“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin NİZAMNAMƏSİ
Azərbaycan Respublikası Prezidentinin
2025-ci il 15 yanvar tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” (bundan sonra – AZCON) idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisələri) vahid prinsiplərə uyğun idarə olunması, işinin təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. AZCON Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, dövlət müəssisələrinin yeganə iştirakçısıdır (payçısıdır, səhmdarıdır) və dövlət adından çıxış edir.
1.2. AZCON öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və Azərbaycan Respublikasının digər normativhüquqi aktlarını rəhbər tutur.
1.3. AZCON öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. AZCON ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. AZCON bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
1.5. AZCON-un müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi) vardır.
1.6. AZCON-un əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. O, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7. AZCON-un rəsmi adı aşağıdakı kimidir:
1.7.1. tam halda – Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, qısaldılmış halda – AZCON;
1.7.2. ingilis dilində tam halda – Azerbaijan Transport and Communications Holding, qısaldılmış halda – AZCON.
1.8. AZCON Bakı şəhərində yerləşir.
2. AZCON-un fəaliyyət istiqamətləri
2.1. AZCON-un fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. müvafiq sahənin inkişafını təmin etmək;
2.1.2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, həmin siyasətin həyata keçirilməsini təmin etmək;
2.1.3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
2.1.4. dövlət müəssisələrində korporativ idarəetməni təşkil etmək;
2.1.5. dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq;
2.1.6. AZCON-un strateji məqsədlərinə nail olmaq üçün dövlət müəssisələri arasında maliyyə, insan və əməliyyat resurslarının səmərəli idarə olunması üçün tədbirlər görmək;
2.1.7. dövlət müəssisələrinin fəaliyyət göstərdiyi xidmət bazarlarına investisiyaları cəlb etmək, ölkə iqtisadiyyatının inkişafı ilə bağlı müvafiq dövlət proqramlarına və digər normativ hüquqi aktlara uyğun olaraq tədbirlər görmək, dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək, habelə milli və ya beynəlxalq səviyyədə sahəvi və ya sahələrarası investisiya fəaliyyətini həyata keçirmək;
2.1.8. dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyini qiymətləndirmək;
2.1.9. dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması və maliyyə şəffaflığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
2.1.10. dövlət müəssisələrinin gəlirliliyini, bazar dəyərini və rəqabət qabiliyyətini artırmaq;
2.1.11. dövlət müəssisələrində innovasiya proseslərinin və müasir texnologiyaların tətbiqini sürətləndirmək;
2.1.12. dövlət müəssisələrinin fəaliyyətini əlaqələndirmək və davamlı inkişafını təşviq etmək;
2.1.13. dövlət müəssisələrinin infrastrukturunu müasirləşdirmək və inkişaf etdirmək;
2.1.14. dövlət müəssisələrində məlumat əsaslı qərar qəbulu sistemini formalaşdırmaq;
2.1.15. nəqliyyatın idarə edilməsi sistemində “ağıllı” texnologiyaları tətbiq etmək, ictimai nəqliyyat xidmətlərini optimallaşdırmaq və keyfiyyətini artırmaq;
2.1.16. ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni təşviq etmək;
2.1.17. kosmik tədqiqatları, peyk xidmətlərini və milli kosmik proqramları inkişaf etdirmək, kosmik texnologiyaları genişləndirmək;
2.1.18. xarici nəqliyyat və kommunikasiya şəbəkələrinə inteqrasiyanı dəstəkləmək;
2.1.19. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
3. AZCON-un vəzifələri və hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, AZCON-un vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.2. dövlət müəssisələrinin səhmlərini (paylarını) idarə etmək, habelə dövlət müəssisələrinin balansında olan əmlak və onların nizamnamə kapitalında dövlətə məxsus paylar (səhmlər) üzərində bu Nizamnamənin 3.1.32-ci yarımbəndi nəzərə alınmaqla sərəncam, sahiblik və istifadə hüquqlarını həyata keçirmək;
3.1.3. dövlət müəssisələri arasında mövcud resurslardan səmərəli istifadəni, innovasiyaların tətbiqini və rəqabət üstünlüyünü təmin edərək sahələrarası inteqrasiyanı təkmilləşdirmək;
3.1.4. dövlət müəssisələrinin fəaliyyət göstərdiyi sahələrə investisiyaların, o cümlədən xarici investisiyaların cəlbinin stimullaşdırılması ilə bağlı tədbirlər görmək, investisiya fəaliyyətini (investisiya təşəbbüslərinin irəli sürülməsi də daxil olmaqla) həyata keçirmək və investisiyaları səmərəli idarə etmək;
3.1.5. dövlət müəssisələrinin inkişaf və biznes planlarını təsdiq etmək və onların monitorinqini aparmaq;
3.1.6. milli və müvafiq sahə (sektor) üzrə prioritetlərə uyğun olaraq, milli iqtisadiyyatın və müvafiq sahənin (sektorun) inkişafına töhfə vermək;
3.1.7. dövlət müəssisələrinin fəaliyyətini, habelə iqtisadi və maliyyə vəziyyətini təhlil etmək, onların fəaliyyətinin əlaqələndirilməsi və təkmilləşdirilməsi, iqtisadi səmərəliliyinin yüksəldilməsi, o cümlədən maliyyə vəziyyətinin yaxşılaşdırılması və gəlirlərinin artırılması üçün tədbirlər görmək;
3.1.8. dövlət müəssisələrinin fəaliyyət göstərdiyi sahələrdə xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər görmək;
3.1.9. dövlət müəssisələri arasında əməkdaşlığı, innovasiyaları, habelə bilik və resursların səmərəli yayılmasını təşviq etmək üçün mərkəzlər və təcrübə mübadiləsi mexanizmləri yaratmaq və onların maliyyələşdirilməsini təmin etmək;
3.1.10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, dövlət müəssisələri adından əqdlər bağlamaq, əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək;
3.1.11. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, dövlət müəssisələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həll etmək;
3.1.12. dövlət müəssisələrinin restrukturizasiyası ilə bağlı tədbirlər görmək;
3.1.13. dövlət müəssisələrinin hesabatlarına dair tələbləri müəyyənləşdirmək, həmin hesabatların monitorinqini aparmaq və onları təsdiq etmək;
3.1.14. dövlət müəssisələrinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını təsdiq etmək və onların fəaliyyətinin həmin standartlara uyğun təşkilinə nəzarət etmək;
3.1.15. dövlət müəssisələrində əsas səmərəlilik göstəricilərini müəyyən etmək və onların icra vəziyyətinə nəzarət etmək, habelə həmin göstəricilərin təhlil və monitorinqinin nəticələri əsasında dövlət müəssisələrinin fəaliyyətini qiymətləndirmək;
3.1.16. AZCON-un və dövlət müəssisələrinin büdcə proqnozlarını, gəlir və xərclər smetalarını təsdiq etmək və onların icrasının monitorinqini aparmaq;
3.1.17. dövlət müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi əsasında mükafatlandırma siyasətinin həyata keçirilməsi üçün tədbirlər görmək;
3.1.18. dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması məqsədilə onlardan zəruri məlumatları və hesabatları tələb etmək, bu məlumatları və hesabatları təhlil edərək, onların idarəetmə orqanlarına müvafiq göstərişlər vermək;
3.1.19. dövlət müəssisələrində rəqəmsal inkişaf prosesinə nəzarət etmək;
3.1.20. dövlət müəssisələrinin idarəetmə orqanlarının və onların tərkibinin formalaşdırılması üçün tədbirlər görmək;
3.1.21. dövlət müəssisələrinin idarəetmə orqanlarının fəaliyyətini təhlil etmək;
3.1.22. dövlət müəssisələrinin maliyyə resurslarına əlverişli çıxış imkanlarının yaradılması ilə bağlı kompleks tədbirlər görmək;
3.1.23. dövlət müəssisələrinin rəqabət qabiliyyətini artırmaq, onların rəqabət qabiliyyətinə və ixrac potensialına təsir edən amilləri araşdırmaq;
3.1.24. dövlət müəssisələrinin beynəlxalq bazarlarda inkişaf potensialını təhlil etmək və xarici bazarlara çıxış imkanlarının artırılması məqsədilə tədbirlər görmək;
3.1.25. AZCON-un adından Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda aktivlərin alınmasını, idarə olunmasını, habelə daxili və xarici borclanmanı həyata keçirmək, eləcə də dövlət müəssisələrinin müraciəti əsasında onların özləri tərəfindən belə fəaliyyətin həyata keçirilməsinə razılıq vermək;
3.1.26. AZCON-un və dövlət müəssisələrinin fəaliyyətinin müntəzəm monitorinqinə və qiymətləndirilməsinə imkan verən hesabatlılıq sistemini və onların fəaliyyəti barədə məlumatları özündə əks etdirən vahid informasiya sistemini yaratmaq;
3.1.27. AZCON-un və dövlət müəssisələrinin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı monitorinq aparmaq və onun nəticələrinə əsasən tədbirlər görmək;
