumatlarını növbəti il martın 31-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. Təqdim ediləcək icmal hesabatda texnopark üzrə rezidentlərin və yaradılmış yeni iş yerlərinin sayı, cəlb edilmiş investisiyaların həcmi, rezidentlərin daxili və xarici bazarlarda satışdan əldə etdiyi ümumi gəlirlər, habelə həyata keçirilmiş elmi tədqiqat, təcrübə-konstruktor işlərinin və innovasiya layihələrinin nəticələri barədə göstəricilər əks olunur.

8.31. Texnoparkın rezidenti Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmək üçün bu Əsasnamənin 8.10-cu bəndində nəzərdə tutulan fəaliyyət istiqamətləri (qanunla güzəştin əldə edilməsi üçün yeni yaradılmış digər fəaliyyətlə məşğul olmayan hüquqi şəxslər istisna olmaqla) və digər fəaliyyət istiqamətləri üzrə gəlir və xərclərinin ayrı-ayrılıqda uçotunu (sub-hesablar üzrə) “Mühasbiat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin Qanundan irəli gələn normativ hüquqi aktlara uyğun olaraq aparmağa borcludurlar.

8.32. Texnoparkın rezidenti olan iri sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəştlərindən təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə olunan gəlirlərin xüsusi çəkisinə, eləcə də malların (işlərin, xidmətlərin) ixracı zamanı həmin ixrac əməliyyatları üzrə əldə edilən gəlirlərinin (vəsaitlərinin) Azərbaycan Respublikasında olan bank və digər ödəniş hesablarına köçürülməsinə dair həmin Məcəllə ilə müəyyən olunmuş tələblərə cavab verdikləri halda istifadə edirlər.”;

1.4. 9-1-ci hissə ləğv edilsin.

1.5. 10-cu hissə üzrə:

1.5.1. aşağıdakı məzmunda 10.2-1-ci bənd əlavə edilsin:

“10.2-1. Texnoparkın torpaq sahələri idarəedici təşkilat tərəfindən texnoparkda infrastrukturun yaradılması məqsədilə operatora icarəyə verilə bilər. Texnoparkın idarəedici təşkilatı ilə operatoru arasında bağlanılan idarəetmə sazişinə xitam verilməsi texnoparkın operatoru ilə bağlanılan icarə müqaviləsinin ləğvi üçün əsasdır.”;

1.5.2. 10.3-cü bəndə “rezidentlərinə” sözündən sonra “, habelə qeyri-rezidentlərinə” sözləri əlavə edilsin;

1.5.3. 10.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“10.4. Texnoparkın rezidentinə və qeyri-rezidentinə icarəyə verilmiş infrastrukturun idarəedici təşkilatın (operatorun) yazılı razılığı olmadan digər şəxslərə ikinci əldən icarəyə verilməsinə və ya texnoparkda fəaliyyətin həyata keçirilməsinə dair bağlanılmış müqavilədə göstərilməyən məqsədlər üçün istifadəsinə yol verilmir.”;

1.5.4. 10.5-ci bəndə “rezidenti” sözündən sonra “və qeyri-rezidenti” sözləri əlavə edilsin.

2. Azərbaycan Respubklikasının Nazirlər Kabineti:

2.1. “Texnologiyalar Parkının Ekspertlər Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 15 may tarixli 192 nömrəli Qərarının təkmilləşdirilməsi ilə bağlı üç ay müddətində zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. 2027-ci il yanvarın 1-dək verilmiş texnologiyalar parkının qeydiyyat şəhadətnamələri öz qüvvəsini saxlayır.

4. 2027-ci il yanvarın 1-dək texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış rezidentlər:

4.1. öz fəaliyyətlərini 2027-ci il yanvarın 1-dək bu Fərmanın tələblərinə uyğun təşkil etməlidirlər;

4.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun 1.2-ci, 1.3.1-ci, 1.4.1-ci, 3.1-ci və 3.2.1-ci maddələrində nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 168 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin 8-ci hissəsinə uyğun olaraq müraciət edərək, yenidən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almalıdırlar.

5. Bu Fərmanın 1-ci hissəsi 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2026-cı il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi