lider-media.az

Uşaqların təhlükəsizliyi – cəmiyyətin mənəvi məsuliyyəti, dövlətin prioritet vəzifəsi

Baxış: 1234 Tarix: Сегодня, 10:40

18 noyabr – Uşaqların Cinsi İstismardan və Zorakılıqdan Müdafiəsi və Reabilitasiyası Günüdür

Uşaqlıq insan ömrünün ən saf, ən kövrək və ən unudulmaz mərhələsidir. Bu illərdə insanın dünyaya münasibəti, həyata inamı, mənəvi dəyərləri və gələcək arzuları formalaşır. Uşaq üçün sevgi, qayğı və təhlükəsizlik yalnız xoşbəxt böyüməyin şərti deyil, həm də onun ayrılmaz hüququdur. Təəssüf ki, dünyanın müxtəlif ölkələrində milyonlarla uşaq məhz qorunmağa ən çox ehtiyac duyduğu yaşlarda zorakılığın, cinsi istismarın, psixoloji təzyiqin və laqeyd münasibətin qurbanına çevrilir. Bu acı reallıq bir daha təsdiqləyir ki, uşaqların müdafiəsi təkcə ailənin deyil, bütövlükdə dövlətin və cəmiyyətin qarşısında dayanan mühüm vəzifədir.

Noyabrın 18-də qeyd olunan Uşaqların Cinsi İstismardan, Zorakılıqdan Müdafiəsi və Reabilitasiyası Ümumdünya Günü məhz bu məsuliyyəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci il noyabrın 7-də qəbul etdiyi müvafiq qətnamə ilə noyabrın 18-ni bu sahədə Ümumdünya Günü elan edib. BMT-nin rəsmi məlumatında vurğulanır ki, bu günün əsas məqsədi uşaqlara qarşı cinsi istismar və zorakılığın bütün formalarının qarşısının alınması, zərərçəkmişlərin hüquqlarının müdafiəsi, onların ədalətə çıxışının, müalicə və reabilitasiyasının təmin edilməsi, eyni zamanda belə halların qurbanlarının damğalanmasına qarşı mübarizənin gücləndirilməsidir.

Bu tarixin mahiyyəti yalnız mövcud problemləri xatırlatmaqdan ibarət deyil. Əsas məqsəd uşaqların hüquqlarının kağız üzərində deyil, gündəlik həyatda etibarlı şəkildə təmin olunmasına nail olmaqdır. Çünki zorakılığın nəticələri bəzən görünən xəsarətlərdən daha dərinə işləyir. Uşağın sarsılmış inamı, yaşadığı qorxu və mənəvi travma onun şəxsiyyətinə, təhsilinə və gələcək münasibətlərinə uzun müddət təsir göstərə bilər. Buna görə də zorakılığın qarşısının alınması ilə yanaşı, zərərçəkmiş uşaqların psixoloji sağlamlığının bərpası və sosial reabilitasiyası da xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanda uşaqların hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə həyata keçirilən tədbirlərin hüquqi əsasları təkmilləşdirilir, uşaqların təhlükəsiz mühitdə böyüməsi, təhsil və sosial müdafiə imkanlarından yararlanması üçün institusional mexanizmlər gücləndirilir.

Bu istiqamətdə mühüm hüquqi addımlardan biri 3 mart 2026-cı il tarixli 371-VIIQ nömrəli “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni Qanununun qəbul edilməsidir. Qanunun tətbiqinin təmin olunması ilə bağlı Prezident İlham Əliyev 15 aprel 2026-cı il tarixində müvafiq fərman imzalayıb. Yeni qanun 63 maddədən ibarətdir və uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, dövlətin bu sahədə vəzifələri, uşaqların üstün mənafelərinin qorunması və pozulmuş hüquqlarının bərpası ilə bağlı mühüm müddəaları əhatə edir.

Yeni qanunda uşaqlara qarşı zorakılığın formaları, o cümlədən internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilən təhlükəli əməllər də nəzərə alınıb. Sənəddə zorakılıq əlamətlərini aşkar edən şəxslərin aidiyyəti qurumlara məlumat verməsi ilə bağlı məsuliyyət mexanizmləri də müəyyənləşdirilib. Qanunun 41-ci maddəsinə əsasən, cinayət, zorakılıq və digər qanunazidd davranış nəticəsində zərər çəkmiş uşağa sağlamlığının bərpası və sosial reabilitasiyası üçün zəruri yardım göstərilməsi dövlətin vəzifəsidir.

