Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun kardioloqu Tünzalə Seyidəliyeva: “Sağlam həyat tərzi ilə yüksək təzyiqin qarşısını almaq mümkündür”
– Tünzalə xanım, əvvəlcə izah edin, arterial hipertoniya nədir?
– Arterial hipertoniya (yüksək qan təzyiqi) – qan damarlarının divarlarına göstərilən təzyiqin normadan artıq olması ilə xarakterizə olunan bir haldır. Qan təzyiqi iki göstəricidən ibarətdir: sistolik (yuxarı) və diastolik (aşağı). Normal göstərici 120/80 mm civə sütunu hesab olunur. Əgər təzyiq 130/80 mm Hg və ya daha yüksəkdirsə, bu artıq hipertoniya sayılır.
Hipertoniya ürək, beyin, böyrəklər və digər orqanlar üçün ciddi fəsadlar yarada bilər. Müalicə olunmadıqda, infarkt, insult, böyrək xəstəlikləri və digər həyati təhlükəli hallara səbəb ola bilər. Əlamətləri bəzən hiss olunmur, bu səbəbdən müntəzəm təzyiq ölçmək vacibdir.
Hipertoniya üç mərhələdə təsnif olunur:
1-ci mərhələ (yüngül): 130–139/80–89 mm Hg
2-ci mərhələ (orta): 140–159/90–99 mm Hg
3-cü mərhələ (ağır): 160/100 mm Hg və daha yuxarı
Əksinə, hipotoniya zamanı təzyiq 90/60 mm Hg-dan aşağı olur. Hər iki vəziyyətin yaranmasına yaş, genetika, həyat tərzi, xroniki xəstəliklər və digər amillər təsir edir.
– Hipertoniya əsasən hansı yaş qruplarında müşahidə olunur?
– Ən çox yaşlı insanlarda rast gəlinir. Yaş artdıqca damarların elastikliyi azalır, bu da təzyiqin yüksəlməsinə gətirib çıxarır. Xüsusilə 60 yaşdan yuxarı şəxslər risk qrupundadır.
Bununla belə, 40–60 yaş arası insanlar da risk altındadır. Burada düzgün olmayan qidalanma, fiziki passivlik, stres, siqaret, spirtli içkilər və irsiyyət əsas rol oynayır. Hətta 30 yaşdan aşağı şəxslərdə də bu hal qeydə alınır – xüsusilə ailə üzvlərində hipertoniya olanlarda və sağlam olmayan həyat tərzi keçirənlərdə.
– Bəs xəstəliyin əsas yaranma səbəbləri nələrdir?
– Hipertoniya əsasən iki formada olur:
Birincili (əsas) hipertoniya – ən geniş yayılmış növdür. Əsas səbəbi bilinmir, lakin genetik meyllilik, yaş, qeyri-sağlam həyat tərzi kimi faktorlarla bağlıdır.
İkincili hipertoniya isə konkret bir xəstəlik və ya vəziyyətlə əlaqəlidir: məsələn, böyrək problemləri, hormonal pozğunluqlar (tiroid, adrenal və ya hipofiz bezləri ilə bağlı), yuxu apnesi və ya bəzi dərman preparatlarının istifadəsi nəticəsində yaranır.
Fiziki passivlik, artıq çəki, duzlu qidalar, siqaret və alkoqol da hipertoniya riskini artıran amillərdir.
– Təzyiqi evdə ölçmək mümkündürmü?
– Bəli, mümkündür və bu, təzyiqin effektiv nəzarətində vacib rol oynayır. Ən çox istifadə olunan üsul avtomatik qan təzyiqi ölçən cihazlardır. Xüsusilə qolda ölçən cihazlar daha dəqiq nəticə verir.
Təzyiqi ölçərkən aşağıdakı qaydalara əməl etmək vacibdir:
Ölçmədən əvvəl 5 dəqiqə sakit oturun
Siqaret, qəhvə və ya fiziki fəaliyyət ölçmədən əvvəl olmamalıdır
Qol səviyyəsində və rahat vəziyyətdə oturaraq ölçün
Hər iki qoldan ölçməyi və nəticələri müqayisə etməyi tövsiyə edirik
Həftədə bir neçə dəfə ölçmək faydalıdır, lakin yüksək təzyiq hallarında gündəlik nəzarət daha doğrudur
– Hipertoniya necə diaqnoz qoyulur?
– Diaqnozun qoyulmasında əsas amil – təzyiqin mütəmadi ölçülməsidir. Adətən üç fərqli gündə, müxtəlif saatlarda ölçmələr aparılır. Çünki təzyiq bir dəfəlik ölçmə ilə səhv nəticə verə bilər – stres və ya mühit təsirindən müvəqqəti yüksək ola bilər.
Ev şəraitində ölçmələrə əlavə olaraq, həkim tərəfindən 24 saatlıq ambulator monitorinq (Holter monitorinq) də təyin oluna bilər. Bu, gün ərzində təzyiqin necə dəyişdiyini izləməyə imkan verir.
Bundan əlavə, aşağıdakı müayinələr aparılır:
Qan və sidik analizləri – hipertoniya səbəblərini və digər xəstəlikləri müəyyənləşdirmək üçün
EKQ – ürəkdə hipertoniya nəticəsində yaranan dəyişiklikləri aşkar etmək üçün
Exokardioqrafiya (ürək USM) – ürək divarlarında qalınlaşma və digər dəyişiklikləri görmək üçün
Böyrək funksiyası testləri – çünki böyrəklərlə bağlı problemlər də təzyiqi artıra bilər
Ümumiyyətlə, hipertoniya ciddi nəzarət tələb edən bir xəstəlikdir. Onun vaxtında aşkarlanması və müalicəsi sağlam həyatın əsas şərtidir.