3.1.28. dövlət müəssisələrinin əmlakından təyinatı üzrə səmərəli istifadəyə nəzarət etmək, dövlət müəssisələrinin müraciəti əsasında onların öz və törəmə müəssisələrinin əmlakının balansdan-balansa (o cümlədən əvəzsiz olaraq) verilməsinə, qiymətləndirilməsinə, habelə onlar tərəfindən həmin əmlakın təyinatının dəyişdirilməsinə, istifadəyə və ya icarəyə verilməsinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla girov (ipoteka) qoyulmasına, satılmasına, AZCON-un və dövlət müəssisələrinin iştirak etdiyi layihələrə pay şəklində qoyulmasına, silinməsinə (ləğv edilməsinə) razılıq vermək;
3.1.29. AZCON tərəfindən hüquqi şəxslərin (o cümlədən onların filial və nümayəndəliklərinin) yaradılmasına, yenidən təşkilinə və ləğv olunmasına dair qərar qəbul etmək, eləcə də dövlət müəssisələrinin müraciəti əsasında onların özləri tərəfindən belə fəaliyyətin həyata keçirilməsinə və hüquqi şəxslər yaradıldıqda onların əmlakının pay şəklində qoyulmasına razılıq vermək;
3.1.30. AZCON-un və dövlət müəssisələrinin istifadəsi üçün ayrılmış dövlət torpaqlarından təyinatı üzrə istifadəyə nəzarət etmək, bu torpaqlardan istifadə hüquqlarının dövlət müəssisələri arasında ötürülməsinə və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına torpaq qanunvericiliyinə uyğun olaraq razılıq vermək;
3.1.31. kontragentlərdən təhvil alınmış aktivləri əvəzsiz olaraq dövlət müəssisələrinin balansına ötürmək;
3.1.32. dövlət müəssisələrinin və səhmləri (payları) AZCON-na məxsus olan birgə müəssisələrin təsis sənədlərində dəyişikliklər edilməsi, AZCON-un payının azaldılması, artırılması və özgəninkiləşdirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla qərar qəbul etmək;
3.1.33. dövlət müəssisələrində xarici iqtisadi əlaqələrə aid bütün məsələlərin mərkəzləşdirilmiş qaydada təşkili və həlli barədə qərar qəbul etmək;
3.1.34. AZCON-un və dövlət müəssisələrinin fəaliyyətinin maliyyələşdirilməsi və inkişaf etdirilməsi məqsədilə dövlət müəssisələri tərəfindən qiymətli kağızlar, o cümlədən istiqrazlar buraxılması barədə qərar qəbul etmək;
3.1.35. dövlət müəssisələrinin (publik hüquqi şəxslər istisna olmaqla) iflas (müflisləşmə) proseslərinin həyata keçirilməsi ilə bağlı tədbirlər görmək;
3.1.36. dövlət müəssisələri tərəfindən Azərbaycan Respublikasının adından alınan borc hesabına maliyyələşdirilməsi təklif edilən layihələrin (o cümlədən icrada olan layihə üçün əlavə maliyyələşdirmənin) və kreditlərin zəmanətlə alınması barədə müraciətlərin zəruriliyini, prioritetliyini, maliyyə dayanıqlığını, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına təsirini qiymətləndirmək;
3.1.37. dövlət müəssisələrinin fəaliyyətindən əldə olunmuş vəsait üzərində sərəncam vermək;
3.1.38. AZCON-a, habelə dövlət müəssisələrinə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək;
3.1.39. AZCON-un mərkəzləşdirilmiş fondlarını yaratmaq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 7 noyabr tarixli 226 nömrəli Fərmanının 4.1-ci bəndinə əsasən dövlət müəssisələrinin AZCON-a ödədikləri vəsaiti həmin mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək və bu vəsait üzərində sərəncam vermək;
3.1.40. dövlət müəssisələrində insan resurslarının idarə olunması ilə bağlı siyasət və qaydaları müəyyən etmək;
3.1.41. AZCON və dövlət müəssisələri tərəfindən məhsulların (mal, iş və xidmətlərin) satın alınması qaydalarını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən etmək və həmin qaydaların icrasına nəzarət etmək;
3.1.42. AZCON və dövlət müəssisələri tərəfindən həyata keçirilən layihələrin, o cümlədən birgə layihələrin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi olmaq, layihələri idarə etmək və bu sahədə nəzarəti həyata keçirmək;
3.1.43. dövlət müəssisələrində maliyyə, əməliyyat və daxili nəzarət proseslərinin qiymətləndirilməsi məqsədilə müntəzəm audit yoxlamalarını həyata keçirmək və aşkar edilən nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
3.1.44. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.45. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
3.1.46. AZCON-un strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
3.1.47. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
3.1.48. AZCON-un informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;
3.1.49. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
3.1.50. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, AZCON-un əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
3.1.51. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.52. müvafiq sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;
3.1.53. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn və AZCON-un səlahiyyətinə aid olan məsələlərlə bağlı Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
3.1.54. bu Nizamnamə ilə və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün AZCON-un aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti üzrə təkliflər vermək;
3.2.2. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.3. əməkdaşlarını dövlət təltiflərinə və mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.4. müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təkliflər vermək;
3.2.5. müqavilə əsasında müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.2.6. beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;
3.2.7. dövlət orqanlarına, qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.8. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində dövlət müəssisələrinə icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;
3.2.9. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.10. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;
3.2.11. sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;
3.2.12. dövlət müəssisələrinə ödənişli və ödənişsiz xidmətlər təqdim etmək;
3.2.13. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.14. bu Nizamnamə və Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
4. AZCON-un idarə olunması
4.1. AZCON öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə prinsiplərini tətbiq edir.
4.2. AZCON-un idarəetmə orqanları Müşahidə Şurası və icraçı direktordur.
4.3. AZCON-un Müşahidə Şurası (bundan sonra – Şura) AZCON-a ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.
4.4. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarətdir.
4.5. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
4.6. Şura qərar qəbul etməkdə müstəqildir.
4.7. Şuranın vəzifələri aşağıdakılardır:
4.7.1. AZCON-un və dövlət müəssisələrinin inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını, habelə dövlət müəssisələrinə münasibətdə dividend siyasətini müəyyən etmək;
4.7.2. AZCON-un mənfəətinin və zərərinin bölgüsünü, fəaliyyətinə dair illik hesabatı və illik maliyyə hesabatını, investisiya layihələrini və onların icrasına dair hesabatları təsdiq etmək, dövlət müəssisələri tərəfindən həmin fəaliyyətin həyata keçirilməsinə razılıq vermək;
4.7.3. normativ hüquqi aktlarda başqa qayda nəzərdə tutulmadığı halda, AZCON-un və dövlət müəssisələrinin hesabatlarının formasını təsdiq etmək və təqdim edilməsi müddətlərini müəyyənləşdirmək;
4.7.4. AZCON-un maliyyə planlaşdırmasını və büdcəsini təsdiq etmək, dövlət müəssisələri tərəfindən həmin fəaliyyətin həyata keçirilməsinə razılıq vermək;
4.7.5. AZCON-un və dövlət müəssisələrinin fəaliyyətinə nəzarət etmək;
4.7.6. icraçı direktorun və onun müavinlərinin fəaliyyətinə nəzarət etmək, onların fəaliyyətini yoxlamaq, habelə təsdiq etdiyi qiymətləndirmə sisteminə uyğun olaraq onların fəaliyyətini qiymətləndirmək;
4.7.7. Şura üzvlərinin və icraçı direktorun müraciətlərinə baxmaq və qərar qəbul etmək;
4.7.8. AZCON-un və dövlət müəssisələrinin kənar auditorunu təyin etmək və audit hesabatını qəbul etmək;
4.7.9. kənar auditorun yoxlamalarının, habelə digər yoxlamaların nəticələrinə dair tədbirlər görmək;
4.7.10. AZCON-un və dövlət müəssisələrinin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri AZCON-un və dövlət müəssisələrinin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.7.11. AZCON-un və dövlət müəssisələrinin idarə, filial və nümayəndəliklərini, habelə törəmə təsərrüfat cəmiyyətlərini yaratmaq, onların idarəetmə orqanlarının üzvlərini (rəhbərlərini) vəzifəyə təyin və vəzifədən azad etmək;
4.7.12. AZCON-un və dövlət müəssisələrinin fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə AZCON-un idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, törəmə təsərrüfat cəmiyyətlərinin nizamnamələrini təsdiq etmək, dövlət müəssisələri tərəfindən həmin fəaliyyətin həyata keçirilməsinə razılıq vermək;
4.7.13. AZCON-un, onun idarə, filial və nümayəndəliklərinin, habelə təsərrüfat cəmiyyətlərinin strukturunu, işçilərinin say həddini və əməkhaqqı fondunu təsdiq etmək, dövlət müəssisələri tərəfindən həmin fəaliyyətin həyata keçirilməsinə razılıq vermək;
4.7.14. dövlət müəssisələrinin müşahidə şuralarının üzvlərini, o cümlədən onların rəhbərlərini (icra orqanının rəhbərini Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi qurumlara münasibətdə isə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla) vəzifəyə təyin və vəzifədən azad etmək;
4.7.15. dövlət müəssisələrinin Müşahidə Şurası üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini təsdiq etmək;
4.7.16. icraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə təqdimat vermək, eləcə də icraçı direktorun müavinlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
4.7.17. AZCON tərəfindən bəzi fəaliyyət növlərinin həyata keçirilməsinin tam və ya qismən dövlət müəssisələrinə həvalə edilməsi barədə qərar qəbul etmək;
4.7.18. Şura sədrinin və icraçı direktorun səlahiyyətlərinə aid olmayan, bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
4.8. Şuranın sədri 3 (üç) ayda bir dəfədən az olmayaraq Şuranın iclaslarını çağırır və iclaslara sədrlik edir. Şura iclaslarının keçirilməsi təşəbbüsü ilə Şuranın üzvü və ya icraçı direktor çıxış edir. Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında qərarlar hər üzvün bir səsi olmaqla açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.
4.9. Şuranın iclasları onun üzvlərinin bilavasitə iştirakı ilə əyani, informasiya texnologiyalarından istifadə etməklə distant, yaxud qarışıq formalarda keçirilə bilər.
4.10. Şura üzvlərinə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.
4.11. Şuranın iclasında icraçı direktor iştirak edə bilər.
4.12. İclasın gündəliyinə Şuranın hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir.
4.13. Gündəliyə daxil edilməmiş və ya tələb olunan bütün aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılığı olduğu hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.
4.14. Şuranın iclasının nəticəsi Şura üzvlərinin və katibinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir. Protokolda iclasın yeri, vaxtı, keçirilmə forması, iştirak etmiş üzvlər barədə məlumat, iclasın gündəliyi, üzvlərin gündəliyə daxil edilmiş məsələlərə dair çıxışlarının xülasəsi, səsvermənin nəticələri və qəbul edilmiş qərarlar əks olunur. Şuranın katibi Şuranın iclasında iştirak edə bilmədikdə, Şuranın sədri onu əvəz edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq edərək icraçı direktora göndərir.
4.15. Şuranın katibini Şuranın üzvü olmayan əməkdaşlar sırasından Şuranın sədri təyin edir və Şuranın katibi Şuranın sədrinə hesabat verir.
4.16. Şuranın katibi:
4.16.1. Şuranın iclaslarını təşkil edir;
4.16.2. bu Nizamnamənin 4.10-cu bəndində nəzərdə tutulmuş vəzifəni icra edir;
4.16.3. Şura iclaslarının protokollarını tərtib edir və imzalanmaq üçün Şura üzvlərinə təqdim edir;
4.16.4. Şuranın qərarlarının layihələrini hazırlayır, baxılmaq və imzalanmaq üçün Şura sədrinə təqdim edir;
4.16.5. Şuranın qəbul etdiyi qərarların aidiyyəti üzrə göndərilməsini təmin edir.
4.17. Şuranın sədri:
4.17.1. Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir, özünün və icraçı direktorun qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.17.2. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;
4.17.3. öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya icraçı direktorun müraciəti əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
4.17.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
4.18. Şura üzvləri:
4.18.1. Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.18.2. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılma barədə təklif verirlər;
4.18.3. Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;
4.18.4. Şuranın qərarları və iclas protokolları ilə tanış olurlar.
4.19. Şura üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.
4.20. AZCON-un fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən icraçı direktor həyata keçirir. İcraçı direktorun dörd müavini vardır. İcraçı direktorun müavinlərini Şura vəzifəyə təyin və vəzifədən azad edir. İcraçı direktorun müavinləri icraçı direktor tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirirlər.
4.21. İcraçı direktor müvəqqəti olmadıqda, onun səlahiyyətlərini icraçı direktorun müavinləri arasından Şura sədrinin müəyyən etdiyi şəxs icra edir.
4.22. İcraçı direktor:
4.22.1. AZCON-u təmsil edir;
4.22.2. Şuranın qərarlarını icra edir;
4.22.3. bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi üçün Şuraya təkliflər verir və sənədlər təqdim edir;
4.22.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində AZCON-un Aparatının, digər struktur bölmələrinin, habelə təsərrüfat cəmiyyətlərinin strukturunu və ştat cədvəlini Şura ilə razılaşdırmaqla təsdiq edir;
4.22.5. AZCON-un işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini Şura ilə razılaşdırmaqla, əməyin ödənişi fondu çərçivəsində təşkil edir;
4.22.6. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, AZCON-un, o cümlədən AZCON-un idarə, filial və nümayəndəliklərinin işçilərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Şura ilə razılaşdırmaqla qərarlar qəbul edir;
4.22.7. AZCON-un əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.22.8. bu Nizamnamənin 3.1.39-cu yarımbəndində nəzərdə tutulan vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir;
4.22.9. AZCON-un fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;
4.22.10. AZCON-un fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.22.11. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində AZCON-un adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.22.12. özünün və AZCON-un struktur bölmələrinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.22.13. AZCON-un fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradır;
4.22.14. fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.22.15. AZCON-da kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.22.16. AZCON-da müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;
4.22.17. aidiyyəti şəxslə dəyəri AZCON-un və dövlət müəssisələrinin aktivlərinin 5 faizinədək hissəsini təşkil edən əqdin bağlanması haqqında Şura ilə razılaşdırmaqla qərar qəbul edir;
4.22.18. AZCON-un strateji məqsəd və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;
4.22.19. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci yarımbəndlərində nəzərdə tutulmuş məsələlərin həlli üçün tədbirlər görür;
4.22.20. cari və operativ məsələlər barədə Şuranı məlumatlandırır.
4.23. İcraçı direkor adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidir.
5. AZCON-un nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları
5.1. AZCON-un nizamnamə fondu 10 000 000 (on milyon) manatdır.
5.2. AZCON-un əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi digər əmlakdan, dövlət müəssiələrinin ödədiyi vəsaitdən, habelə fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
5.3. AZCON öz əmlakından yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.
5.4. AZCON qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra AZCON-un, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5.5. AZCON-un mənfəəti Azərbaycan Respublikası Prezidentinin qərarı ilə dövlət büdcəsinə köçürülə bilər.
5.6. AZCON-un məhsullarının (malların, işlərin, xidmətlərin) qiymətləri tənzimlənən qiymətlərə aid deyildir.
5.7. Dövlət müəssisələrinin AZCON-a ödədikləri vəsaitdən AZCON-un bu Nizamnamədə nəzərdə tutulmuş səlahiyyətlərini həyata keçirmək üçün istifadə olunur.
6. AZCON-un fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi
6.1. AZCON-un fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada AZCON-un idarəetmə orqanları həyata keçirirlər.
6.2. AZCON-un fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
7. AZCON-da uçot və hesabat
7.1. AZCON “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühasibat uçotu aparır, maliyyə hesabatlarını, o cümlədən AZCON-un və dövlət müəssisələrinin birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.
7.2. AZCON “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları tərtib və təqdim edir.
7.3. AZCON və dövlət müəssisələrinin idarə, filial, nümayəndəlik və təsərrüfat cəmiyyətlərinin, habelə tabeliyindəki digər qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.
7.4. AZCON özünün və dövlət müəssisələrinin fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.
8. AZCON-un ləğvi və yenidən təşkili
AZCON-un ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.