lider-media.az

Aİ missiyasının Ermənistanın xeyrinə kəşfiyyat aparması beynəlxalq hüququn normalarının kobud surətdə pozulmasıdır - RƏY

Baxış sayı: 71 Tarix: 13-02-2024, 15:25

Avropa İttifaqı və onun tabeliyində olan müxtəlif strukturların Azərbaycana qeyri-dost münasibəti indi heç kimdə təəccüb doğurmur. Artıq bu təşkilat, eləcə də Avropa Şurasının ermənilərin və onların arxasında dayananların ruporuna çevrildiyini sübut etməyə ehtiyac yoxdur. Həmin təşkilatların son bir neçə ayda Azərbaycana qarşı atdığı qərəzli addımlar bütün ictimaiyyətə məlumdur. Bu qurumlar müdafiə və təhlükəsizlik məsələlərinin həlli ilə bağlı Ermənistana vəd vermişdilər. Ancaq bu vədlər yerinə yetirilmədi. Azərbaycanı regionda qurmaq istədikləri oyuna çəkə bilməmələri onları daha da qəzəbləndirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru politoloq Əlimusa İbrahimov səsləndirib.

Son günlər Avropa İttifaqının müşahidə missiyasının üzvlərinin müxtəlif bəhanələrlə Ermənistan-Azərbaycan sərhədinə gələrək “binokl diplomatiyası” həyata keçirdiklərini xatırladan politoloq həmin missiyanın Ermənistanın xeyrinə kəşfiyyat aparmasının beynəlxalq hüquq normalarının kobud surətdə pozulması olduğunu qeyd edib.

“Təsəvvür edin, Azərbaycan da daxil olmaqla, müxtəlif ölkələrə beynəlxalq insan hüquqlarından dərs deməyi də zaman-zaman özlərinə rəva bilən dövlətlər birliyi öz xudpəsənd niyyətlərini həyata keçirmək üçün bu hüquqları istədikləri vaxt ayaq altına atmağa “qadirdir”. Buna görə də fevralın 12-si Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılaraq Aİ-nin Ermənistandakı monitorinq missiyasının əldə edilmiş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb. Təbii ki, belə bir xəbərdarlıq beynəlxalq hüququn normalarının tələb etdiyi qaydada həyata keçirilib. Görüş zamanı sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi məqsədlərinə zidd olaraq Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə edildiyi vurğulanıb”, - deyə politoloq bildirib.

Ə. İbrahimov bu addımın, eyni zamanda, Azərbaycan tərəfini sərhəddə baş verə biləcək xoşagəlməz hadisələrdən sığortalamaq məqsədi güddüyünü də vurğulayıb.

“Sərhəddə “binokl diplomatiyası” həyata keçirən avropalı müşahidəçinin təxribat nəticəsində güllə yarası almayacağına heç kim zəmanət verə bilməz. Bizim diplomatlar məhz bu xəbərdarlığı Avropa missiyasının diqqətinə çatdırmaq üçün həm də Peter Mixalkonu Xarici İşlər Nazirliyinə dəvət ediblər.

Digər tərəfdən Azərbaycan beynəlxalq münasibətlərin müstəqil subyektidir və onun sərhədində heç bir təşkilatın nümayəndəsi müxtəlif bəhanələr altında kəşfiyyat məlumatı toplaya bilməz. Axı bu missiyanın Ermənistana gəlməsi vaxtilə məhz Azərbaycanın razılığından sonra baş verib. Belə çıxır ki, Azərbaycan Avropa İttifaqının müşahidə missiyasını Ermənistana yardım etmək üçün regiona buraxıb? Təbii ki, belə deyil. Azərbaycan onlara işləmək üçün şərait yaratmaq sözü veribsə, onlar da özlərini götürdükləri öhdəliyə riayət edəcək şəkildə aparmalıdırlar. Əks təqdirdə, bu təşkilatın Cənubi Qafqaz regionunda bundan sonrakı layihələrinin qarşısını alan da elə Azərbaycan dövləti olacaq”, - deyə professor deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi