Gürcüstan mediası Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışını geniş işıqlandırıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışı Gürcüstan mediasının diqqət mərkəzində olub.
Lider-media.az xəbər verir ki, “interpress.ge”, “aktual.ge”, “realnews.ge” informasiya portalları, “1tv.ge” televiziya kanalı Azərbaycan Prezidentinin dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını cavablandırarkən söylədiyi fikirlərə geniş yer veriblər.
“İnterpress.ge” portalı Azərbaycan Prezidentinin çıxışına istinadla yazır: “Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın”.
"Bu sahədə müəyyən dezinformasiyalara rast gəlinir. Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”.
Portalın başqa bir məlumatında isə dövlətimizin başçısının region ilə bağlı fikirləri qeyd olunub: “Cənubi Qafqaz regionuna gəldikdə, deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi-geosiyasi dəyişikliklər baş verir”.
Azərbaycan Prezidentinin bu fikri də vurğulanıb: “Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ötən ilin sentyabrında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ən mühüm hadisədir. Bu, təkcə birinci və ikinci Forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu”.
“Aktual.ge” portalı Prezident İlham Əliyevin sülh sazişi ilə bağlı fikirlərinə diqqəti çəkir. Materialda deyilir: “Sülh sazişinə gəldikdə, mənə xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb. Ermənistan həmin o müddəanı və terminologiyanı (Qarabağla bağlı - red.) oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir”.
“Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”.
Digər bir materialda da dövlətimizin başçısının çıxışına istinadla deyilir: “Biz nə işğalı, nə onun fəsadlarını, nə verdiyimiz qurbanları, nə də Qələbəmizi heç zaman unutmayacağıq”. “Biz və gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcəyik. Lakin biz buna fokuslanmamalı, bu mövzunu daim istismar etməməli, daimi rəmzə çevirməməliyik. Biz irəli getməliyik”.
“Realnews.ge” portalında yayımlanan materiallarda da regionda və Azərbaycanda baş verən hadisələrin obyektiv işıqlandırılması ilə bağlı Azərbaycan Prezidentinin fikirləri əksini tapıb. Portalın digər materialında Qərbdə siyasi dairələrdə reallığın daha çox üzə çıxdığı və Azərbaycana bərabər tərəfdaş kimi yanaşıldığı qeyd olunur.
Prezident İlham Əliyevin çıxışından gətirilən sitatda deyilir: “Biz de-fakto və de-yure olaraq müstəqilliyi seçdik – müstəqil xarici siyasət, özünü təmin edən iqtisadiyyat, bizimlə əməkdaşlığa can atan tərəfdaşlarımızla səmərəli əməkdaşlıq. Əlbəttə ki, biz daxili potensialımıza söykənirdik”.
“1tv.ge” televiziya kanalının yayımladığı materiallarda da Azərbaycan Prezidentinin çıxışından sitatlar gətirilir: “Biz de-fakto, o cümlədən de-yure müstəqillik, müstəqil xarici siyasət, özünü təmin edən iqtisadiyyat, bizimlə əməkdaşlığa hazır olan tərəfdaşlarımızla səmərəli əməkdaşlığı seçdik, daxili potensiala arxalandıq”.
Digər materialda isə deyilir: “Biz region ölkələri ilə sıx əlaqələri təmin etdik ki, bu da bizə iqtisadi problemlərin əksəriyyətini həll etməyə imkan verdi. Biz öz üzərimizdə işlədik, diqqətimizi xalqımıza, ölkəmizə yönəltdik və Avropa Parlamentindən və ya Avropa Şurasından gələn söz-söhbətlərə, bəyanatlara məhəl qoymadıq”.