BDU-da Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universitetində (BDU) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
BDU-dan verilən məlumatda bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin universitetin foyesindəki büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BDU-nun rektoru Elçin Babayev bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçilik salnaməsində zəngin irs yaradıb. Bu irsin öyrənilməsinə və təbliğinə daim böyük ehtiyac var. Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi dövrlər quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin hər iki dövrü onun dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən azərbaycançılıq ideyasının formalaşması ilə müşayiət olunub.
Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda sənaye, iqtisadiyyat, kənd təsərrüfatı, elm, təhsil, səhiyyə sahələri sürətli inkişaf edib. Ulu Öndərin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişi isə əsl xilaskarlıq missiyası idi. 1993–2003-cü illərdə Ulu Öndər Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və dövlətimizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaradıb. Məhz Ümummilli Liderin siyasi müdrikliyi, iradəsi və qətiyyəti, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyub, yenidən dirçəliş mərhələsinə daxil olub. Bütün sahələrdə islahatlar geniş vüsət alıb, Ulu Öndər Heydər Əliyev Azərbaycanın beynəlxalq arenada nüfuzunun artırılmasında, sülh, sabitlik və inkişafın təmin edilməsində böyük rol oynayıb.
Rektor vurğulayıb ki, Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın 30 illik işğalına son qoydu. Heç bir gün çəkməyən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü təmin edildi, suverenliyimiz bərpa olundu. İşğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı quruculuq işləri aparılır. Bu torpaqlarda həyat yenidən qaynayır. Azərbaycan qlobal tədbirlərə ev sahibliyi edir, xalqımızın müdrikliyini, dövlətimizin qüdrətini nümayiş etdirir.
Milli Məclisin deputatı, BDU-nun İctimai Nəzarət Şurasının üzvü Əminə Ağazadə, Milli Məclisin deputatı Aydın Hüseynov və Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov çıxışlarında dahi liderin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, bütün varlığı ilə Vətənə və xalqına bağlı olan Ümummilli Lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə həsr edib.
Sonda Azərbaycan Dövlət Televiziyasının Ulu Öndər Heydər Əliyevə həsr etdiyi “Tarix yazan Qalib” sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mahir Qəribovdur.