lider-media.az

Türk qəhvəsi: Əsrlərə söykənən ənənə

Baxış: 251 Tarix: Сегодня, 13:54

Bir fincan qəhvənin qırx il xatirəsi

Səyahət zamanı yerli mətbəxin dadlarını kəşf etmək hər hansı bir ölkənin mədəniyyətini, həyat tərzini və ənənələrini yaxından tanımağın ən maraqlı yollarından biridir.

American Express-in 2026-cı il üzrə səyahət tendensiyalarına dair hesabatına görə, respondentlərin 82 faizi yerli mədəniyyətlə birbaşa tanışlıq imkanı yaradan təcrübələrin həmin mədəniyyətə marağı və rəğbəti artırdığını düşünür. Türkiyədə bu təcrübənin ən özünəməxsus nümunələrindən biri isə türk qəhvəsidir. Bir fincan türk qəhvəsi zəngin kulinariya irsini, səmimi ünsiyyəti və əsrlərdən bəri qorunan qonaqpərvərlik ənənəsini özündə birləşdirir.

Özünəməxsus ətri, məxməri köpüyü və hazırlanma üsulu ilə seçilən türk qəhvəsi 2013-cü ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına “Türk qəhvəsi mədəniyyəti və ənənəsi” adı ilə daxil edilib.

5 dekabr – Dünya Türk Qəhvəsi Günü bu qədim ənənəni daha yaxından tanımaq üçün gözəl fürsətdir. Türkiyənin tarixi qəhvəxanalarında bir fincan qəhvə ətrafında söhbətə qoşulmaq, bölgələrə məxsus fərqli qəhvə növlərini dadmaq və ənənəvi hazırlanma üsullarını öyrənmək səyahətçilərə ölkənin mədəniyyətini fərqli tərəfdən kəşf etmək imkanı verir. Çünki türk qəhvəsi mədəniyyətində içkinin özü qədər onun ətrafında yaranan ünsiyyət və səmimiyyət də mühüm yer tutur.

Türk qəhvəsi: Əsrlərə söykənən ənənə

Türkiyə çay mədəniyyəti ilə tanınsa da, türk qəhvəsi də gündəlik həyatın ayrılmaz hissəsidir.

XVI əsrdə Yəməndən İstanbula gətirilən qəhvə qısa müddətdə geniş yayılıb, şəhərdə ilk qəhvəxanaların yaranmasına təkan verib. İnsanların söhbət etmək, fikir mübadiləsi aparmaq və bir araya gəlmək üçün toplaşdığı bu məkanlar sonralar Avropada da məşhurlaşıb. Avropalı diplomat və tacirlər türk qəhvəsi ənənəsinin Osmanlı paytaxtından kənara yayılmasında mühüm rol oynayıblar.

Türk qəhvəsinin fərqli dadının sirri onun hazırlanma üsulundadır. İncə üyüdülmüş qəhvə dənələri “cezve” adlanan xüsusi qabda su ilə birlikdə vam odda bişirilir. Bu üsul içkiyə xarakterik köpük və dolğun dad verir.

Şəkərsiz və ya zövqə uyğun şəkər əlavə edilməklə hazırlanan qəhvə kiçik fincanlarda, adətən, türk lokumu ilə birlikdə təqdim olunur.

Gündəlik dost söhbətlərindən nişan mərasimlərinə qədər türk qəhvəsi insanları bir araya gətirən, qonaqpərvərliyi ifadə edən mühüm ənənədir. Qəhvə süfrəsinin digər maraqlı adətlərindən biri də içildikdən sonra fincanın dibində qalan çöküntüdən fal açılmasıdır.

Bütün bunlar türk qəhvəsini sadəcə bir içki deyil, sosial ünsiyyətin və mədəni yaddaşın bir hissəsinə çevirir.

Türkiyə üzrə qəhvə marşrutu: Fərqli bölgələrin özünəməxsus dadları

Türkiyədə qəhvə mədəniyyətini daha yaxından tanımaq istəyənlər üçün ölkənin müxtəlif şəhərləri maraqlı səyahət marşrutu təqdim edir. Tarixi qəhvəxanalardan müasir məkanlara, ənənəvi hazırlanma üsullarından bölgələrə xas xüsusi reseptlərə qədər hər dayanacaq fərqli təəssürat vəd edir.