Uşaq hüquqlarının müdafiəsində uzunmüddətli dövlət siyasətinin əsasını təşkil edən sənədlərdən biri də Prezident İlham Əliyevin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”dır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2026-cı il yanvarın 28-də Milli Məclisdə keçirilən müzakirə ilə bağlı yaydığı məlumatda bildirilir ki, Strategiyanın icrası çərçivəsində 11 qanunvericilik aktı qəbul edilib. Komitənin açıqlamasına görə, 2020–2025-ci illəri əhatə edən birinci Fəaliyyət Planının icrası başa çatdırılıb, növbəti mərhələ üçün yeni Fəaliyyət Planının hazırlanması istiqamətində iş aparılır. Bu faktlar ölkəmizdə uşaq hüquqlarının müdafiəsinin ardıcıl hüquqi və institusional islahatlarla müşayiət olunduğunu göstərir.

Uşaqların hüquqlarının qorunmasında real nəticə verən mexanizmlərdən biri də onların kömək üçün müraciət edə biləcəyi xidmətlərin mövcudluğudur. Azərbaycanda fəaliyyət göstərən 116111 – Uşaq Qaynar Xətti bu baxımdan mühüm sosial müdafiə vasitəsidir. Komitənin rəsmi internet səhifəsində də təqdim olunan bu xidmət zorakılığa, bullinqə, psixoloji çətinliklərə və hüquq pozuntularına məruz qalan uşaqların müraciətlərini qəbul edir. Onlara psixoloji dəstək, hüquqi məsləhət və sosial istiqamətdə yönləndirmə imkanları yaradılır.

Rəsmi məlumata görə, 2026-cı ilin ilk altı ayı ərzində Azərbaycan Uşaq Qaynar Xəttinə ümumilikdə 3 min 751 müraciət daxil olub. Müraciətlərin 819-u zorakılığın müxtəlif formaları, o cümlədən məişət zorakılığı, psixoloji, fiziki və cinsi zorakılıq, etinasızlıq, bullinq və kiberzorakılıqla bağlı olub. Eyni dövrdə psixoloji dəstək ehtiyacı üzrə 1 245, hüquqi yardımla bağlı 386, təhsil məsələləri üzrə 179, səhiyyə xidmətləri ilə əlaqədar 70 müraciət qeydə alınıb. Sosial məsələlər üzrə daxil olan 360 müraciət isə sığınacaq ehtiyacı, intihar düşüncələri və cəhdləri, uşaqların istismarı və həssas vəziyyətindən sui-istifadə kimi məsələləri əhatə edib.

Qeyd etmək lazımdır ki, göstərilən rəqəmlər qeydə alınmış ümumi müraciətlərin statistikasıdır, təsdiqlənmiş zorakılıq hadisələrinin sayı deyil. Bununla belə, statistika uşaqların psixoloji, sosial və hüquqi dəstəyə ehtiyacının miqyasını, müraciət mexanizmlərinin əhəmiyyətini aydın nümayiş etdirir. Qaynar xəttin fəaliyyəti “Azercell Telekom” MMC-nin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən həyata keçirilir. Xidmət 116111 qısa nömrəsi ilə yanaşı, mobil nömrələr və elektron müraciət vasitələri üzərindən də əlçatandır.

Regionlarda uşaqların və ailələrin sosial müdafiəsinin gücləndirilməsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri də mühüm rol oynayır. Dövlət Komitəsinin rəsmi internet səhifəsində verilən məlumata əsasən, hazırda Bakı şəhəri və regionlarda 11 belə mərkəz fəaliyyət göstərir. Şüvəlan və Goranboy mərkəzləri 2007-ci ildə, digər 9 mərkəz isə 2010-cu ilin dekabrında Komitənin tabeliyinə verilib. Həmin mərkəzlər Ağdam, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl və Zaqatalada yerləşir.

Mərkəzlər həssas vəziyyətdə olan ailələrə və şəxslərə sosial dəstək göstərir, məişət zorakılığının və erkən evliliyin qarşısının alınması, ailə dəyərlərinin qorunması, sağlam həyat tərzinin təbliği və valideynlərin maarifləndirilməsi istiqamətində fəaliyyət göstərirlər. Dövlət Komitəsinin 2025-ci il üzrə açıqladığı göstəricilərə görə, həmin il bu mərkəzlərin fəaliyyətindən 29 min 746 nəfər faydalanıb. Eyni hesabatda Komitəyə 12 min 45 müraciətin daxil olduğu, dəstək mərkəzlərinə isə 1 888 müraciətin qeydə alındığı bildirilir. Bu göstəricilər regionlarda sosial xidmətlərin əlçatanlığının və ailələrlə işin əhəmiyyətini ortaya qoyur.

