Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyə səfirliyində olublar
MŞ sədri Rəşad Məcid səfir Birol Akgünə səmimi qəbula görə təşəkkürünü bildirib, görüşün faydalı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacağına əminliyini vurğulayıb. Şura sədri Milli Qurtuluş Gününün xalqımızın taleyindəki rolundan, Şuşa Bəyannaməsinin gələcək onilliklər üçün yol xəritəsini müəyyən edən müstəsna sənəd kimi əhəmiyyətindən söz açıb. O, eyni zamanda, Azərbaycan və Türkiyənin media həmrəyliyinin möhkəmləndirilməsinin vacibliyinə toxunub.
MŞ İdarə Heyətinin üzvləri Azərbaycanın və Türkiyənin media gündəminə dair spesifik məqamlarla bağlı fikirlərini açıqlayıb, suallarını ünvanlayıblar. Xüsusən, Türkiyənin bəzi media orqanlarında iki qardaş ölkə arasında etimada xələl gətirməyə hesablanmış yazıların yolverilməzliyi vurğulanıb, belə hallara qarşı birgə mübarizənin vacibliyi üzərində dayanılıb. Görüşdə əməkdaşlığın perspektivləri, o cümlədən, informasiya mübadiləsinin daha da gücləndirilməsi yolları və mövcud istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan gələcək fəaliyyət müzakirə edilib.