BDU-da professor Məsumə Məlikovanın 95 illik yubileyi qeyd olunub
Bakı Dövlət Universitetində (BDU) görkəmli alim və pedaqoq, Əməkdar hüquqşünas, hüquq elmləri doktoru, professor, BDU-nun Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikovanın 95 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib.
Lider-media.az xəbər verir ki, Bakı Dövlət Universitetini rektoru Elçin Babayev professor Məsumə Məlikovanın Azərbaycanda hüquq elminin inkişafına töhfələrindən danışıb. “Təsadüfi deyil ki, ömrünün 70 ilindən çoxunu BDU-nun, Azərbaycan hüquq elminin və təhsilinin inkişafına həsr edən Məsumə xanımın fəaliyyəti bir çox ilklərlə zəngindir. O, Azərbaycanda milli hüquq elminin yaradıcılarından biri, hüquq elmləri doktoru alimlik dərəcəsi almış ilk azərbaycanlı qadındır. Professor Məsumə Məlikova Azərbaycanda milli siyasi və hüquqi təlimlər tarixi elminin banisidir. Onun “Dövlət və hüquq nəzəriyyəsi” dərsliyi, “Azərbaycanın siyasi-hüquqi nəzəriyyələr tarixi” (birgə müəllifliklə) monoqrafiyası ölkəmizdə hüquq elminin inkişafında, milli fikir tariximizin araşdırılmasında mühüm elmi nailiyyət sayılır, əsas mənbələrdən biri hesab olunur. Görkəmli alimin və onun rəhbərlik etdiyi məktəbin tədqiqatları nəticəsində ölkəmizdə hüquq təhsili sahəsində tədris planına ilk dəfə olaraq “Azərbaycanın siyasi-hüquqi təlimlər tarixi”, “Azərbaycanın dövlət və hüquq tarixi”, “Müsəlman hüququnun əsasları” fənləri daxil edilib, həmin fənlərin tədrisi üçün müvafiq elmi baza yaradılıb”.
Rektor diqqətə çatdırıb ki, Azərbaycanın milli hüquq qanunvericiliyinin təkmilləşdirilməsində mühüm xidmətləri olan professor Məsumə Məlikova Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını tərtib edənlərdən biri, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə respublikanın 1978-ci il və müstəqil Azərbaycanın 1995-ci il konstitusiyalarının, Naxçıvan Muxtar Respublikasının 1998-ci il Konstitusiyasının hazırlanması üzrə komissiyaların üzvü olub: “Məsumə xanımın simasında alim, pedaqoq, ictimai xadim və rəhbər işçi xüsusiyyətləri sadəlik, səmimiyyət, təvazökarlıq, yüksək mədəniyyət və əsl ziyalılıq kimi dəyərlərlə üzvi şəkildə birləşib. Professor Məsumə Məlikovanın elmi-pedaqoji xidmətləri və ictimai fəaliyyəti dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, 2000-ci ildə “Şöhrət” ordeni, 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Bakı Dövlət Universitetinin 100 illiyi” və 2023-cü ildə “Heydər Əliyevin 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalları ilə təltif edilib. Prezident İlham Əliyevin 2009-cu il 30 oktyabr tarixli Sərəncamı ilə ona Azərbaycanda təhsilin və elmin inkişafında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü” verilib”.
Rektor Elçin Babayev professor Məsumə Məlikovaya uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, universitetin ictimai həyatında fəal iştirakına görə və 95 illik yubileyi münasibətilə fəxri fərman təqdim edib.
BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev professor Məsumə Məlikovanın ölkədə hüquq elminin əsas dayaqlarından biri olduğunu bildirib. O qeyd edib ki, alim kimi həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda tanınan Məsumə Məlikova dövlət və hüquq nəzəriyyəsi, hüquq tarixi, siyasi-hüquqi təlimlər tarixi elmlərinin inkişafına, bütövlükdə Azərbaycanda elm siyasətinin səmərəli həyata keçirilməsinə böyük töhfələr verib. Elmi-pedaqoji fəaliyyətində qazandığı uğurlar, tələbələrinə və həmkarlarına göstərdiyi diqqət və qayğı, elmə münasibətdə tutduğu prinsipial mövqe, insani keyfiyyətləri və bir alim, pedaqoq kimi keçdiyi zəngin həyat yolu nəinki hüquqşünaslar, həm də elmi-pedaqoji sahədə çalışan bütün insanlar üçün bir nümunədir.
Daha sonra BDU-nun Ekologiya və əmək hüququ kafedrasının müdiri Alış Qasımov “Professor Məsumə Məlikova və hüquq elmi” mövzusunda məruzə edib.
Milli Məclisin sədr müavini, professor Ziyafət Əsgərov, ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Vəkillər Kollegiyasının sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov, Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Əməkdar hüquqşünas, Rusiya Elmlər Akademiyasının akademiki İlham Rəhimov və başqaları çıxışlarında Vətəninə və xalqına layiqli xidmət göstərmiş professor Məsumə Məlikovanı yubileyi münasibətilə təbrik ediblər.
Qeyd olunub ki, o, istər bir alim kimi yazdığı bir-birindən dəyərli elmi-tədqiqat əsərləri, istər bir pedaqoq kimi səriştəli kadr hazırlığı sahəsindəki müstəsna xidmətləri, istərsə də əsl vətəndaş və ziyalı mövqeyi ilə adını elm, təhsil, eləcə də ictimai fikir tariximizə parlaq hərflərlə həkk etdirib.