Milli Olimpiya Komitəsinin Azərbaycanda idmanın və Respublika Olimpiya Hərəkatının inkişafında xüsusi rolu
İlham Əliyev 1997-ci iyulun 31-də Milli Olimpiya Komitəsinin prezidenti seçilib.
Azərbaycan cəmiyyəti, xüsusilə də idmançılar bu tarixi minnətdarlıq hissi ilə xatırlayırlar. Həmin tarixdə MOK-un növbəti Baş Məclisi komitənin yeni idarə heyətini müəyyənləşdirdi və İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildi. Bu mühüm vəzifəyə İlham Əliyevin seçilməsinin isə məntiqi əsası var idi. Müstəqil Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edən İlham Əliyev indiyədək ona həvalə olunan müxtəlif vəzifələrdə özünü bacarıqlı təşkilatçı kimi təsdiqləmişdi. Çoxşaxəli fəaliyyətində milli maraqları daim öndə tutur, ulu öndər Heydər Əliyevin ideyalarına sadiqlik nümayiş etdirirdi. Bütün bunlar da İlham Əliyevə böyük nüfuz qazandırmışdı. MOK-un Baş Məclisində İlham Əliyevin qurumun Prezidenti seçilməsi Azərbaycan cəmiyyətinin və idmançıların ona yüksək etimadını və inamını əks etdirirdi.
Müxtəlif sahələrdə qazandığı uğurlar idman ictimaiyyətində belə bir yüksək inam formalaşdırmışdı ki, məhz İlham Əliyev Azərbaycan idmanını yeni uğurlara daşıyacaq. Bu müddət ərzində respublikamız ümumdünya olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevrilib, beynəlxalq miqyasda idman ölkəsi kimi tanınıb. 2025-ci ilin fevral ayında cənab İlham Əliyev yenidən MOK-un prezidenti seçilib.
Müasir dünyada liderlik qabiliyyəti ilə seçilən cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan möhtəşəm inkişaf yoluna qədəm qoyub və əldə olunan uğurların təhlilinə nəzər salsaq görərik ki, onun hər bir vədi əməli fəaliyyətində öz əksini tapıb. Ölkəmizdə bütün sahələr kimi idman da uğurlu inkişaf dövrünü yaşayır. Yüksək səviyyəli idman infrastrukturunun yaradılması, olimpiya idman komplekslərinin inşa edilərək xalqın ixtiyarına verilməsi, idmanın kütləviliyinin təmini bunun təzahürüdür. Xüsusi olaraq vurğulayaq ki, Azərbaycanda idman hərəkatı Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra geniş vüsət alıb. Müasir dövrdə bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə keçirilən dünya və Avropa çempionatları bir daha sübut edir ki, Azərbaycanda idman sahəsi sürətlə inkişaf edir. Olimpiya Oyunları dedikdə, yalnız idman yarışları, idman həyatının insanlara bəxş etdiyi dəyərlər dar mənada yox, geniş və fəlsəfi anlayış kimi qəbul olunur. Olimpiya Hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı dayanmışdır. Azərbaycanda bədən tərbiyəsi və idman hərəkatının idarə olunması prosesi günün tələbləri səviyyəsində inkişaf etdirilir, dövlət üzərinə düşən öhdəlikləri yerinə yetirir.
Prezident İlham Əliyevin idmanın inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi yeni mərhələyə qədəm qoyacaq. Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə 50-dən çox müasir Olimpiya mərkəzləri inşa olunub. İdmanın inkişafına geniş prizmadan yanaşılır və kompleks tədbirlər görülür. Cənab Prezident vurğulayıb ki, "Mən Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən qarşıya məhz bu vəzifəni qoydum ki, biz idmançılara şərait yaratmalıyıq, onlardan isə nəticə gözləməliyik. Bax, bu iki əsas amil bizim böyük uğurlarımızın əsasını təşkil edirdi".
Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılmışdır. Lakin Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin birinci beşilliyində görülmüş işlər qənaətbəxş deyildi. Bu dövr üçün ən mühüm hadisə 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılması olmuşdur. 31 iyul 1997-ci ildən Milli Olimpiya Komitəsinə cənab İlham Əliyev Prezident seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkatı geniş vüsət almağa başladı. Milli federasiyalarda köklü dəyişikliklər aparıldı, işə təcrübəli və peşəkar məşqçilər cəlb olundu. Milli Olimpiya Komitəsinin tabeliyində olan idman bazalarının əsaslı təmiri həyata keçirildi. İdmançıların məişət məsələlərinin qaydaya salınması, bütün kateqoriyadan olan idmançılara təqaüdlərin verilməsi, idmandan kənar düşmüş mütəxəssislərin geri qaytarılması, uşaq və yeniyetmələrin idmana cəlb olunması, yeni idman məktəblərinin açılması kimi məsələlər öz həllini tapdı. Gələcəyinə böyük ümidlər bəslənilən idmançılar və onların məşqçiləri üçün MOK tərəfindən təqaüdlərin verilməsi haqqında Əsasnamə təsdiq olundu. Bölgələrdə yeni və müasir idman komplekslərinin tikintisinə başlanıldı. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti kimi beynəlxalq əlaqələrin düzgün qurulmasının ölkənin dünya miqyasında tanınması ilə yanaşı, Olimpiya Hərəkatının və idmanın inkişafı üçün geniş perspektivlər açmasını ilk günlərdən ön plana çəkdi.
Müasir dünyada idmançıların olimpiya oyunlarındakı nəticələri, olimpiya hərəkatında fəal iştirakı ölkənin təkcə idman sahəsindəki gücü kimi qəbul olunmur, eyni zamanda, həmin dövlətin dünya birliyində yeri, mədəni inkişaf səviyyəsi kimi də qiymətləndirilir. Bu göstərici ölkənin beynəlxalq nüfuzuna təsir göstərir, onun tanınmasında mühüm rol oynayır. Ona görə də hər bir dövlət öz idmançılarının olimpiya oyunlarındakı çıxışına böyük əhəmiyyət verir. Azərbaycanda Olimpiya Hərəkatının və idmanın belə sürətli inkişafı Milli Olimpiya Komitəsinə İlham Əliyevin rəhbərliyi sayəsində mümkün oldu. Beynəlxalq Olimpiya Hərəkatının inkişafındakı müstəsna xidmətlərini yüksək qiymətləndirərək, Beynəlxalq Olimpiya Komitəsi İlham Əliyevi özünün ali mükafatı -"Olimpiya" ordeni ilə təltif etdi. Qərar Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin 2004-cü ilin fevralında Afinada keçirilmiş iclasında qəbul edildi. Bununla əlaqədar olaraq BOK prezidenti Jak Roqq 2004-cü il martın 4-də İlham Əliyevə təbrik məktubu göndərdi. Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə "Olimpiya" ordenini təqdim etmək üçün Komitənin vitse-prezidenti Vitali Smirnov aprelin 19-da Bakıda həndbol üçün tikilmiş yeni idman kompleksinin açılış mərasimində "Olimpiya" ordenini cənab İlham Əliyevə təqdim etdi.
Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya komitələri üçün örnək oldu. Belə ki, Ulu Öndər Heydər Əliyev tərəfindən Atlanta Oyunlarına hazırlıq haqqında sərəncamın imzalanması, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı. Azərbaycan Olimpiya ölkəsinə çevrildi. 1998-ci ildə respublikamız ilk dəfə Qış Olimpiya oyunlarında iştirak etdi. Yaponiyanın Naqano şəhərində keçirilən XVIII Qış Olimpiya oyunlarında 5 idmançı dörd yarışda ölkəmizi təmsil etdi. 2000-ci ildə Sidney Olimpiyadasında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazandılar. Azərbaycan komanda hesabına 199 ölkə arasında 34-cü, Avropa ölkələri arasında isə 23-cü oldu. Bu ölkənin Olimpiya hərəkatı tarixində ən böyük uğuru idi.
Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsi, ilk oyunların Bakıda keçirilməsi böyük nailiyyət idi. Bu cür oyunları ilk dəfə təşkil etmək Azərbaycan üçün şərəfli olduğu qədər də məsuliyyətli idi. İlk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq atlet idmanın 20 növündə mübarizə apardı. Yarışlar Bakıda 21 idman obyektində keçirildi. Azərbaycan 42-ci Ümumdünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, Bədii Gimnastika üzrə Dünya Kuboku, "Formula-1" kimi mötəbər yarışlarda uğurla ev sahibliyi etdi və özünü dünyada idman ölkəsi olaraq tanıtdı. IV İslam Həmrəyliyi Oyunlarının uğuru, idmançılarımızın inanılmaz qələbələri bunun daha bir parlaq nümayişi oldu. Azərbaycan 75 qızıl medalla birinci yeri qazandı. Cənab İlham Əliyevin vurğuladığı kimi: "Bu Oyunların keçirilməsi həm ölkəmizin potensialını, həm bizim siyasətimizi, həm də imkanlarımızı göstərir. Çünki bu Oyunlar sadəcə olaraq idman yarışları deyil. İdman dostluğu möhkəmləndirən, xalqlararası münasibətləri gücləndirən önəmli bir amildir. Bir şəhərdə cəmi iki il ərzində həm Avropa, həm İslam oyunlarının keçirilməsi bizim sivilizasiyalararası dialoqa da verdiyimiz növbəti töhfə kimi qəbul edilməlidir".
İdman sahəsinə göstərilən diqqət və qayğı gənclərin bu sahəyə marağını artırıb. Prezident İlham Əliyev vurğulayıb ki, idmanın kütləviliyini təmin edərək biz xalqımızın sağlamlığını qoruyacağıq və bizim gənclərimiz, gənc nəsil sağlam olacaq - həm fiziki cəhətdən, həm mənəvi baxımdan. Çünki fiziki cəhətdən güclü insan adətən öz gücündən yalnız çətin məqamda istifadə etməlidir. Güclü insanda özünə əminlik var. Fiziki cəhətdən güclü insan heç vaxt ondan zəif insana qarşı zor tətbiq etməməlidir. Ancaq özünü, öz yaxınlarını, öz torpağını qorumalıdır. Ona görə idmanın inkişafı, sadəcə olaraq, idman nəticələri əldə etmək üçün vasitə deyil, idmanın inkişafı xalqın sağlamlığıdır və Azərbaycan xalqı sağlam olmalıdır.
Sevindirici məqamlardan biri də odur ki, azad olunmuş torpaqlarda artıq idman tədbirləri təşkil olunur. 2022-ci il martın 20-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak etdilər. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Suqovuşan qəsəbəsinə bu səfəri işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də yadda qaldı. Həmin il mayın 6-da Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə "Prezident kuboku-2022" reqatası start götürdü. İşğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq idman yarışı olan bu turnir ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edildi. Suqovuşan su anbarında təşkil olunan yarışda Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı mübarizə apardı. Həmin il oktyabr ayının 21-də Suqovuşanda Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planında yer alan "Mingəçevir Reqatası-2022" beynəlxalq turnirinin açılış mərasimi və ilk yarış günü keçirildi. Reqatada Azərbaycanla yanaşı, Türkiyə, Bolqarıstan, İtaliya, Gürcüstan, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Özbəkistan və Ukraynadan 150-dək idmançı iştirak etdi. 2023-cü il mayın 4-də Suqovuşan su anbarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən "Prezident Kuboku-2023" beynəlxalq reqatasının açılış mərasimi keçirildi. Yarışda bu dəfə 20 ölkədən 100-dək idmançı qalib adı uğrunda mübarizə apardı. Bundan başqa, 2022-ci il oktyabr ayının 22-də Zəngilan rayonunun Ağalı kəndində "Zəfər yürüşü" adlı triatlon turniri keçirildi. Təqdirəlayiq haldır ki, həmin ərazilərdə idman yarışlarının keçirilməsi ilə yanaşı, idman bölmələri də fəaliyyətə başladı. Bu mənada ilk dəfə olaraq 2023-cü ilin mart ayında Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Zəngilan rayonunda Ağalı kənd məktəbinin nəzdində ilk dəfə cüdo bölməsi açıldı. 2023-cü il dekabrın 21-də işğaldan azad olunan Xankəndi şəhərində futbol matçı keçirildi. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları qarşılaşdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da oyuna baxmaq üçün stadiona gəlmişdilər. Ölkə başçısının Xankəndi stadionunda qeyd etdiyi kimi, həmin gün Azərbaycan Qarabağa həm də öz idman ənənəsi ilə qayıtdı.
Azərbaycan idmançıları uzun illərdir mötəbər yarışlarda qalib gəlməklə, dövlət himnini səsləndirməklə, bayrağımızı ucaltmaqla ölkəmizi dünyada təmsil edirlər. Ötən il avqustun 14-də XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev bildirdi ki, Olimpiya oyunlarındakı uğurlarımız Azərbaycanın güclü idman dövləti olduğunu göstərir. Bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsi arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal çox yaxşı nəticədir: "Bu oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. İndi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə ki, biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq".
Nurəngiz Adilqızı.