lider-media.az

Rüstəm Orucov: Cüdoçularımız Azərbaycanın gücünü bütün dünyaya göstərdilər

Baxış: 82 Tarix: 19-02-2024, 16:04




“Yığmamız turnirdə çox yaxşı çıxış etdi. Onlar Azərbaycanın gücünü bütün dünyaya göstərdilər”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında veteran cüdoçu Rüstəm Orucov Azərbaycan millisinin Bakıda keçirilmiş “Böyük Dəbilqə” turnirindəki çıxışını dəyərləndirərkən deyib.

O, xüsusilə gənc cüdoçuların nəticələrindən razı qaldığını bildirib: “Açığı, Ömər Rəcəbli (81 kiloqram), Vüqar Talıbov (90 kiloqram) və Camal Qamzatxanovdan (+100 kiloqram) belə nəticə gözləmirdim. Amma onlar özlərini doğrultdular və son ana kimi vuruşdular. Hidayət Heydərovdan (73 kiloqram) isə hansı turnirdə iştirak etməyindən asılı olmayaraq, həmişə qızıl medal gözləyirəm. O, bu turnirin favoriti və lideri idi. Qalib olacağına 90 faiz əmin idim. Avropa və dünya çempionatlarında mükafatçılar sırasında olmaq nisbətən daha çətindir. Komandamız zəif deyil. Cüdoçularımız bu cür davam etsələr, “Paris-2024” Yay Olimpiya Oyunlarında yaxşı nəticələrə imza atacaqlar. Özüm də onlara motivasiya verməyə və dəstək olmağa çalışacağam. Öz bildiklərimi onlarla paylaşacağam”.

33 yaşlı idmançı Səid Mollayi və Zelim Tçkayevin (hər ikisi 81 kiloqram) finalda bir-birlərinə rəqib olacaqlarını düşündüyünü, lakin bunun baş vermədiyini söyləyib: “Səid turniri medalsız başa vurdu. 4-5 ay öncə əməliyyat edilmişdi. Onun yarışlarını izlədikcə, hələ tam bərpa ola bilmədiyi qənaətinə gəlirəm. Səid Olimpiya ikincisi və dünya çempionudur. İnanıram ki, tezliklə toparlanacaq və növbəti turnirlərdə özünü daha yaxşı formada göstərəcək. Elcan Hacıyev (90 kiloqram) və Zelim Kotsoyevdən (100 kiloqram) də medal gözləyirdim. Lakin bu, cüdodur, hər an hər şey baş verə bilər. Cüdonun gözəlliyi də elə bundadır. Nə qədər iddialı və güclü olsan da, kiçik bir səhvə görə uduza bilirsən. Amma bu o demək deyil ki, yarışdan uğursuz nəticə ilə ayrılan idmançılarımız zəifdirlər. Onların gələcəyi hələ qabaqdadır və mən hər birinə inanıram. Düzdür, bütün çəki dərəcələrində Olimpiadaya kimin gedəcəyi hələ bəlli deyil. Onlar arasında seçim ediləcək. Amma 100 kiloqram çəki dərəcəsində Zelimdən Olimpiadada medal gözləyirəm”.

R. Orucovun sözlərinə görə, qadın cüdoçular yarışı medalsız başa vursalar da, onlara ümidlər böyükdür: “Qızlarımız da pis çıxış etmədilər. Xüsusilə, Leyla Əliyeva (48 kiloqram) son zamanlar formadadır. Aydan Vəliyeva və Gültac Məmmədəliyeva (hər ikisi 52 kiloqram) da kifayət qədər yaxşı təsir bağışladılar”.

Qeyd edək ki, Azərbaycan yığması "Böyük Dəbilqə" turnirini 8 medalla başa vurub. Hidayət Heydərov (73 kiloqram), Zelim Tçkayev (81 kiloqram) və Murad Fətiyev (90 kiloqram) qızıl, Ömər Rəcəbli (81 kiloqram), Camal Qamzatxanov (+100 kiloqram) gümüş, Balabəy Ağayev (60 kiloqram), Yaşar Nəcəfov (66 kiloqram) və Vüqar Talıbov (90 kiloqram) isə bürünc medal qazanıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi