lider-media.az

Səhiyyə Nazirliyi “Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatını keçirib

Baxış: 1194 Tarix: Сегодня, 15:58

Səhiyyə Nazirliyi vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanmasını və fasiləsiz mübadiləsini təmin edən “Tibbi Rəqəmsal Əkiz Sistemi”ni (TRƏS) təqdim edib. Real vaxt rejimində əhalinin sağlamlığının monitorinqinə, təkrar analizlərin aradan qaldırılmasına və sosial ədalətin təmininə xidmət edən, FHIR standartı əsasında qurulan bu mərkəzləşdirilmiş sistem 20-dən çox rəqəmsal həlli vahid platformada birləşdirib. Azərbaycan bu həlli tətbiq edərək Qafqaz və Mərkəzi Asiya regionunda rəqəmsal səhiyyə sahəsində lider mövqeyə yüksəlib.Tədbirdə dövlət qurumlarının, səhiyyə müəssisələrinin, beynəlxalq tərəfdaşları, tibb ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.Təqdimat Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev bildirib ki, rəqəmsal səhiyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm addımlar atılıb: “Ölkə başçısının 27 fevral 2026-cı il tarixli Fərmanı ilə Birinci vitse-prezident Mehriban Əliyevanın sədri təyin olunduğu Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması bu sahənin inkişafına ən yüksək səviyyədə göstərilən dövlət dəstəyinin əyani təzahürüdür”.

Teymur Musayev vurğulayıb ki, Tibbi Rəqəmsal Əkiz Sistemi vətəndaşların sağlamlıq məlumatlarının vahid elektron reyestrlər vasitəsilə toplanmasını təmin edən mərkəzləşdirilmiş platformadır və süni intellekt vasitəsilə əhalinin sağlamlıq vəziyyətinin proqnozlaşdırılmasına, eləcə də böhranların idarə olunmasına imkan yaradır.

Nazir qeyd edib ki, rəqəmsal savadlılığın artırılması məqsədilə növbəti tədris ilindən başlayaraq “Tibbdə rəqəmsal texnologiyalar və süni intellekt” mövzusunda kursların təşkili nəzərdə tutulur.

Tədbirdə “Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi”nin yaratdığı üstünlüklər barədə videoçarx təqdim edilib.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktorunun xüsusi nümayəndəsi Robb Batler çıxış edərək Azərbaycanın səhiyyə sahəsində həyata keçirdiyi rəqəmsal transformasiya layihələrini yüksək qiymətləndirib və ölkəmizin səhiyyənin rəqəmsallaşdırılması üzrə Qafqaz və Mərkəzi Asiya regionunda aparıcı mövqedə olduğunu qeyd edib.

Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov “Azərbaycan Respublikasının rəqəmsal səhiyyə ekosistemi” mövzusunda təqdimatla çıxış edərək ölkədə son illər həyata keçirilən rəqəmsallaşma təşəbbüsləri barədə ətraflı məlumat verib. Müşavir qeyd edib ki, Tibbi Rəqəmsal Əkiz Sistemi təkrar analizlərə və həkim ziyarətlərinə olan ehtiyacı aradan qaldırır, vətəndaşların xərclərinə qənaət etməklə səhiyyə və tibbi sığorta sisteminin üzərinə düşən yükü azaldır, real vaxt rejimində monitorinq aparmağa, immunizasiya və skrininq kimi profilaktik tədbirlər barədə proaktiv xatırlatmalar göndərməyə imkan verir.

Beynəlxalq ekspert Mehmet Zahid Ercan isə “Tibbi Rəqəmsal Əkiz Sistemi” mövzusunda təqdimatla çıxış edərək, layihənin texnoloji xüsusiyyətlərini və innovativ imkanlarını iştirakçılara təqdim edib.

Hazırda Vahid Səhiyyə İnformasiya Sisteminin Hökumət Buluduna miqrasiyası tam başa çatdırılıb. Elektron xəstəlik vərəqəsi sistemi ölkə üzrə tam tətbiq olunub və kağız daşıyıcıların istifadəsi ləğv edilib. Bundan əlavə, elektron epikrizlərin vahid reyestri yaradılıb və sosial ödənişlər, eləcə də sığorta proseslərində elektron epikrizlərdən istifadəyə başlanılıb.

Təqdimatın sonunda Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri tədbir iştirakçıları üçün monitorlar vasitəsilə “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin xəstələrin sağlamlıq göstəricilərinin rəqəmsal mühitdə modelləşdirilməsi, məlumatların operativ təhlili və tibbi qərarların dəstəklənməsindəki rolunu nümayiş etdiriblər.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi