Türkiyə mətbuatı: Şuşa Zirvə görüşü türk dünyasının birliyi yolunda mühüm addımdır
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı xəbər agentlikləri, televiziya kanalları və mətbu nəşrləri bir gün əvvəl Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünü geniş işıqlandırıblar.
Lider-media.az AZƏRTAC-a istinadla xəbər verir ki, “Sabah” qəzeti Şuşa Zirvə görüşü barədə “Bizim gücümüz birliyimizdədir” sərlövhəli məlumat verib. Materialda Azərbaycan Prezidenti İlham Əliyevin XXI əsrin türk dünyasının inkişaf və tərəqqi dövrünə çevrilməsinin zəruriliyi haqqında söylədiyi fikirlər sitat gətirilir. Bu görüşün türk dövlətləri arasında əlaqələrin daha da konsolidasiyası və möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanır.
Türkiyənin NTV telekanalı hazırladığı reportajda Türkiyənin xarici işlər naziri Hakan Fidanın tezliklə türk dünyasının vahid əlifbasını yaratmaq çağırışına diqqət çəkib.
DHA və Anadolu xəbər agentlikləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Şuşadakı çıxışı barədə ətraflı məlumat veriblər.
Materiallarda Türkiyə nümayəndə heyətinin rəhbərinin Qarabağın tarixən Azərbaycana məxsus olduğu, Ankaranın BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransına (COP31) ev sahibliyi etməyə hazır olması və Orta Nəqliyyat Dəhlizinin inkişafının əhəmiyyəti barədə söylədiyi fikirlərə diqqət yetirilir.
“Hürriyyət” qəzetinin yazılarında Ankaranın Ermənistanla dialoqa dair mövqeyi, vahid türk əlifbasının yaradılması, Türkiyənin Ukraynada müharibəyə son qoymaq səyləri və ŞKTC xalqının hüquqlarının təmin edilməsinin vacibliyinə diqqət yetirilir.
Nəşr Türkiyənin xarici işlər naziri Hakan Fidanın çıxışından bəhs edərək, onun Yaxın Şərqdə qırğını dayandırmağın zəruriliyi ilə bağlı sözlərini sitat gətirir: “Türk dünyası bölgədəki humanitar dramdan üz çevirməməlidir”.
ŞKTC mediası da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün türk dünyasında birlik və əməkdaşlıq baxımından əhəmiyyətindən yazıb.
Şimali Kiprin BRTK telekanalı ŞKTC Prezidenti Ersin Tatar və Türk Kiprin xarici işlər naziri Tahsin Ərtoğluoğlunun Şuşadakı çıxışları barədə oxuculara məlumat verib, Azərbaycanın mədəniyyət paytaxtından reportajlar hazırlayıb, canlı yayımlar edib. Telekanal ŞKTC rəhbərliyinin Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə dəvət olunmasının əhəmiyyətinə diqqət çəkib və sammitin təşkilini yüksək qiymətləndirib.
“Halkın Sesi” və “Kıbrıs Hakikat” qəzetləri Şuşa Zirvə görüşünün mövzusu ilə bağlı bir sıra xəbərlər dərc edərək, Kipr türklərinin lideri və ölkənin xarici işlər nazirinin rəhbərinin Şuşada çıxışlarından ətraflı bəhs edib.
“Kıbrıs Postası” nəşri Şimali Kipr diplomatiyasının başçısının Azərbaycandakı çıxışı ilə bağlı ayrıca xəbər hazırlayıb. “Ərtoğruluoğlu türk dünyasının liderlərinə Lefkoşanın üstünlükləri barədə məlumat verib, onun əməkdaşlığa və ŞKTC-nin inkişafına hazır olduğunu vurğulayıb”, - deyə qəzet yazır.