Səyahətə İstanbuldan başlamaq olar. Tarixi Yarımadanın Sultanahmet, Sirkeci və Eminönü məhəllələri, eləcə də Karaköy, Qalata və Kadıköy kimi bölgələr özünəməxsus atmosferə malik qəhvəxanaları ilə seçilir. Burada ənənəvi türk qəhvəsi ilə yanaşı, isti qum üzərində və ya köz üzərində hazırlanan qəhvənin də dadına baxmaq mümkündür. Bu üsul içkiyə daha dolğun dad və xüsusi aroma qazandırır.

Qəhvə mədəniyyətinin izlərini Ankarada və İzmirdə də tapmaq olar. Paytaxt Ankaranın Tunalı Hilmi küçəsi və Çankaya kimi canlı məhəllərində ənənəvi türk qəhvəsi təqdim edən müasir qəhvəxanalar fəaliyyət göstərir.

İzmirdə isə Əlsancaqda, İzmir körfəzinə açılan mənzərə qarşısında və ya tarixi evləri ilə seçilən sakit küçələrdə qəhvədən zövq almaq mümkündür. Şəhərin Urla bölgəsində, xüsusilə Sənət küçəsi boyunca yerləşən kiçik qəhvəxanalar da ziyarətçilərin diqqətini çəkir. Yaxınlıqdakı Alaçatıda isə saqqız ətirli türk qəhvəsini dadmaq tövsiyə olunur. Daş döşənmiş küçələrin və ənənəvi memarlığın yaratdığı ab-hava bu təcrübəni daha da yaddaqalan edir.

Türkiyənin cənub-şərqində yerləşən Qaziantep də qəhvə həvəskarları üçün maraqlı dayanacaqlardandır. 2024-cü ildə Avropa İttifaqının Qorunan Mənşə Adı (PDO) statusunu qazanan Qaziantep menengiç qəhvəsi bölgənin fərqli dadlarından biridir. Kofeinsiz olan bu içki Pistacia terebinthus ağacının qovrulmuş meyvələrindən hazırlanır.

Daha şərqdə, Şanlıurfa və Mardində isə tünd və acı dadı ilə seçilən mırra qəhvəsini dadmaq olar. Onun xarakterik dadı qəhvə dənələrinin iki dəfə qovrulması ilə əldə edilir. Adıyamanda hazırlanan karvansaray qəhvəsi isə qəhvə mədəniyyətinin fərqli və müasir nümunəsidir. Qəhvə, şokolad, qaymaq, salep, keçibuynuzu, menengiç və saqqızın birləşməsindən hazırlanan bu içki zəngin dad çalarları ilə seçilir.

Türkiyənin müxtəlif bölgələrində məşhur olan digər növ dibek qəhvəsidir. Ənənəvi üsulla qovrulmuş qəhvə dənələri dəyirmanda deyil, daş həvəngdəstədə döyülərək üyüdülür. Müasir reseptlərdə isə müxtəlif ətirli əlavələrdən istifadə etməklə ona fərqli dad çalarları verilir.

Qəhvə səyahətinin maraqlı dayanacaqlarından biri də Karabük vilayətinin Safranbolu şəhərində yerləşən Türk Qəhvəsi Muzeyidir. Osmanlı dövrünə aid autentik evləri və tarixi memarlığı ilə tanınan Safranbolu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib, həmçinin Cittaslow şəbəkəsinin üzvüdür. Muzeydə türk qəhvəsinin tarixi və ənənələri ilə daha yaxından tanış olmaq mümkündür.

Türk qəhvəsinin zəngin mədəniyyətini evində də yaşatmaq istəyənlər üçün isə bu səyahətin ən gözəl xatirəsi ənənəvi hədiyyə dəsti ola bilər. Cezve, incə üyüdülmüş türk qəhvəsi və iki ədəd çini fincandan ibarət belə bir dəst əsrlərdən gələn bu ləzzəti yaxınlarla bölüşmək üçün gözəl seçimdir.

Türkiyədə türk qəhvəsi ilə tanışlıq, əslində, sadəcə yeni bir dad kəşf etmək deyil. Bu, tarixə, ənənələrə, qonaqpərvərliyə və insanları bir araya gətirən səmimi ünsiyyət mədəniyyətinə səyahətdir. Bir fincan qəhvənin qırx il xatirəsi var deyən türk ənənəsi də məhz bu düşüncənin ifadəsidir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi