Bu gün Azərbaycanda Polis Günüdür
Azərbaycan Polisi yaradılmasının 107-ci ildönümünü qeyd edir.İyulun 2-də Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir. Azərbaycan Polisi bu müddətdə şərəfli və keşməkeşli yol keçib. Daxili İşlər Nazirliyi (DİN) və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayıb, müstəqilliyin müdafiəsinin ön sıralarında olub. 1920-ci il aprelin 27-də cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində daxili işlər orqanları uğurla inkişaf edib, cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və asayişin qorunmasında böyük təcrübə, yüksək bilik əldə edib. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın bir çox sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər nazirliyin tarixinə ən mühüm mərhələ kimi həkk olunub. SSRİ dövründə Azərbaycanın Daxili İşlər Nazirliyi və ona bağlı orqanlar yüksək peşəkarlığı ilə fərqlənib.
Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın daxili işlər orqanlarının fəaliyyəti daim diqqət mərkəzində saxlanılıb.
Ümummilli Liderin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub. Dahi şəxsiyyət Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar milli kadrlarla komplektləşdirilməsi ilə bağlı önəmli fərman və sərəncamlar imzalayıb. Bu da Azərbaycanın daxili işlər orqanlarının müstəqillik dövründə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasındakı misilsiz xidmətləri ilə yanaşı, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə də özünü göstərdi.
Azərbaycan Polisi Birinci Qarabağ müharibəsində daim ön cəbhədə vuruşub. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub. Birinci Qarabağ müharibəsindəki döyüşlərdə 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər isə yaralanıb. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.
Daxili işlər orqanlarının fəaliyyəti müstəqilliyimizin sonrakı illərində də uğurlu olub. Ölkəmizdə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2640 nəfər xəsarət alıb. 2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görüldü.
Ali Baş Komandan İlham Əliyev Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsini daim nəzarətdə saxlayıb, müasir silah və texnika ilə təminatı, şəxsi heyətinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edib. Məhz bu ali diqqətin nəticəsidir ki, Daxili Qoşunlar qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə qadir silahlı birləşməyə çevrilib.