"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı
"Bu çəki dərəcəsində qələbə qazanmaq heç də asan olmadı. Bütün görüşləri nailiyyətlə başa vurub, lisenziya əldə etmək böyük uğurdur".
Lider-media.az xəbər verir ki, bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya təsnifat turnirində “Paris-2024”ə lisenziya qazanan Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov deyib.
87 kiloqram çəki dərəcəsində çıxış edən idmançı təcrübəsi sayəsində bu uğura imza atdığını bildirib: "Görüşlərin birində son saniyədə qələbə qazandım. Lakin artıq müəyyən qədər təcrübəm var. Qarşılaşmalar zamanı düşdüyüm situasiyaların fərqində oluram. Vəziyyəti hansı hallarda dəyişə biləcəyimi az-çox təxmin edirəm. Bir neçə dəfə belə hadisənin şahidi olmuşuq. Dünya çempionatında hindistanlı rəqibimin ayaq üstə dura bilmədiyini gördüm və hiss etdim ki, qələbə mənimdir".
O, "Paris-2024"ə hazırlıq üçün tələsmək istəmədiyini söyləyib: "Hazırda bu haqda çox düşünmürəm. Bugünkü uğurumu yaxınlarımla bölüşürəm. Hazırlıq proqramına məşqçilər qərar verəcək. Bakıda gənclər arasında Avropa çempionatı baş tutacaq. Düşünürəm, bu yarışdan sonra təlim-məşq toplanışına start veriləcək. Ümid edirəm ki, bu mənim karyeramın son yarışı olacaq".