Ədliyyə Nazirliyinin Probasiya xidməti könüllülük fəaliyyətini təşviq edir
Ədliyyə Nazirliyinin Probasiya xidməti tərəfindən probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması məqsədilə hüquqi, təşkilati və sosial-psixoloji tədbirlərin görülməsi, məhkumların sosial adaptasiyası və reabilitasiyasına yönəlmiş birgə layihələrin həyata keçirilməsi üzrə müxtəlif qurumlarla əməkdaşlığın qurulması davam etdirilir.
Bu məqsədlə oktyabrın 29-da Probasiya xidməti ilə Azərbaycan Universiteti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Memoranduma əsasən universitet ilə xidmət arasında birgə fəaliyyət və layihələr vasitəsilə probasiya nəzarətində olan şəxslərin sosial-psixoloji xidmət sahəsində dəstəklənməsi və reabilitasiyası həyata keçiriləcək.
Eyni zamanda, könüllülərin bu layihələrdə fəal iştirakı, probasiya nəzarətində olan şəxslər üçün maarifləndirici tədbirlərin və seminarların təşkili, müvafiq sahələrdə qabaqcıl elmi-tədris, praktiki metodların tətbiqi üzrə araşdırmaların, dərs vəsaitlərinin hazırlanması və qarşılıqlı maraq doğuran digər işlərin aparılması nəzərdə tutulur.
Bundan əlavə Memoranduma əsasən xidmətin əməkdaşlarına universitetin tədris-innovasiya infrastrukturundan yararlanmaq, ali məktəbin sosial iş və psixologiya sahələri üzrə təhsil alan şəxslərin probasiya sahəsində sosial-psixoloji xidmətlər üzrə könüllülük fəaliyyətinin dəstəklənməsi, habelə “Probasiya könüllüləri” təşəbbüsünün formalaşdırılması da nəzərdə tutulur. Bu məqsədlə Azərbaycan Universitetinin tələbələri tərəfindən könüllülük fəaliyyəti ilə bağlı təqdimat da keçirilib.
Qeyd edək ki, bu istiqamətdə Xidmətin digər qurumlarla da əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi və birgə sənədlərin imzalanması planlaşdırılır.