Uşaqlar dünənimiz, bu günümüz, sabahımızdır
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günüdür.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.
\
Uşaq bir ailənin təməli, sevincidir. Təkcə bir ailəninmi, yox elə bir elin-obanın, ölkənin, dünyanın sevincidir uşaqlar. Uşaqlar dünənimiz, bu günümüz, sabahımızdır. Onlar haqqında nə qədər xoş sözlər deyilib. Nə qədər deyilsə, yenə də azdır... Uşaqların hamisi, onların “Heydər baba” deyib sevdiyi ümummilli lider Heydər Əliyev deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimiizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
Bəli, uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara hər zaman diqqət və qayğı göstərilir, onların düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilir.
Ümummilli lider Heydər Əliyev uşaqları çox sevirdi və hər il uşaqlarla bağlı xüsusi əlamətdar günlər münasibətilə keçirilən tədbirlərdə şəxsən iştirak edir, sevincini onlarla bölüşürdü.
Ölkəmizdə uşaqlara diqqət və qayğı Ulu öndərin hələ Azərbatcana ilk dəfə rəhbərliyi dövründən başlamışdır. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il mayın 19-da imzalanan “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir: “Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir”.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə daima xalqın xoşbəxtliyi uğrunda çalışaraq birinci növbədə uşaqların xoşbəxt həyatını təmin etməyi özünün müqəddəs vəzifəsi hesab edirdi. Bu baxımdan uşaqlara qayğı göstərmək, uşaqların təhsili, tərbiyəsi üçün şərait yaratmaq, uşaqlara həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-ənənələrini aşılamaq uşaqlarla aparılan işi prioritet məsələ kimi gündəmdə saxlayırdı.
Eyni zamanda Azərbaycanın beynəlxalq uşaq konvensiyasına qoşulması və bu beynəlxalq təşkilatın üzvü olması Azərbaycanda uşaqlara qayğının artırılmasına, uşaqların hüquqlarının qorunması, cəmiyyətdə onlara münasibətin dövlət konstitusiyası, qanun əsasında qurulmasına zəmin yaradır.
Ümummilli lider Heydər Əliyevin ənənələrinə sadiq qalan, dahi şəxsiyyətin siyasi kursunu layiqincə həyata keçirən, ideyalarını yaşadan möhtərəm Prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondu, şəxsən fondun prezidenti Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva bu sahəni daim diqqət mərkəzində saxlayırlar. Dövlət başçımızın sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan olunması ölkəmizdə uşaqların sosial-rifah halının daha da yaxşılaşdırılması məqsədini daşıyırdı. Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri isə sadalamaqla bitməz. Fondun uşaqlara göstərdiyi qayğı artıq beynəlxalq aləmin diqqət mərkəzindədir. Çünki Heydər Əliyev Fondu yalnız Azərbaycan uşaqlarına deyil, müxtəlif ölkələrin uşaqlarının da qayğısına qalır. Məhz bütün bunların nəticəsidir ki, BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Mark Herevard tərəfindən Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya YUNİSEF-in xüsusi mükafatı təqdim edilib.
Bu gün fərəhlə demək olar ki, uşaq və gənclərə göstərilən qayğı və diqqət günü-gündən daha da artmaqdadır. Yeni məktəblərin tikilməsi, təmir olunması, idman komplekslərinin yaradılması buna əyani sübutdur.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu yolda gördüyü işlər xüsusi qeyd edilməlidir. Azərbaycanın ən ucqar dağ kəndində də uşaqların təhsili üçün hər cür şəraiti olan təhsil ocaqlarının tikilməsi bu qayğının təzahürüdür.
Elə uşaqlar var ki, onlar valideyn himayəsindən məhrumdurlar. Belə uşaqlar dövlət müəssisələrində tərbiyə olunurlar. Onların sağlam və savadlı böyümələri, təhsil almaları üçün hər cür şərait yaradılıb. Valideyn himayəsindən məhrum olunmuş uşaqların rifah halının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli inkişafı, onlara yüksək səviyyədə səhiyyə xidmətlərinin göstərilməsi də Mehriban xanım Əliyevanın diqqətdə saxladığı ən vacib məsələlərdəndir.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun davamı olaraq, bu gün də uşaqların rifahının yüksəldilməsi, onların intellektual səviyyəsinin artırılması sağlam və hərtərəfli qayğı ilə əhatə olunması dövlət siyasətinin baslıca vəzifələrindən biridir. Axı uşaqlar dövlətin gələcəyidir. Günü-gündən inkişaf edən, çiçəklənən respublikamızın gələcəyi məhz onların əlindədir...