lider-media.az

Mərkəzi Asiyada ilk dəfə Özbəkistanda Azərbaycan QHT-ləri ilə bağlı əməkdaşlıq forumu keçirilir

Tarix: 5-12-2024, 11:44

Dekabrın 5-də Daşkənddə ilk dəfə Özbəkistan-Azərbaycan QHT-lərinin forumu işə başlayıb.

Lider-media.az xəbər verir ki, forumdan əvvəl Azərbaycan nümayəndə heyəti Özbəkistanın müvafiq qurumlarının rəhbər şəxsləri ilə birgə Daşkənddə Ümummilli Lider Heydər Əliyev meydanını ziyarət edib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Milli Məclisin deputatı Azər Allahverənov, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev və digər şəxslər Ulu Öndərin abidəsi önünə tər güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Forumun rəsmi açılış mərasimi hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev 2023-cü ilin noyabrında Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumunu məmnunluqla xatırlayıb və bildirib ki, hazırkı tədbir bu prosesin davamıdır.

Özbəkistanın Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək İctimai Fondundan Ayırmaların İdarəedilməsi üzrə Komissiyanın sədri Adxam Şodmonov ilk dəfə dekabrın birinci həftəsinin Özbəkistanda “Vətəndaş cəmiyyəti həftəsi” kimi qeyd olunmağa başlandığını vurğulayıb, belə bir həftədə bu forumun keçirilməsini Azərbaycanla münasibətlərə verilən xüsusi əhəmiyyətin daha bir təzahürü kimi qiymətləndirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev bildirib: “Artıq əminliklə demək olar ki, iki qardaş ölkənin vətəndaş cəmiyyəti, QHT-ləri arasında çox güclü dostluq, əməkdaşlıq, həmrəylik körpüsü fəaliyyətdədir. Azərbaycan və Özbəkistan qardaş ölkələrdir, müttəfiqlərdir. Siyasi münasibətlər ən yüksək səviyyədədir. İki ölkənin QHT-ləri arasında da bağların möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi dövrün mühüm çağırışıdır. Azərbaycan və Özbəkistan münasibətləri sürətlə inkişaf edir, bu tarixi uğur Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin yürütdüyü uzaqgörən siyasətə söykənir. Həm Azərbaycan, həm də Özbəkistan öz xalqlarının milli maraqlarına əsaslanan müstəqil, ləyaqətli siyasət yürüdürlər”.

O, COP29-la əlaqədar ilk gündən Azərbaycana verilən qardaş dəstəyinə görə Özbəkistan QHT-lərinə təşəkkürünü bildirərək deyib: “Ötən müddətdə 100-ə yaxın Özbəkistan QHT-si COP29-la əlaqədar Azərbaycanla həmrəylik bəyanatı yayıb. Onlar Türk dünyasında ilk dəfə COP29-a ev ahibliyi və sədrlik edən Azərbaycana güclü dəstək ifadə ediblər. Yeri gəlmişkən, ölkələrimiz artıq yaşıl enerji sahəsində də sıx əməkdaşlığa başlayır. COP29 çərçivəsində Türk dövlətləri QHT-lərinin I forumu da keçirildi. Özbəkistan nümayəndə heyəti orada çox fəal iştirak etdi, vacib təşəbbüslər irəli sürüldü”.

Tural Əliyev Azərbaycan və Özbəkistanın QHT-lərlə işləyən müvafiq dövlət qurumlarının QHT-lər üçün birgə qrant müsabiqələri elan etməsinin vaxtının çatdığını da qeyd edib. “Biz buna hazır olduğumuzu bəyan edirik. Özbəkistan QHT-lərinə Azərbaycanda layihələr icra etmək üçün bütün köməyi göstərməyə hazırıq”, - deyə sektor müdiri diqqətə çatdırıb.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qeyd edib ki, ötən il Füzulidə baş tutan forumdan sonra iki ölkənin QHT-ləri arasında əməkdaşlıq güclənib, Agentlik bu əlaqələrin daha da genişləndirilməsi üçün qarşıdakı dövrdə də fəal iş aparacaq.

Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Mahir Cəfərov isə bildirib ki, iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrə QHT-lərin də layiqli töhfələrini verməyə başlamaları münasibətlərə yeni çalar qatır.

Rəsmi açılış mərasimində Özbəkistanın Ali Məclisi Senatının nümayəndələri, Azərbaycan və Özbəkistandan olan bir qrup QHT təmsilçiləri iştirak ediblər.

Forumda Azərbaycanla bağlı videoçarx da nümayiş olunub.

Tədbir işini sessiyalarla davam etdirəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi