Türk dünyasının qəhrəman oğlu
İyunun 18-i Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov şəhidlik zirvəsinə yüksəlib
Bir şimşək ömrü yaşayaraq Vətən, torpaq yolunda qəhrəmancasına həlak olub şəhidlik zirvəsinə ucalmış Mübariz İbrahimovun igidliyi heç zaman solmayacaq. İllər ötüb keçsə də Mübariz xalqın xatirəsində elə 22 yaşlı bir qəhrəman kimi qalacaq. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Milli Qəhrəman Mübariz İbrahimovun və baş leytenant Fərid Əhmədovla vida mərasimində çıxışında demişdir: ”Mübarizlə Fərid Vətən uğrunda öz torpağında həlak olmuşlar. Onlar əsl qəhrəmanlıq, rəşadət göstərmişlər. ...Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağ-salamat çıxa bilməyəcək. Ancaq Vətən, torpaq sevgisi, onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz bütün gənclər üçün örnəkdir, nümunədir. …Əminəm ki, onların əziz xatirəsi Azərbaycan xalqının qəlbindən heç vaxt silinməyəcəkdir. Bizim ordumuzda minlərlə, on minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar vardı. Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci ildə, Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açıb. Mübariz 1994-cü ildə Malik Piriyev adına Əliabad kənd ibtidai məktəbinə daxil olmuşdur. 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır.
İki il Daxili Qoşunlarda xidmət edən Mübariz bir Vətən əsgəri kimi bişib-bərkiyir, hərbi biliklərə yiyələnir. 2007- ci ildə hərbi xidmətini çavuş kimi başa vurur. Ata-anası sonbeşik övladlarının uca boyuna, möhkəmlənmiş əzələlərinə fərəhlə baxırlar. Əsgər paltarını soyunan Mübariz bir müddət mülki işlərdə çalışır, təsərrüfatda valideynlərinə kömək edir. Ancaq bu, çox çəkmir. Hər gün eşitdiyi cəbhə xəbərləri onu narahat edir.Və Mübariz qəti qərarını verir:”hərbi xidmətə qayıtmalıyam. Mən hələ düşmənlərə öz sözümü deməmişəm...” Ata-anasını razı salır, yenidən hərbi forma geyinən Mübariz öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətə başlayır. Hər gün rastlaşdığı hadisələr onun nankor qonşularımız olan ermənilərə nifrətini daha da artırır. Mübariz daha dözə, əsəblərini cilovlaya bilmir. Çoxdan beynində dolaşan fikirləri, ürəyində gəzdirdiyi son qərarını bir daha götür-qoy edir. Hərbi hissənin bir sakit küncünə çəkilib ata-anasına sonradan bütün türk dünyasına səs salacaq kiçik məktubunu yazır:”Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin.Vətənən dar günündə ürəyim artıq dözmür. Allah xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanacan bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam,ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür.Vətən sağ olsun. Oğlunuz Mübariz...Haqqınızı halal edin”.
Və 2010-cu ilin 18 iyun tarixinə təsadüf edən həmin gecə ölümə meydan oxuya –oxuya düşmən üzərinə gedir. Mübarizin qəzəbdən, nifrətdən yanan ürəyini ancaq düşmənin məhvi söndürə bilir. Hərbidə qazandığı təcrübə köməyinə çatır: minalanmış ərazini təhlükəsiz keçə bilir. İndi o çoxdan görüşmək arzusunda olduğu erməni qaniçənləri ilə üz-üzədir. Əlindəki silahını bərk-bərk sıxır. İlk həmlədə çoxlu sayda düşmən əsgərləri pərən-pərən düşürlər. Bu qeyrətli, ürəyində sonsuz Vətən, torpaq sevgisi gəzdirən Azərbaycan əsgərinin güllələri boşa getmir. Bir neçə saat təkbaşına,qeyri-bərabər davam edən döyüşdə Mübariz İbrahimov əsl qəhrəman kimi şəhid olur, gözlərini əbədi yumur... Ağakərim kişi həmin günü belə xatırlayır: “Mənə dedilər ki,başını dik tut, oğlun Vətən yolunda fəda olub. Göz yaşlarımı bircə anlığa boğa bilməsəm də, nə özümü itirdim, nə də sındım! Başımı dik tutub,”Vətən sağ olsun” dedim. Mən onu saxlaya bilmədim seçdiyi yoldan! Kimsə də saxlaya bilməzdi, kəlməsi Vətən idi. Dilindən düşmürdü Vətən kəlməsi. Mən oğlumu Vətənə fəda etmişəm.Vətən hər şeydən ucadır və Vətənin şərəfindən söhbət gedən yerdə atanın da qarışmağa haqqı yoxdur. Uşaqlarıma haqqa baş əyməyi, yalana nifrət etməyi, zülmə qarşı vuruşmağı öyrətmişəm”. Öz qəhrəmanlığı ilə düşmən tərəfini sarsıltmış igid Mübariz İbrahimovun cəsədi bir neçə aydan və uzun danışıqlardan sonra geri alınaraq torpağa tapşırılır. Elin qəhrəman, Mübariz oğlu ikinci Fəxri xiyabanda dəfn olunur. Məzarı xalqın ziyarət yerinə çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Torpaq,Vətən uğrunda göstərilən qəhrəmanlıqlar isə heç zaman unudulmur. 44 günlük Vətən müharibəsi göstərdi ki, bu gün Azərbaycan ordusunda Mübariz ürəkli, Mübariz cəsarətli minlərlə Vətən övladları var. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 22 illik ömür yolu, heç vaxt solmayacaq qəhrəmanlığı gənclərimiz üçün gözəl nümunədir. Hər bir Azərbaycan əsgəri özünü qəhrəman Mübarizin varisi sanır, bu amalla Vətənə xidmət edir, torpaqlarımızın keşiyində dayanır.