QARŞILIQLI ƏMƏKDAŞLIQ ÖLKƏMİZİN XARİİCİ SİYASƏTİNDƏ MÜHÜM ROL OYNAYIR
“Şaxələndirmə haqqında danışanda bizim mövqeyimiz hər zaman belə olub və indi də belədir ki, şaxələndirmə nəinki təchizat marşrutlarının, həmçinin mənbələrin şaxələndirilməsi olmalıdır. Bu gün Avrasiyadakı geosiyasi vəziyyət bizim görəcəyimiz işlərin vacibliyini göstərir”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.
Dünya ölkələri ilə səmərəli və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətində hər zaman mühüm rol oynayıb və bu siyasət Prezident İlham Əliyev tərəfindən ən yüksək və peşəkar səviyyədə həyata keçirilir. Səmərəli xarici siyasətin həyata keçirilməsi üçün, xüsusən də Vətən müharibəsindən sonra ölkəmizin artmaqda olan gücünü və bölgədə yaranmış yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq baxımından ölkə başçısı səviyyəsində xarici səfərlərin həyata keçirilməsi də mühüm əhəmiyyət kəsb edir. Son dövrlərdə dövlət başçısının Belçika, İtaliya, Gürcüstan, Çexiya və digər ölkələrə etdiyi işgüzar və rəsmi səfərlər həm də ölkəmizin Avropa ilə yüksələn xətt üzrə inkişaf edən inteqrasiyasının və yaxın münasibətlərinin göstəricisidir.
Enerji sahəsindəki əməkdaşlıq 2022-ci ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumunun imzalanmasından sonra ölkəmizin Avropanın enerji təchizatında rolunun artması ilə əlaqədar ümumilikdə Azərbaycan-Avropa enerji əməkdaşlığının bir hissəsi kimi qiymətləndirilə bilər. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Azərbaycandan Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaq ki, bu da ölkəmiz üçün böyük nailiyyətdir. Ümumiyyətlə, Azərbaycan artıq Avropa İttifaqı rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi tanınır və bununla əlaqədar Cənub Qaz Dəhlizinin mühüm hissələri olan TAP və TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunur.
Xatırladaq ki, hələ 2022-ci il fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin VIII toplantısında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Beləliklə, bizim gördüyümüz işlərin çox sayda müsbət nəticələri var. Bir daha qeyd edimki, biz bu yola çıxanda işlərin necə olacağı çox aydın deyildi. Biz əməkdaşlığın yeni formatına qədəm qoymuşduq, bu ölkələrin bəziləri ilə bizim heç vaxt bu formatda əməkdaşlığımız olmamışdı. Lakin bu, uğurlu oldu. Çünki biz səmimi, açıq və vicdanlı idik və eyni məqsədimiz var idi. Məqsədimiz budur, layihələr müxtəlif ola bilər, lakin əməkdaşlığın ruhu bizə planlaşdırdığımız hər şeyə nail olmağa kömək edəcək”.
Qeyd edək ki, 2020-ci ilin dekabrında TAP-la kommersiya qaz nəqlinə başlandığı vaxtdan ötən müddət ərzində boru kəməri ilə Azərbaycan qazı Yunanıstanın Kipoi bögəsindəki qaz stansiyasından Avropaya nəql olunur. Artıq 2 milyard kubmetrdən çox qazın təhlükəsiz şəkildə nəql edilməsi TAP infrastrukturunun bir çox bazarda şaxələndirilməsinə imkan yaradıb. TAP-ın çatdırdığı qaz həcmləri Avropa ittifaqı üçün yeni etibarlı, təhlükəsiz və sərfəli enerji mənbəyi təmin etməklə yanaşı, enerji yol xəritəsini asanlaşdırmaqda da əsas rol oynayır.
TAP Cənub Qaz Dəhlizinin Avropaya qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keşirəcək qovşaq layihəsidir.TAP sistemi keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmağa imkan verir.
TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “ Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 kilometrlik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoi Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
Beləliklə, 2020-ci il dekabrın 31-də Avropaya təbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitəsilə Avropaya 10,99 milyon kubmetr təbii qaz nəql edilib. TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Bolqarıstan təbii qaz tələbatının 33 faizini TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirəcək ki, bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.
Qeyd edək ki, 2015-ci ilin fevral ayından etibarən keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər növbəti dəfə Bakıda toplaşıb.
Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 Beynəlxalq Təşkilat, 44 şirkət qatılacaq. Mötəbər tədbirdə Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası, Cənub Qaz Dəhlizi sessiyası, Gələcəyə baxış və COP29 fonunda yaşıl enerji, bərpaolunan enerjinin imkanlarından istifadə mövzularında plenar müzakirələr davam edəcək. Məşvərət Şurası çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləiri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişin icrası məqsədilə nazirlərin 6-cı iclası və dənizdə külək enerjisindən istifadənin inkişafı üzrə Azərbaycan Avropa İttifaqı dəyirmi masası keçiriləcək. Tədbir çərçivəsində yaşıl enerji sahəsində sənədlərin imzalanması nəzərdə tutulur.