Uşaqların cinsi istismardan müdafiəsi sahəsində beynəlxalq əməkdaşlıq da ölkəmizin fəaliyyətində mühüm yer tutur. Azərbaycan Avropa Şurasının Uşaqların Cinsi İstismar və Cinsi Zorakılıqdan Müdafiəsi haqqında Lanzarote Konvensiyasını 19 dekabr 2019-cu ildə ratifikasiya edib. Konvensiya 1 aprel 2020-ci ildə Azərbaycan üçün qüvvəyə minib. Avropa Şurasının bu sənədi uşaqlara qarşı cinsi xarakterli cinayətlərin qarşısının alınmasını, zərərçəkmişlərin müdafiəsini və cinayət törədən şəxslərin məsuliyyətə cəlb edilməsini nəzərdə tutur.

Bu əməkdaşlığın davamı olaraq Avropa Şurasının Azərbaycan üzrə 2022–2026-cı illər Fəaliyyət Planı çərçivəsində “Azərbaycanda uşaqların zorakılıqdan, cinsi istismar və sui-istifadədən, o cümlədən rəqəmsal mühitdə müdafiəsi” layihəsi həyata keçirilir. Avropa Şurasının rəsmi məlumatına görə, layihənin ümumi maliyyə dəstəyi 428 min avro təşkil edir, icra müddəti isə 2025-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-dək müəyyənləşdirilib. Layihə hüquq-mühafizə və ədliyyə orqanlarının peşəkar bacarıqlarının artırılmasını, qanunvericilik və siyasət üzrə tövsiyələrin hazırlanmasını, uşaqların müdafiəsi sahəsində çalışan mütəxəssislərin maarifləndirilməsini əhatə edir.

Avropa Şurasının Bakı Ofisinin 16 oktyabr 2026-cı il tarixli məlumatına əsasən, oktyabrın 15-də Bakıda HELP proqramı çərçivəsində “Uşaqyönümlü ədalət mühakiməsi” və “Rəqəmsal mühitdə uşaqların hüquqları” mövzularında Azərbaycan dilində təlim kursları təqdim olunub. İlk mərhələdə 14 hüquqi və qeyri-hüquqi sahə mütəxəssisi üçün nəzərdə tutulan təlimlər uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi üzrə beynəlxalq standartların və qabaqcıl təcrübənin öyrənilməsinə xidmət edir.

Bütün bu tədbirlərin səmərəsi yalnız qanunların və müvafiq qurumların fəaliyyəti ilə deyil, həm də cəmiyyətin münasibəti ilə ölçülür. Uşağa qarşı zorakılığın gizlədilməsi, zərərçəkmişin günahlandırılması və onun yaşadıqlarına laqeyd yanaşılması problemin daha da dərinləşməsinə səbəb olur. Belə hallarda uşağı dinləmək, təhlükəsizliyini təmin etmək, məlumatı aidiyyəti qurumlara çatdırmaq və ona peşəkar yardım göstərilməsinə nail olmaq həyati əhəmiyyət daşıyır. Valideynlər, müəllimlər, həkimlər, sosial işçilər və uşaqlarla təmasda olan digər şəxslər bu məsuliyyətin daşıyıcılarıdır.

Xüsusilə rəqəmsal dövrdə valideynlərin və təhsil müəssisələrinin üzərinə əlavə vəzifələr düşür. Uşaqların internetdən təhlükəsiz istifadə qaydalarını öyrənməsi, şəxsi məlumatlarını qorumağı bacarması, şübhəli ünsiyyət və təhdid hallarında kimə müraciət edəcəyini bilməsi vacibdir. Təhlükəsizliyin ən etibarlı təminatlarından biri də uşağın qorxmadan danışa bildiyi, fikrinin dinlənildiyi və hisslərinin nəzərə alındığı mühitdir.

Noyabrın 18-i hər birimizə mühüm həqiqəti xatırladır: uşaqların müdafiəsi gələcəyin müdafiəsidir. Onların təhlükəsizliyi naminə görülən hər bir tədbir, vaxtında göstərilən hər bir yardım, qarşısı alınan hər bir zorakılıq hadisəsi cəmiyyətin sabahına qoyulan dəyərli sərmayədir. Dövlətin hüquqi təminatları, aidiyyəti qurumların fəaliyyəti, ailənin qayğısı və ictimaiyyətin fəal mövqeyi vahid məqsədə – hər bir uşağın qorxu deyil, sevgi və inam içində böyüməsinə xidmət etməlidir.

Heç bir uşaq zorakılığın qurbanı olmağa, yaşadığı ağrını gizlətməyə və köməksiz qalmağa məhkum edilməməlidir. Onların uşaqlığı qorunmalı, arzuları yarımçıq qalmamalı, gələcəyə inamı sarsıdılmamalıdır. Çünki uşaqların gülüşünün eşidildiyi, hüquqlarının qorunduğu, təhlükəsiz və qayğıkeş mühitdə böyüdüyü cəmiyyət öz gələcəyini ən etibarlı təməl üzərində qurur.

Nurəngiz Adilqızı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi