Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu uğurla yekunlaşıb
Forum çərçivəsində iştirakçılar tərəfindən işçi qruplarda yeddi mövzu üzrə aparılan müzakirələrin yekun təqdimatı keçirilib.
Uşaqların təqdimatında təbiətin qorunması, ekoloji maarifləndirmə ilə bağlı uşaqların düşüncələrini özündə əks etdirən hekayələrin kitab halında toplanaraq gələcək nəsillərə ötürülməsi, uşaqların sağlamlıq vəziyyətini izləyə bilən mobil tətbiqin yaradılması, “Təbiətlə öyrənək” layihəsində məktəblərin rolunun artırılması, ailədə valideyn-uşaq münasibətlərinin daha da yaxşılaşdırılması, uşaqların könüllü fəaliyyətlərə həvəsləndirilməsi, məktəblərdə şagirdlər arasında sosial əlaqələrin gücləndirilməsi, sosial yönümlü fəaliyyətin təşviqi məqsədi ilə klubların açılması, vətənpərvərliyi davamlı inkişaf ilə əlaqəndirmək, könüllülük fəaliyyətini gücləndirmək kimi məsələlər yer alıb.
Həmçinin, “Parlaq Gənclər”, “Vətənin Məktubları” və “Səda jurnalı” onlayn platformalarının, eləcə də "Mənim Səsim Eşidilir” anonim psixoloji dəstək platformasının qurulması, “BilikDostu” mobil tətbiqininin və ya saytının hazırlanması, “Dost Məktəb” layihəsinin həyata keçirilməsi, “Ekoloji Dəyişimin Gücü" ekoloji qəhrəmanlıq kitabının hazırlanması təklifləri səsləndirilib.
Yekun nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Forum iştirakçılarının fikir və təkliflərinə münasibət bildirib.
O, çox vacib və əhəmiyyətli bir platformada gərgin və məhsuldar müzakirələrin nəticələrini yüksək qiymətləndirib və Forumda iştirak edən uşaqların sabahı görmək bacarığına malik olduğunu vurğulayıb.
Dövlət Komitəsinin sədri bildirib ki, namizədliyi irəli sürülərək Forumda iştirak etmək imkanı əldə edən uşaqlar onlara olan güvəni doğruldaraq, aşılanan bilik və bacarıqları yaxşı mənimsəyiblər: “Sizi dinlədikcə qürur duydum. Siz həqiqətən də bugünümüz və sabahımızın təminatçılarısınız. Bütün bu müsbət nəticələrin arxasında əgər sizin oxumağınız və həvəsiniz dayanırsa, burda həm də sizi həyata hazırlayan, bu ölkəni, vətəni sevməyə, onun gözəllik və zənginliklərindən faydalanmağı öyrədən, gələcəyimiz və bugünümüz üçün vacib işlər görməyə hazırlayan ailənizin, valideynlərinizin, eləcə də müəllimlərinizin rolunu mütləq qeyd etməliyik”.
Forum iştirakçıları tərəfindən səsləndirilən təkliflərin olduqca vacib, faydalı və maraqlı olduğunu qeyd edən B. Muradova bildirib ki, təkliflərin hər biri davamlı bir layihəyə çevrilməsi üçün əsaslıdır. Dövlət Komitəsi də irəli sürülən məqsədyönlü təşəbbüslərin reallaşması üçün lazımi addımları atacaq.
Daha sonra Forum iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti səsləndirilib.
Davamında Forum iştirakçıları adından Azərbaycan uşaqlarına ünvanlanmış müraciət dinlənilib.
Forum konsert proqramı ilə yekunlaşıb.
Forum iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti
Forum iştirakçıları adından Azərbaycan uşaqlarına ünvanlanmış müraciət