lider-media.az

“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Tarix: 21-11-2024, 16:51

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli 2439 nömrəli Fərmanının 2.2.1-ci yarımbəndinin və 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 995 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. Adı aşağıdakı redaksiyada verilsin:

“Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”nin təsdiq edilməsi haqqında”.

2. Preambulaya “icrasını” sözündən əvvəl “və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 dekabr tarixli 2439 nömrəli Fərmanının 2.2.1-ci yarımbəndinin” sözləri əlavə edilsin.

3. Mətni aşağıdakı redaksiyada verilsin:

“Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” təsdiq edilsin (əlavə olunur).”.

4. Həmin Qərarla təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” üzrə:

4.1. adı aşağıdakı redaksiyada verilsin:

“Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri”;

4.2. 1-ci hissə üzrə:

4.2.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. Bu Sənəd Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və vergi ödəyicisinin risk meyarlarını və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müəyyən edir.”;

4.2.2. 1.2-ci bənddə “Meyarlarda” sözü “Sənəddə” sözü ilə əvəz edilsin;

4.2.3. 1.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“1.3. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qəbul edilmiş qərarlar həmin qərarların qəbul edildiyi gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) rəsmi internet saytında yerləşdirilir.”;

4.2.4. 1.4-cü bənddən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın və həmin bəndə “elektron qaimə-faktura sistemi” sözlərindən sonra “və (və ya) əlavə dəyər vergisinin depozit hesabı” sözləri əlavə edilsin;

4.3. 2-ci hissə üzrə:

4.3.1. 2.1.1-ci, 2.1.2-ci və 2.1.3-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.1.1. təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs;

2.1.2. qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs;

2.1.3.Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs. ”;

4.3.2. 2.1.4 - 2.1.8-ci yarımbəndlər ləğv edilsin;

4.4. 3-cü hissə ləğv edilsin;

4.5. aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:

“4. Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydası və şərtləri

4.1. Bu Sənədin 2.1-ci bəndində nəzərdə tutulan meyarlardan ən azı birinə cavab verən əməliyyat üzrə vergi ödəyicisinə, habelə müvafiq əməliyyat üzrə həmin şəxsin təqdim etdiyi elektron qaimə-faktura üzrə malların (iş və xidmətlərin) alıcısına əməliyyatın aparıldığı (elektron qaimə-fakturanın təsdiq edildiyi) tarixdən 15 iş günü ərzində aparılmış əməliyyatın riskli olması barədə bildiriş-xəbərdarlıq göndərilir. Bildiriş-xəbərdarlıq elektron üsulla həmin şəxslərin elektron kabinetinə göndərilir. Bildiriş-xəbərdarlıqda əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-fakturanın ləğv edilməsi, əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlərin təqdim edilməsi tələb olunur.

4.2. Bildiriş-xəbərdarlıq göndərildikdən sonra 5 (beş) iş günü ərzində qeyd olunan hallar bütövlükdə aradan qaldırılmadıqda, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-faktura ləğv edilmədikdə, habelə tələb olunan əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər təqdim edilmədikdə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilərək 1 (bir) iş günü ərzində elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir və əmtəəsiz əməliyyatla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar həmin qərarın qəbul edilməsinə əsas olan əməliyyatın aparıldığı tarixdən qüvvəyə minir.

4.3. Bu Sənədin 2.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicisinin mövcud resurslarının müvafiq işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün yetərli olmaması halı üzrə vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi bu Sənədin 4.1-ci bəndi ilə müəyyən edilmiş müddətdə vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən cəlb edilmiş mütəxəssisin yazılı şəkildə bildirdiyi fikri və ya ekspertin rəyi əsasında həyata keçirilir.

4.4. Aparılmış əməliyyat üzrə barəsində riskli vergi ödəyicisi elan edilməsi ilə bağlı qərar qəbul edilmiş vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması bu Sənədin 4.5-ci bəndində nəzərdə tutulan tələblər nəzərə alınmaqla, vergi ödəyicisinin elektron qaydada təqdim etdiyi ərizəsi əsasında həyata keçirilir. Vergi ödəyicisinin ərizəsinə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması ilə bağlı və ya əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər əlavə edilir.

Digər dövlət orqanından (qurumundan) daxil olan məlumata və ya vergi nəzarəti tədbirinin nəticəsinə əsasən riskli vergi ödəyicisi elan edilməsi ilə bağlı qərar qəbul edilmiş vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması vergi orqanının təşəbbüsü ilə həyata keçirilə bilər.

4.5. Aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir:

4.5.1. vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə;

4.5.2. aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə.

4.6. Bu Sənədin 4.7-ci bəndi nəzərə alınmaqla, bu Sənədin 4.4-cü bəndində nəzərdə tutulan ərizə daxil olduğu tarixdən etibarən 20 iş günü müddətində vergi orqanı tərəfindən baxılaraq vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması və ya bundan imtina olunması barədə qərar qəbul edilir və 1 (bir) iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinə göndərilir.

4.7. Bu Sənədin 4.5.2-ci yarımbəndi ilə müəyyən edilmiş şərtə əməl edildikdə bu Sənədin 4.4-cü bəndində nəzərdə tutulan ərizənin daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində vergi ödəyicisinin aparılmış əməliyyat üzrə riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul edilir və 1 (bir) iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinə göndərilir.

4.8. Bu Sənədin 4.5-ci bəndində göstərilən tələblərə tam və ya qismən əməl edilməməsi aparılmış əməliyyat üzrə vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı müraciətinə imtina edilməsi üçün əsasdır.

4.9. Bu Sənəddə nəzərdə tutulmuş hallarda vergi ödəyicisindən sənədlərin və məlumatların tələb edilməsi Vergi Məcəlləsinin 24.2-ci maddəsinin tələbi nəzərə alınmaqla həyata keçirilir.

4.10. Vergi ödəyicisi vergi orqanı tərəfindən bu Sənədin 4.2-ci və 4.6-cı bəndlərinə uyğun olaraq qəbul edilmiş qərarlardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.”.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 21 ” “ noyabr ” 2024-cü il

№ 486


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi