lider-media.az

“Əsrin müqaviləsi”: davamlı iqtisadi inkişafın qarantı

Baxış: 3979 Tarix: 20-09-2025, 09:26

 Azərbaycan "Əs­rin mü­qa­vi­lə­si"nin im­za­lan­ma­sı­nın 31-ci il­dö­nü­mü ərə­fə­sin­də­dir. Bey­nəl­xalq aləm­də "Əs­rin mü­qa­vi­lə­si" ki­mi ta­nı­nan bu dün­ya əhə­miy­yət­li, iri­miq­yas­lı sa­ziş mü­a­sir ta­ri­xi­mi­zə qı­zıl hərflər­lə həkk olu­nub.   Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcı qoyulmaqla qoca Qafqazın bu bölgəsində yeni siyasi bir dövr, yeni təfəkkür mərhələsi başlandı. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Ölkənin iqtisadi dirçəlişinə nail olmaq məqsədilə ulu öndər xalqımızın əvəzsiz sərvəti olan neft amilindən məharətlə istifadə etdi. Azərbaycanın o zamankı məhdud maliyyə imkanları ilə neft-qaz yataqlarının mənimsənilməsinin, bu əvəzsiz təbii sərvətin dünya bazarlarına çıxarılmasının çətinliyini nəzərə alan Heydər Əliyev məsələnin həll yolunu Qərb şirkətləri ilə milli maraqlara söykənən əməkdaşlığın qurulmasında gördü və bütün geostrateji çətinliklərə baxmayaraq, qısa bir müddətdə bu möhtəşəm konsepsiyanı gerçəkləşdirməyə nail oldu.

“Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata   keçirilməsinin parlaq təzahürüdür. Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin Müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi.  Ümummilli liderimiz Heydər Əliyevin yaradıcısı olduğu yeni neft strategiyasının inkişafında müstəsna rolu olmuşdur. “Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə ümummilli liderimiz Heydər Əliyev demişdir: “ Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şikətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq”. Azərbaycan bu gün dünyada həm zəngin mədəni-tarixi dəyərlərə malik, həm də böyük neft və qaz ehtiyatlarına sahib ölkə kimi tanınır. Ölkəmizin iqtisadi, sosial və hərbi cəhətdən inkişafının əsasında güclü və sarsılmaz siyasi iradə və təbii sərvətlərimizdən düzgün istifadə dayanır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasəti və bu siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən yüksək peşəkarlıqla davam və inkişaf etdirilməsi nəticəsində neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilmişdir. Sosial-iqtisadi inkişaf tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanan, beynəlxalq birliyin tamhüquqlu üzvü olan müstəqil Azərbaycan Respublikası Heydər Əliyev dühasının şah əsəridir.

Ulu öndərin dərin zəkası, müdrik siyasətinin məntiqi nəticəsi olan yeni neft strategiyası ölkəmizin davamlı inkişaf yoluna qədəm qoyması üçün təməl daşı rolunu oynadı. Xalqımızın xoşbəxt gələcəyi, işıqlı sabahı naminə inkişaf və tərəqqi konsepsiyasına çevrilmiş bu strateji kurs ölkə iqtisadiyyatının gücləndirilməsinə, nüfuzlu xarici şirkətlərlə milli maraqlara söykənən səmərəli əməkdaşlığın qurulmasına, müasir texnologiyaların, yeni nəsil avadanlıqların neft sənayesinə tətbiqinə imkan yaratdı. O zaman xarici investorların, xüsusilə transmilli neft şirkətlərinin Azərbaycana gəlişi, bura sərmayə qoyması olduqca riskli bir iş idi. Çünki Azərbaycan “Əsrin müqaviləsi”nin imzalandığı ərəfədə-1994-cü il mayın 12-də atəşkəsə imza atsa da, müharibə vəziyyətində idi, ölkədə tam siyasi sabitlik yaranmamışdı. Azərbaycanın müstəqilliyini istəməyən bir sıra yerli və xarici qüvvələr respublikamızda xaos, qarışıqlıq və anarxiya yaratmaq üçün bütün vasitələrdən, hətta dünyanın bir nömrəli bəlasına çevrilmiş terrordan belə çəkinmirdilər. Bütün bunlara baxmayaraq, Azərbaycanda siyasi sabitliyə və əlverişli biznes mühitinə tam zəmanət alan dünyanın transmilli şirkətləri “Əsrin müqaviləsi”nə imza atmaq məqsədilə ölkəmizə gəldilər. Bu inamın, bu əminliyin qarantı Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev zəkası oldu. Prezident İlham Əliyevin təbirincə desək,”müasir dünyada neft məqsəd deyildir, o, yalnız həm iqtisadi, həm də siyasi səciyyəli qlobal problemlərin həlli üçün bir vasitədir”. 

Məhz bu vasitədən yararlanmaqla Azərbaycan asılı yox, öz istəyini diqtə edən ölkələrdən birinə çevirildi. Azərbaycan iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevrilən bu müqavilənin mahiyyətində, heç şübhəsiz, Heydər Əliyev dühasının təntənəsi dururdu. Azərbaycanın müstəqilliyinin, demokratik bir ölkə kimi sivil dünyaya inteqrasiya olunmasının xeyli dərəcədə neft müqavilələrinin reallaşmasından asılı olduğunu sübut edən ümummilli liderimiz bununla da respublikamızın azad və müstəqil gələcəyinin təsdiqinə təminat ald“Əsrin müqaviləsi” nin imzalanması ilə Xəzər dənizi hövzəsində və bütün postsovet məkanında beynəlxalq əməkdaşlığın bünövrəsi qoyuldu. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşdirilməsi üçün də imkan yaratdı, Xəzərdə maraqları təmin olunmuş bir çox aparıcı Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə tamamilə yeni bir mərhələnin əsasını qoydu.

 “Qara qızıl”dan əldə edilən gəlirlər hesabına bu gün ölkəmizin bütün sahələrində sürətli inkişafa nail olunmuşdur. Həmin gəlirlərin indiki və gələcək nəsillərin firavan həyatının təminatına yönəldilməsi üçün ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Fondu  təsis edilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli sosial-iqtisadi inkişafına təkan verən bir sıra  məqsədli dövlət proqramları  məhz Dövlət Neft Fondunun vəsaitləri hesabına həyata keçirilmişdir. Neftdən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirilməsini iqtisadi siyasətin prioriteti elan edən Azərbaycan dövləti hazırda qeyri-neft sektorunun inkişafı sahəsində uğurlu nəticələr qazanır. Ölkəmizdə əldə edilən sosial- iqtisadi uğurların təməlini isə məhz ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası  təşkil edir. Zəngin tarixi ənənələrə malik neft sənayemiz əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində daha uca zirvələr fəth edəcək, öz şərəfli salnaməsinə yeni-yeni zəfərlər yazacaqdır.

2017-ci ilin il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsünə düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanması ölkə ictimaiyyəti tərəfindən böyük razılıq hissi ilə qarşılandı. Prezident İlham Əliyev mərasimdəki çıxışında bildirmişdir ki, belə bir sazişin imzalanması ölkəmizin həyatında çox əlamətdar və tarixi bir hadisədir və bununla “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır. Belə ki, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılmışdır.

Ölkəmizdə gündən-günə vüsət alan, məramı xalqımızın rifah halının daha yüksəlməsi, Azərbaycanın inkişaf etmiş ölkələr sırasında layiqli yerinin təmin edilməsi olan genişmiqyaslı quruculuq işləri Heydər Əliyev neft strategiyasının dünənki, bugünkü və gələcək təntənələrinin bariz nümunəsidir. “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq  Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır. 

Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” təşkil edir.  Müstəqil Azərbaycanın banisi, dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə 31 il əvvəl imzalanan “Əsrin müqaviləsi", eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə 8 il öncə imzalanan yeni “Əsrin müqaviləsi" Azərbaycan xalqının rifah halının yüksəlməsinə, dövlətimizin beynəlxalq nüfuzunun və siyasi mövqelərinin möhkəmlənməsinə xidmət edir. 


                                                                                                         


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi