
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dövlət qulluqçuları üçün insan resurslarının idarə edilməsi, meşə təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələri üzrə təlimlər keçirilib.
Təlimlərin əsas məqsədi dövlət qulluğunda peşəkarlığın artırılması, müasir idarəetmə prinsiplərinin tətbiqinin təşviqi, əməkdaşların nəzəri və praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də xidmət fəaliyyətinin səmərəliliyinin və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində maarifləndirmə işinin aparılması olub.
Təlimlər zamanı iştirakçılarla fikir mübadiləsi aparılıb, praktiki nümunələr əsasında müxtəlif situasiyalar müzakirə olunub, mövzu ilə bağlı ünvanlanan suallar cavablandırılıb. İnteraktiv formatda təşkil edilən sessiyalar iştirakçıların bilik və bacarıqlarının inkişafına töhfə verib.
Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində təşkil olunub.