lider-media.az

Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin 43-cü ildönümü qeyd olunub

Baxış: 275 Tarix: Сегодня, 21:01


Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 43-cü ildönümü münasibətilə noyabrın 18-də Bakıda tədbir təşkil edilib.
Lider-media.az xəbər verir ki, tədbirdə əvvəlcə Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin, eləcə də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində həlak olmuş hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın Dövlət Himni və İstiqlal Marşı səsləndirilib.

Daha sonra çıxış edən Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer bildirib ki, 15 noyabr 1983-cü il Şimali Kipr türk xalqının tarixində mühüm mərhələ, milli iradə və öz müqəddəratını təyin etmək əzminin təcəssümüdür. O, Türkiyənin Şimali Kipr xalqına göstərdiyi davamlı dəstəyin əhəmiyyətini vurğulayaraq, Azərbaycanla mövcud dostluq və qardaşlıq münasibətlərinin də xüsusi önəm daşıdığını qeyd edib. Bildirib ki, ortaq dil, tarix və mədəniyyət əsasında formalaşan bu əlaqələrin daha da möhkəmləndirilməsi, siyasi, iqtisadi, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqlara xidmət edir. Ufuk Turganer Azərbaycanın Şimali Kipr xalqına göstərdiyi diqqət və dəstəyə görə təşəkkürünü ifadə edib.

Azərbaycan–Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev çıxışında qeyd edib ki, Azərbaycan, Türkiyə və Şimali Kipr xalqlarını birləşdirən tarixi, milli-mənəvi və mədəni bağlar münasibətlərin inkişafı üçün möhkəm əsas yaradır. O, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin türk dünyasında həmrəyliyin güclənməsinə mühüm töhfə verdiyini, Şimali Kiprlə əlaqələrin də bu əməkdaşlıq müstəvisində inkişaf etdiyini vurğulayıb. Deputat parlamentlərarası əlaqələrin genişləndirilməsinin, qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Cavanşir Feyziyev Türk dünyasında birliyin və qarşılıqlı dəstəyin gücləndirilməsinin, ortaq maraqların beynəlxalq platformalarda diqqətdə saxlanılmasının vacibliyini diqqətə çatdırıb.

Çıxışlardan sonra tədbir ziyafətlə davam edib. 

Səadət



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi