Əsl Sərkərdə qətiyyəti
“Mən ona özüm qədər inanıram...” deyən Ulu Öndər 2003-cü ilin 1 oktyabrında prezident seçkiləri ərəfəsindəki müraciətində ona inanmış xalqına yenə də ən düzgün olanı göstərdi, milli dövlətçilik ideyalarını davam etdirməyə qabil qüdrətli Lideri nişan verdi. Azərbaycanın gələcək taleyini əmin əllərə etibar etdi.2020-ci ilin 8 noyabr günü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətənin ən uca mənəviyyat zirvəsi olan Şəhidlər xiyabanından Şuşanın azadlığı müjdəsini xalqımıza yetirəndə Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyinə heyrətlənməyə bilmədik.Bu, dahi şəxsiyyətin, misilsiz dövlət xadiminin böyüklüyü idi!Prezident İlham Əliyev 2003-cü ildən bəri keçən müddət ərzində Ulu Öndərin arzularını yerinə yetirdi. Ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə çatdırdı. Ümummilli Liderin qarşıya qoyduğu bütün milli məqsədləri reallaşdırdı. Onun ən böyük arzusunun həyata keçirilməsini də gələcəyə saxlamadı.
Azərbaycanın ərazilərini düşməndən təmizlədi. 44 günlük Vətən savaşında Ordumuzun gücü ilə torpaqlarımızı azad etdi. Dövlət başçısı düşünülmüş parlaq diplomatiyası, uzun illərdən bəri bu möhtəşəm günlərə doğru addım-addım həyata keçirdiyi hazırlıq işləri, heç bir təzyiq qarşısında sarsılmayan qətiyyəti ilə Zəfərimizi bütün dünyaya qəbul etdirdi. Ən nüfuzlu, ən böyük dövlətləri Azərbaycanın mövqeləri ilə hesablaşmaq, haqq-ədalətin səsinə qulaq asmaq məcburiyyətində qoydu. Xalqımızın birliyini, milli vəhdətini, bərabərlik, doğmalıq ruhunu nümayiş etdirdi. Min illər ərzində yaratdığımız zəngin tarixdən, şərəfli keçmişdən gələcəyə doğru böyük bir yol başladı. Azərbaycan xalqı Prezident İlham Əliyevin liderliyi ilə tarixdə yeni bir səhifə açdı, yeni bir dövrün təməlini qoydu.Ali Baş Komandan İlham Əliyev qalibiyyəti, başladığı hər işin uğurları ilə tarix yazan qüdrətli liderə çevrildi!Azərbaycan Prezidenti İlham Əliyev Zəfərimizin ilk ildönümünü Mehriban xanım Əliyeva ilə birgə Şuşada keçirdi. Mənəviyyat şəhərimizə, mədəniyyət paytaxtımıza, Qələbə rəmzimiz olan bu şəhərə aparan Zəfər yolunun açılışını etdi. Daşaltı məscidinin, Şuşa Radio Televiziya Yayım Stansiyasının, Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlini qoydu. Şuşadakı Aşağı Gövhər ağa məscidində, Mehmandarovların malikanə kompleksində Heydər Əliyev Fondunun apardığı bərpa işləri ilə tanış oldu. VIII Qlobal Bakı Forumunun Şuşaya səfər etmiş iştirakçıları ilə görüşərək səmimi söhbətlər etdi. Azad yurdlarımızda aparılan quruculuq tədbirləri barədə onlara məlumat verdi. Cıdır düzündə ağaclar əkdi. Bu, azadlığına qovuşmuş torpaqlarımıza həyatın qayıdışı deməkdir! “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq” - Zəfər günü Şuşada hərbçilər qarşısında çıxış edərkən Ali Baş Komandan söyləmişdir.
Bunun üçün, ilk növbədə, iqtisadi müstəqilliyin təmin edildiyini diqqətə çatdırdı. “Çünki əgər biz asılı vəziyyətdə olsaydıq, hansısa başqa böyük dövlətlərdən asılı olsaydıq, heç vaxt bizə imkan verməzdilər ki, biz bu şərəfli missiyanı yerinə yetirək. Ona görə Prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq”. Azərbaycan Prezidenti İlham Əliyev gecə-gündüz aparılan iş sayəsində dünya ictimaiyyətinin məlumatlandırıldığını, nüfuzlu beynəlxalq təşkilatlarda uğurlu iş aparıldığını, bizim üçün uyğun olan və həqiqəti əks etdirən qərar və qətnamələrin qəbul edildiyini, nəticə etibarilə bütün bu işlərin bugünkü reallıq üçün hüquqi baza yaratdığını bildirdi. “...Bu gün biz düşməni torpağımızdan qovandan sonra heç kim bizə irad tuta bilməz. Çünki biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq”.
