Şəhid övladları üçün “Zəfər” yay düşərgəsi təşkil edilib





“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində şəhid övladları üçün “Zəfər” yay düşərgəsi keçirilib.
21–24 avqust tarixlərində Şamaxı rayonunda yerləşən Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində təşkil olunan düşərgədə ölkənin müxtəlif bölgələrində yaşayan 12–16 yaş arası 30 şəhid övladı iştirak edib.
Düşərgənin əsas məqsədi iştirakçıların innovativ düşüncə, rəqəmsal və liderlik bacarıqlarının inkişafına dəstək olmaq, həmçinin onların yay tətilini səmərəli və faydalı keçirməsinə şərait yaratmaqdır.
Proqram çərçivəsində məktəblilər təcrübəli mütəxəssislərin keçirdiyi təlimlərdə iştirak edərək komanda işi, liderlik və rəqəmsal bacarıqlarını inkişaf etdiriblər. Bununla yanaşı, intellektual oyunlar, idman yarışları, müxtəlif əyləncəli proqramlar və innovasiya sahəsində uğur qazanmış tanınmış şəxslərlə motivasiya görüşləri təşkil olunub.
Bağlanış mərasimində Milli Məclisin deputatları Ceyhun Məmmədov və Mehriban Vəliyeva, eləcə də “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova çıxış ediblər. Çıxışlarda layihənin əhəmiyyəti, gənclərin rəqəmsal və liderlik bacarıqlarının inkişafının vacibliyi, eləcə də şəhid övladlarının yay tətilinin səmərəli təşkili üçün yaradılan imkanlardan bəhs olunub. Bu cür təşəbbüslərin uşaqların şəxsi inkişafına və yeni bacarıqlar qazanmalarına mühüm töhfə verdiyi vurğulanıb.
Tədbir şəhid övladlarından ibarət “Qəhrəman övladıyıq” xor qrupunun ifasında vətənpərvərlik və Zəfər ruhlu mahnılarla davam edib.
Sonda düşərgə iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub, xatirə fotosu çəkilib.
Səadət