Biləsuvarda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi
Biləsuvarda “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəsmiləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri iştirak edib.
Tədbirdən öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib. Qərbi Azərbaycan tarixinə, mədəniyyətinə, Qərbi azərbaycanlıların məruz qaldığı tarixi ədalətsizliyə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qonaqları salamlayaraq bildirib ki, Ermənistan tərəfindən zaman-zaman Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı həyata keçirilən cinayətlər və deportasiyalar nəticəsində yüz minlərlə qardaş-bacılarımız öz dədə-baba torpaqlarından məcburi şəkildə çıxarılıb:
“Onlara məxsus məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib. Bu gün dövlət başçımızın həyata keçirdiyi prioritet məsələlərdən olan Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımızın beynəlxalq proses çərçivəsində təhlükəsiz şəkildə öz doğma torpaqlarına geriyə qayıtmalarıdır. Qərbi Azərbaycan İrsi” kitabının nəşri və kitabda ortaya qoyulan ciddi araşdırmalar bir daha bütün dünyaya sübut edir ki, hazırkı Ermənistan ərazilərinin tarixi sakinləri azərbaycanlılardır”.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov və icmanın Biləsuvar rayonu üzrə nümayəndəsi Rəfiqə Cəfərova, Biləsuvar Rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov, rayonun Ağsaqqallar Şurasının sədri Akif Kazımov və digərləri Ermənistan tərəfindən yüz illərdir həyata keçirilən soyqırımlar, soydaşlarımızın öz dədə-baba torpaqlarından deportasiyası, azərbaycanlıların məscidləri, qəbiristanlıqları və digər mədəni irs obyektlərinin məqsədli şəkildə dağıdılmasından söz açıb. Qeyd olunub ki, bu kimi hüquqazidd əməllər beynəlxalq hüququn, o cümlədən Cenevrə və UNESCO konvensiyalarının kobud şəkildə pozulması deməkdir.
Qeyd edək ki, sözügedən kitabda müxtəlif ölkələrin arxiv və kitabxanalarından tədqiqatlara əsasən toplanan xəritələr, peyk görüntüləri, deportasiya olunmuş şəxslərin xatirələri və digər mənbələrdən istifadə olunub. 1991-ci ilə qədər Ermənistanda mövcud olmuş 700-dən çox qəbiristanlıqdan 201-nin əvvəlki və hazırkı vəziyyəti təqdim edilir. Multispektral analizlər vasitəsilə torpaq istifadəsi və landşaft dəyişiklikləri müəyyən edilib.