Bakı Təşəbbüs Qrupunun BMT-nin mənzil-qərargahında kolonializmə qarşı mübarizəyə həsr olunmuş növbəti konfransı keçiriləcək
Lider-media.az xəbər verir ki, konfrans BMT-nin Müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannamənin icrası ilə bağlı yaradılmış xüsusi Komitə – C24-ün illik iclası çərçivəsində baş tutacaq.
“Müstəqilliyə və Fundamental Azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin Rolu” adlı Konfransda Fransanın və Niderlandın müstəmləkə altında saxladığı ərazilərdən, habelə Korsika, Fransız Qvianası, Qvadalup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı və Niderlanddan 40-dan artıq rəsmi nümayəndə, müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak edəcək.
Bakı Təşəbbüs Qrupunun bundan öncə təşkil etdiyi beynəlxalq konfranslardan fərqli olaraq, bu tədbirdə ilk dəfə olaraq Niderlandın koloniyaları olan Sent-Martin və Bonayredən nümayəndələrin iştirakı və çıxışı nəzərdə tutulur.
Konfransda, həmçinin Yeni Kaledoniyanın xarici işlər naziri ölkəsində baş verən son hadisələr, o cümlədən Fransa hökumətinin kanak xalqına qarşı həyata keçirdiyi vəhşiliklər barədə dünya ictimaiyyətini məlumatlandıracaq.