Ali Baş Komandan Şuşada hərbçilər önündə çıxışında onu da qeyd etdi ki, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi Prezident kimi onun başlıca vəzifəsi olub: “...Təsadüfi deyil ki, mənim Prezidentlik dövrümdə dövlət büdcəmizin əsas xərcləri hərbi məqsədlər üçün nəzərdə tutulurdu. Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi və hərbçilər tərəfindən bu texnika layiqincə istifadə olundu. İkinci Qarabağ müharibəsi bunun əyani sübutudur. Ordumuzun döyüş qabiliyyəti böyük dərəcədə artdı”.
Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, Zəfər günü rəşadət bayramıdır, ədalət bayramıdır, milli qürur, milli ləyaqət bayramıdır! “Biz öz ləyaqətimizi bərpa etdik. Bundan sonra müzəffər ölkə və qalib xalq kimi əbədi yaşayacağıq. Bundan sonra Qarabağda və Zəngəzurda əbədi yaşayacağıq”.
Azərbaycan Prezidenti 2003-cü ildə xalq qarşısında verdiyi bütün sözlər kimi, Zəfər sözünü də tutdu, tarixi zəfərimizlə yeni bir tarix yazdı. Regionda yeni reallıqlar yaratdı. Prezident İlham Əliyev Azərbaycan xalqının arzularından gəlmiş liderdir. Bizi ömrümüzün ən böyük xəyalına qovuşdurmuş Zəfər günündə ölkəmizin rəhbərinin milli dövlətçilik tariximizdəki yeri və rolu daha aydın görünür.
Azərbaycan indi dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Bu strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi hazırkı milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında güclü lider fenomeni dayanır. Öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən Lider. Azərbaycan tarixinə həkk edilmiş parlaq uğurlarımız da məhz Prezident İlham Əliyevin zəkası, siyasi baxışları və uzaqgörənliyi sayəsində mümkün olub. Dövlətimizin rəhbəri ölkədə baş verənlərin məsuliyyətini daşımaqla yanaşı, beynəlxalq və qlobal məsələlərdə də ciddi təsir gücünə malikdir.
Nüfuzu, özünü doğruldan yanaşmaları, uğurlu təşəbbüsləri, ən mühümü isə başqalarında yaratdığı yüksək inam hissi Prezident İlham Əliyevi müasir dünyamızın ən önəmli siyasi liderlərindən biri mövqeyində qərarlaşdırıb. Beynəlxalq siyasi arenada ona böyük rəğbət bəsləyir, irəli sürdüyü rəylərlə hesablaşır, təşəbbüslərini dəstəkləyirlər. Çünki ölkəmizin rəhbəri hər zaman doğrunun yanındadır. Düzgün olanı dilə gətirir, düzgün qərarlar verir və başqalarına da yolun ən düzünü göstərir. Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflərin nə qədər yerində, məqsədyönlü olduğunu, real nəticələrə hesablandığını tarix dəfələrlə sübuta yetirib. Ona görə dünya liderləri dövlət başçımızın baxışlarına böyük önəm verirlər.
Bunu hər kəs bilir ki, Azərbaycanın maraqları olan yerdə Prezident İlham Əliyev heç bir güzəştə getməz. O, hakimiyyətə gələndən böyük Zəfər gününə kimi Qarabağ məsələsində düşmən Ermənistana, onun havadarlarına, supergüclərə qarşı qətiyyətlə mübarizə apardı, Azərbaycanın haqq səsini dünyaya çatdırdı.
Prezident İlham Əliyev xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli Lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Sonda hədəfinə çatdı, ata vəsiyyətini həyata keçirdi, işğal olunmuş Azərbaycan torpaqlarını azad etdi. Bu arzuların üfüqlərindən ölkəmiz üçün yeni bir gələcək formalaşdırmağa başladı.8 Noyabr Zəfəri təkcə torpaqların işğaldan azad olunması deyil. Bir ordunun digər bir hərbi birləşməni tutduğu mövqelərdən, ərazilərdən qovub çıxarması deyil. Bu, haqqın nahaqq üzərində qələbəsidir. 30 ilə yaxın müddət ərzində pozulan, tapdanan, göz yumulan ədalətin öz yerini tutmasıdır. Bir gün haqsızlıqların aradan qalxacağına, işğalçıların, zalımların, Xocalı cəlladlarının layiq olduqları cəzanı alacaqlarına heç zaman səngiməyən, öləziməyən ümidin göyərib, boy göstərməsidir. Bu qələbə özümüzə qaytarılmış milli qürurumuzdur. Azərbaycan xalqının dikələn qəddidir. Gələcəklə bağlı qurulan yeni xəyallarımızdır. Milli birliyimizin gücüdür. Bu güclə bütün hədəflərə çata biləcəyimizə sarsılmaz inamımızdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazdı. Xalqımızın qalibiyyəti ilə yeni bir inkişaf yolu müəyyənləşdirdi. 44 günlük Vətən müharibəsi gedişində və əldə edilmiş Zəfərlə bütün dünya dövlət rəhbərimizi sanki yenidən tanıdı, onun liderlik potensialını, idarəçilik məharətini, bacarıqlarının sərhədlərini gördü. Prezidentimiz indiyə qədər hələ bir dəfə də olsun real əməllərlə nəticələnməyən vədlər verməyib. Nəyisə söz xatirinə söyləməyib. Yerinə yetirməyəcəyi niyyətləri dilə gətirməyib. Amma nəyi söyləyibsə, nələrin reallaşdırılacağını bildiribsə, onlar gec-tez öz yerini tapıb. Bu illər ərzində Azərbaycan Prezidentinin böyük inamla göstərdiyi hədəflər, ali məqsədlər sırasında torpaqlarımızın azadlığı da vardı. Buna inamını bildirirdi. Belə bir məqsədin gec-tez reallaşacağına biz də inanırdıq.
44 gün davam edən Vətən müharibəsini Zəfərlə başa vuran dövlətimiz 30 ilə yaxın davam edən işğala son qoymaqla özünün pozulmuş hüquqlarını ədalətli güc yolu ilə təmin etməyin nümunəsini yaratdı. Qarabağ və Şərqi Zəngəzur, Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan indi azaddır. Azərbaycan indi müasir tarixinin şərəfli dövrünü yaşayır. Hər bir dövlətin və xalqın tarixində dönüş nöqtəsi sayılan, taleyində həlledici rol oynayan hadisələr baş verir. Azərbaycan da bu baxımdan istisna deyil. 1991-ci ildə müstəqilliyimizin bərpası, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizi və müstəqilliyimizi xilas etməsi, Azərbaycanın yeni neft strategiyasının öz bəhrəsini verməsi müasir tariximizin ən böyük hadisələridir. 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi isə tariximizin və taleyimizin növbəti və həm də ən möhtəşəm hadisəsi oldu.Dörd il əvvəl nail olduğumuz bu qələbə ilk növbədə onu göstərdi ki, Azərbaycan xalqı öz taleyini Prezident İlham Əliyevə etibar etməklə böyük müdriklik və uzaqgörənlilik nümayiş etdirib. Bu tarixi Zəfər onu təsdiqləyir ki, cənab İlham Əliyevin hər bir qərarı, atdığı hər bir addım Azərbaycanın milli maraqlarının həyata keçirilməsinə, dövlətçiliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılmasına xidmət edib. Nəticə etibarilə bu amillər torpaqlarımızın işğaldan azad olunması kimi tarixi missiyanın uğurla yerinə yetirilməsinə yol açıb.
Vətən müharibəsində tarixi qələbədən sonra Azərbaycan cəmiyyəti, ümumilikdə, bütün region yeni reallıqlar dövrünə qədəm qoyub. Bu reallığın müəllifi olan Prezident İlham Əliyevin postkonflikt dövründə əsas məqsədi işğaldan azad olunmuş əraziləri ən müasir standartlara uyğun bərpa etməklə yanaşı, yaranmış geniş imkanları həm də Azərbaycanın regionda yeni strateji maraqlarının gerçəkləşdirilməsi üçün səfərbər etməkdir.Müharibədən sonrakı qısa zaman ərzində ölkəmizin imkanları hesabına, dost ölkələrin nüfuzlu şirkətlərini cəlb etməklə bir beynəlxalq hava limanının tikilib istifadəyə verilməsi, daha iki hava limanının tikintisi, işğaldan azad olunmuş əraziləri bir-birinə bağlayan müasir yol-nəqliyyat infrastrukturunun yaradılması, Azərbaycanın əsas hissəsini Naxçıvan MR-lə və daha sonra qardaş Türkiyə ilə bağlayacaq Zəngəzur dəhlizinin əsasının qoyulması və son nəticədə bölgənin beynəlxalq logistika mərkəzinə çevrilməsi potensialının yaradılması, habelə enerji təminatı məsələlərinin həll edilməsi, ən qabaqcıl texnologiyalar əsasında yaşayış məskənlərinin və istehsal obyektlərinin yaradılması istiqamətində görülən işlər cənab İlham Əliyevin formalaşdırdığı yeni reallığın əsas konturlarıdır.
Prezident İlham Əliyevin fasiləsiz iş cədvəli və yorulmaz fəaliyyəti, qarşıya qoyduğu hədəflərə çatmaq üçün yürütdüyü məqsədyönlü siyasət nəticəsində xarabalığa çevrilmiş ərazilər tanınmaz dərəcədə dəyişir və artıq Qarabağ və Şərqi Zəngəzurun yeni və müasir portreti yaranmağa başlayır. Azad edilmiş ərazilərin hər birində yerli ictimaiyyət nümayəndələri ilə silsilə görüşlər isə dövlət başçısının orada yaşamış yerli sakinlərin fikirlərinə nə qədər həssas yanaşmasının, mütərəqqi ideyaları yerindəcə uğurla işə çevirməsinin örnəklərini yaradıb. Xüsusilə qeyd edilməlidir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələrinin üzvlərinə, Vətən müharibəsi döyüşçülərinə xüsusi həssas yanaşmaları ilə hamıya şəxsi nümunə göstərirlər.
Lider-Media.az