Ərazilərin minalardan təmizlənməsi prosesi uğurla yekunlaşacaq
Hər başa çatan və Qələbə qazanılan müharibənin ən əsas problemlərindən biri də ərazilərin minalardan təmizlənməsidir. Beşinci ildir ki, ölkəmiz minalarla çirklənmiş əraziləri təmizləməyi əsas hədəflərdən biri elan edib. Sözsüz ki, ötən illər ərzində torpaqlarımızın xeyli hissəsi mina çirklənməsindən təmizlənib, yollar, yaşayış və inzibati binalar, aeroportlar, sənaye parkları, təhsil ocaqları tikilib isifadəyə verilir. Hər gün demək olar ki, çirklənmiş torpaqlarımız təmizlənir və bu barədə ictimaiyyət mütəmadi məlumatlandırılır.
Prezident İlham Əliyev çıxışlarının birində demişdir:”Hazırda bütün əraziləri minalardan təmizləmək olduqca çətindir, çünki bizim buna fiziki imkanlarımız yetmir. Bizim Minatəmizləmə Agentliyimiz illər əvvəl yaradılıb və hazırda biz heyətin sayını artırır və yeni avadanlıqlar alırıq, o cümlədən minalanmış əraziləri müəyyən edən dronlar əldə edirik, lakin bu, çox vaxt və zəhmət tələb edir.
Bu günə qədər türkiyəli mütəxəssislər bizə minatəmizləmə işlərində kömək edirlər, ancaq bizim daha geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız var”.Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında bildirilir ki, azad olunan ərazilərdə bu ilin yanvar ayının 3-12-də 55 tank, 192 piyada əleyhinə mina, 567 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Məlumata əsasən, 1043.2 hektar ərazi minalardan təmizlənib.
Məlum olduğu kimi, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirir.
Həmşinin, Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə əməliyyatlarına başlanılıb. İcra edilən əməliyyatlar zamanı 59 hektar ərazi təmizlənib, 780 ədəd piyada, 95 ədəd tank əleyhinə mina və 32 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Burada həm relief çətinliyi, həm də minalarla yüksək səviyyədə çirklənmə mövcuddur. Bu ərazilərdə minaların mina xətti kimi deyil, qrup minaları, yəni 5-6 və daha çox minadan ibarət formatda basdırılması hallarına rast gəlinir. Eyni zamanda, həmin kəndlərə yaxın yerləşən ərazilərdə Agentlik nümayəndələri tərəfindən partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri və əhali ilə maarifləndirici görüşlər keçirilir.
Həmsöhbətim Birinci Qarabağ müharibəsi iştirakçısı Ramiz Əzizli bildirir ki, sovet dönəmində biz ancaq minaların partlamasına filimlərdə rast gələrdik. Film də olsa müharibədə minaların necə quraşdırılmasına, düşərkən insan tələfatına, əl-ayaqlarının itirilməsinə maraqla baxardıq. İllər keçir və biz belə hadisələrin canlı şahidi olduq. Onu da qeyd edim ki, Vətən müharibəsi ilə müqayisədə Birinci Qarabağ döyüşlərində minaların basdırılmasına çox az hallarda rastlaşardıq. Çünki o vaxt bir ərazi uğurunda mübarizə xeyli vaxt aparırdı. Hansısa bir kəndi, qəsəbəni bu gün itirib, sabah isə yenidən hücuma keçib qaytarırdıq. Hər iki tərəf belə olan halda minaların basdırılmasına risk etməzdi. Vətən müharibəsində erməni qəddarlığı, vəhşiliyi bir daha özünü göstərdi. Xüsusilə bir güllə belə atılmadan azad olunan rayonlarımızın başdan ayağa minalanması və bu gün də ölkəmizin o ərazilərin təmizlənməsinə, qayıdış prosesinə bir əngəldir. Görürük ki, ölkəmiz bu proseslə ciddi mübarizədədir. Sözsüz ki, minalardan çirklənmiş əraziləri təmizləmədən belə orada hər hansı bir infrastrukturun yaradılmasından söhbət gedə bilməz. Bu isə həm çox vaxt və maliyyə baxımından vəsait tələb edir. Bir məsələni də qeyd edim ki, iki müharibə arasında uzun illər keçib və bu müddətdə elm-texnika çox inkişaf edib. Hər halda ixtisaslı kadrlar yetişib, xüsusilə Minatəmizləmə Agentliyi uzun illərdir fəaliyyət göstərir. Minatəmizləmə maşınları da xüsusilə ərazilərin təmizlənməsi prosesində mühüm rol oynayır. Düzdür, Şanlı Qələbədən sonra mina qurbanlarının sayı 380-dən çoxdur. Bu özü narahatedici bir haldır. Ancaq ümidliyik ki bu son olacaq. Mütəxəssislərin fikrincə, hər qarışı müqəddəs olan, şəhid nəfəsi duyulan torpaqlarımızın tam təmizlənməsinə uzun illər lazımdır. Mənfur qonşularımızın tutduqları bu əməllərində artıq dünya halidir. Erməni barbarlığı burada da özünü göstərdi.
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanlı bir müddət əvvəl mətbuata açıqlamasında bildirib ki, ərazilərin nizamsız, hətta dağlıq ərazilərin, su hövzələrinin minalanması, sel suları nəticəsində minaların miqrasiyası, yer dəyişməsi halları, təmizlənmiş ərazilərə keçməsi və ya torpaq sürüşməsi halları zamanı daha dərinliyə düşməsi ehtimalı bu ərazilərdə fəaliyyət göstərən və köç edən əhalinin diqqətli, sayıq olmasını, tanımadıqları ərazilərə daxil olmamalarını, maarifləndirici məlumatlara riayət etmələrini və daha diqqətli yanaşmalarını zəruri edir. Həmçinin minaların yaratdığı təhlükə yalnız müharibə dövrü ilə məhdudlaşmır. Münaqişə sonrası dövrün əsas çağırışlarından biri minalardan təmizlənmə prosesini sürətləndirmək və bunun üçün beynəlxalq əməkdaşlığı gücləndirməkdir.
Sözsüz ki, Azərbaycan öz hədəflərinə çatmaq üçün uğurla irəliləyir. Ərazilərin minalardan təmizlə prosesini də uğurla yekunlaşdıracaqdır.