V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək

Şəki yenidən teatrın paytaxtına çevrilir – Beynəlxalq festivalın tarixi açıqlanıb
Oktyabrın 1-dən 5-dək Azərbaycanın qədim və füsunkar şəhəri Şəkidə V Şəki Beynəlxalq Teatr Festivalı keçiriləcək.
Lider-media.az xəbər verir ki, festival çərçivəsində Şəki müxtəlif ölkələrin teatr kollektivlərini bir araya gətirəcək.
Zəngin və özünəməxsus tarixə malik Şəki Beynəlxalq Teatr Festivalı 2014-cü ildən etibarən keçirilir. Festival Azərbaycan teatr tarixində ənənəvi olaraq keçirilən ilk beynəlxalq dramatik teatr festivallarından biri kimi qeyd olunur.
İlk festivalda Qazaxıstan, Rusiya və Azərbaycan teatrları iştirak edib. II Şəki Beynəlxalq Teatr Festivalında Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İran, Ukrayna, Gürcüstan, Rusiya və Azərbaycan, III festivalda Türkiyə, Meksika, İran, Gürcüstan, Rusiya və Azərbaycan, IV festivalda isə Qazaxıstan, Özbəkistan, Türkiyə və Azərbaycan teatrları müxtəlif janrlarda tamaşalar təqdim ediblər.
Şəki Dövlət Dram Teatrında keçirilən beynəlxalq teatr festivallarının əsas məqsədi Azərbaycan və dünya teatrları arasında yaradıcılıq əlaqələrini inkişaf etdirmək, dostluq münasibətlərini möhkəmləndirmək, təcrübə mübadiləsini genişləndirmək, eləcə də beynəlxalq əməkdaşlığın inkişafına xidmət edən memorandum və müqavilələrin imzalanmasına şərait yaratmaqdır.
Qeyd edək ki, V Şəki Beynəlxalq Teatr Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilir.
Festivalda Azərbaycan teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan olan teatr kollektivləri də iştirak edəcəklər.
Festival çərçivəsində nümayiş olunacaq tamaşalar teatrsevərlərə müxtəlif ölkələrin səhnə sənəti, teatr məktəbi və yaradıcılıq ənənələri ilə yaxından tanış olmaq imkanı yaradacaq.
Səadət