lider-media.az

Politoloq: Azərbaycan Münxendə bir neçə diplomatik qələbə qazandı

Tarix: 20-02-2024, 14:38

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etməklə Avropada ölkəmizlə bağlı dolaşan şayiələrə, suallara aydınlıq gətirdi, bölgəmizdəki siyasi reallıqları Qərb siyasətçilərinin diqqətinə çatdırdı. Dövlətimizin başçısı onunla görüşən ölkə rəhbərlərinə, beynəlxalq təşkilatların rəsmilərinə açıq şəkildə bildirdi ki, Azərbaycanla münasibətləri ikitərəfli qaydada – Ermənistan faktoru nəzərə alınmadan-qursunlar. Həm də bildirdi ki, ATƏT-in Minsk qrupu, ATƏT sədrinin Qarabağ üzrə şəxsi nümayəndəliyi və bu kimi strukturlar ləğv edilməlidir. Qırx dörd günlük Vətən müharibəsinin başlanmasının, Xankəndidəki ermənilərin ölkəmizi tərk etmələrinin səbəbləri, Azərbaycan-Ermənistan münasibətlərinin indiki vəziyyəti, masa üzərində olan təkliflər və sair məsələləri də avropalı siyasilərin diqqətinə çatdırdı. Düşünürəm ki, Ermənistanın Münxen konfransından gözləntiləri özünü doğrultmadı. Hər şey rəsmi Bakının maraqları müstəvisində cərəyan etdi. Azərbaycan Münxendə bir neçə diplomatik qələbə qazandı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.

O bildirib ki, Ermənistanın Azərbaycana qarşı Qərbdə apardığı çirkin kampaniya Münxendə fiaskoya uğradı: “Rəsmi İrəvanın gözləntilərinin əksinə olaraq Qərb dövlətlərinin rəhbər şəxsləri, beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan Prezidenti ilə görüşmək üçün növbəyə durmuşdular. Ermənistanın şərti sərhəddə həyata keçirdiyi təxribat da onların işinə yarımadı. Ümumiyyətlə, dövlətimizin başçısının Münxen Təhlükəsizlik Konfransına dəvət edilməsi Qərbin Bakıya ehtiyacından doğur.

Bundan əlavə, Almaniya Kansleri Olaf Şoltsun Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün necə canfəşanlıq etdiyi də müşahidə edilirdi. Müsbət təkliflərə hər zaman önəm verən Azərbaycan da bu görüşdən imtina etmədi. Ortada olan bütün problemlər, təkliflər O.Şoltsun özünün də iştirakı ilə müzakirə edildi. Hesab edirəm ki, bu görüşdən sonra Almaniyanın Azərbaycana qarşı münasibətlərində qismən də olsa dəyişiklik yaranacaq”.

Politoloq qeyd edib ki, qlobal səviyyədə ən vacib və aktual problemlərin müzakirə platforması olan Münxen Təhlükəsizlik Konfransında 40-dan çox ölkənin dövlət və hökumət başçıları, xarici işlər, müdafiə və digər sahələrə məsul nazirləri, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri və digər dövlətlərarası təşkilatların baş katibləri də dəvət olunmuşdular. Konfransa dəvət olunmuş az sayda dövlət başçıları arasında Prezident İlham Əliyevin də olması Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun, ölkəmizə göstərilən yüksək hörmət və etimadın təsdiqidir. Azərbaycan Qərb üçün qlobal təşəbbüslərlə çıxış edən lokal deyil, regional gücdür. Ölkəmizin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün son iki ildə atdığı addımlar müsbət dəyərləndirilir. Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol nəzərə alınaraq Azərbaycan həm də Cənubi Qafqazın təhlükəsizliyinin təmin olunmasının qarantı kimi qəbul edilir.

Azərbaycanın artıq “orta güc"ə çevrildiyini diqqətə çatdıran R.Alıyev deyib: “Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanla hesablaşırlar. Ötən 30 il ərzində, xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanı milli maraqlarından imtinaya məcbur edə bilməyən siyasi güclər Prezident İlham Əliyevin siyasi xarakterini, iradəsinin gücünü yaxşı bilirlər. Başa düşürlər ki, Qafqazda olmaq üçün Bakının icazəsini almaq lazımdır. Regionda heç bir transmilli layihə Azərbaycanın iştirakı və razılığı olmadan gerçəkləşə bilməz. Azərbaycan xarici diplomatiyasında özünümüdafiədən hücuma keçib. Dövlətimizin başçısı çıxışlarında tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə istinadlar etdi, erməni tərəfinin əsassız və savadsız şərhlərinə arqumentlərlə cavab verdi”.

Politoloq qeyd edib ki, ölkəmiz son illər kolonializm və islamofobiya mövzularında müzakirələrin, tədbirlərin sayını artırıb. Xüsusilə də Fransa kimi kolonializm siyasətinin yaradıcılarından olan dövlətlərin çirkin tarixi fəaliyyətlərini bu gün də davam etdirmələrinə qarşı Bakı öz etirazını yüksək səslə, açıq şəkildə bildirir. Qarşıdakı zaman kəsiyində Azərbaycan bu siyasətini daha da genişləndirəcək.

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi Azərbaycana göstərilən böyük etimadın nümunəsidir. Bu məsələyə Münxendə də böyük diqqət ayrıldı. Almaniya Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Prezident İlham Əliyevlə keçirilən görüşdə Kansler qeyd etdi ki, COP29 əsnasında Ermənistanla Azərbaycan arasında əldə olunan kompromislər, COP29-un Azərbaycanda keçirilməsi sülh gündəliyinin də irəli aparılması üçün əlverişli imkanlar yarada bilər”, - deyə politoloq vurğulayıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi