lider-media.az

DAVOS 2025 - Milli maraqlarımızın müdafiəsində növbəti uğur

Tarix: Dünən, 20:36

image

Bu günlərdə 1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən və əsas məqsədi dünyanın taleyinə birbaşa təsir edən mühüm strateji dünya problemlərinin və hadisələrinin müzakirəsini keçirməkdən ibarət olan Dünya İqtisadi Forumu öz işini yekunlaşdırmaq üzrədir.

Dünya İqtisadi Forumunun 55 illik tarixinə nəzər saldıqda görürük ki, müxtəlif dövrlər üçün aktual və dünya iqtisadiyyatında və siyasətində mühüm rola malik problemlər bu dünyəvi forumun müzakirə obyektləri sırasında yer tutmuşlar.
Gündəlikdə qlobal iqtisadi artımın bərpası, iqlim dəyişikliyinin idarə olunması, texnoloji inqilabın təsirləri və qlobal münaqişələrin nəticələri kimi vacib məsələlər var.
Forumun əsas prioritetlərindən biri olan iqtisadi problem barədə danışarkən BİF-in icraçı direktoru Ceremi Yurgen haqlı olaraq hazırda iqtisadi artım anlayışını yenidən dərk etməyin hər zamankından daha vacib olduğunu vurğulamışdır. “Bizə elə bir artım lazımdır ki, insanların rifahını birinci yerə qoysun. Bu, sadəcə ÜDM rəqəmləri deyil, bu, həyat keyfiyyəti, bərabərsizliklə mübarizə və ekoloji çağırışlardır”, - deyə o bildirdi.
Yeni dövrün manifesti kimi səslənən bu ifadələr göstərir ki, iqtisadi uğur yalnız ixrac həcmləri və məhsuldarlıqla deyil, həm də planetə və onun üzərində yaşayan insanlara nə qədər diqqət yetirməsi ilə ölçülür.
Müasir dünyanın qarşılaşdığı siyasi, iqtisadi, sosial, ekoloji problemləri, mövcud olan toqquşma və müharibələri, bütün bu sahələrdə daha da artan və özünün pik həddinə yaxınlaşan qeyri-müəyyənliyi nəzərə alan Forumun prezidenti Börge Brende bu vəziyyəti bir ifadə ilə xarakterizə etmişdir:
“Biz son onilliklərin ən mürəkkəb geosiyasi fonunda yaşayırıq”.
Forumun əsas mövzuları və keçirilən müzakirələr dünyanı qayğılandıran bir sıra problemləri özündə ehtiva etmişdir. O cümlədən:
- tərəqqinin əsası olan sosial etibarın bərpası;
- şəffaflıq, hesabatlılıq və idarəetmənin təkmilləşdirilməsi;
- dünyada iqtisadi artımın səngidiyi bir şəraitdə, inklüzivlik, dayanıqlılıq və davamlı inkişaf yönündə yeni iqtisadi modellərin tətbiqi;
- insan kapitalına müasir yanaşmalar;
- planetin qorunması, iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi ilə mübarizə;
- hər kəsin enerji, su və ərzağa bərabər çıxışını təmin etmək;
- süni intellektin (Sİ) inkişafı;
- etik məsələlər, imkanlar və risklər;
- iş yerlərinin avtomatlaşdırılması və bu sahənin tənzimləməsi;
- texnologiyaların əmək bazarına təsiri ilə bağlı təlimlərin inkişafı;
- yaşıl iqtisadiyyat və süni intellekt ilə bağlı bacarıqların və vərdişlərin artırılması, məşğulluq;
- geosiyası risklər.
Azərbaycan üçün DAVOS-2025 forumu ölkənin qlobal arenadakı mövqeyini gücləndirmək, investisiya cəlb etmək və strateji tərəfdaşlıqlar qurmaq üçün mühüm fürsətdir.
Növbəti dəfə də diqqətçəkən əsas məqamlardan biri o oldu ki, forumda fəal iştirakı, maraqlı və strateji əhəmiyyət kəsb edən mülahizələrlə zəngin çıxışları, keçirdikləri çoxsaylı və yüksək səviyyəli işgüzar görüşləri ilə Azərbaycan Prezidenti İlham Əliyev bu dəfə də diqqət mərkəzində oldu.
Yeri gəlmişkən, öz siyasətində milli maraqları hər şeydən uca tutan Azərbaycan Prezidenti bu strategiyanı bu ildəki 55-ci Forumda da uğurla davam etdirmişdir.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Davos Forumunda iştirakın əhəmiyyətini iki nöqteyi-nəzərdən yüksək dəyərləndirir. Birincisi, bu dünyəvi forum Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platformadır. İkinci tərəfdən isə bu mötəbər toplantıya qatılmaq dünyada baş verən iqtisadi meyllər haqqında dolğun məlumat əldə etmək imkanından yararlanmaqla ölkəmizdə islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir.
Cənab İlham Əliyevin Davos-2025 Forumu iştirakçılarının özlərinin arzusu ilə keçirilmiş çoxsaylı görüşlərdə tamamilə haqlı olaraq Azərbaycanı strateji nəqliyyat qovşağı və enerji sektorunda əsas iştirakçı kimi dəyərləndirilməklə bərabər çox mühüm və aktual fikirlər ehtiva olunmuşdur. Məsələn, ölkə iqtisadiyyatının, infrastrukturunun və yaşıl iqtisadiyyatın əhəmiyyətli inkişafında xarici investisiyaların cəlb olunması ilə bərabər bu uğurun qazanılmasında qarşılıqlı fayda gətirəcək əməkdaşlığın da önəmli rol oynaması vurğulanmışdır. Digər bir mühüm məqam isə dünyanı lərzəyə salan ekoloji katoklizmaların gücləndiyi bir zamanda ölkəmizdə ən mühüm prioritetlərdən biri kimi cənab Prezident İlham Əliyev tərəfindən yaşıl iqtisadiyyata verilən mühüm önəm və COP29-un çox uğurla keçirilməsinin mötəbər xarici iştirakçılar tərəfindən yüksək dəyərləndirilməsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il Davosda keçirdiyi çoxsaylı və ölkəmizin gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edən görüşlərdə ölkəmizin yaşıl enerji, tranzit potensialı və texnoloji innovasiyalar sahələrində böyük perspektivlərə malik olması iştirakçıların diqqətinə çatdırılmışdır.
Qarabağın bərpası fonunda ölkənin regional lider kimi mövqeyinin daha da möhkəmləndirilməsi, turizm potensialı qədim Azərbaycan mədəniyyətinin dirçəlişi və dünyaya tanıdılması, ölkənin beynəlxalq arenada müsbət imicinin formalaşmasına xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.
Odile Reno-Basso Azərbaycan Prezidentini COP29-un uğurla keçirilməsi münasibətilə təbrik etdi, bu tədbirdə əldə olunmuş nəticələri yüksək qiymətləndirdiklərini vurğuladı.
O, ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında həyata keçirilən bir sıra layihələrə toxunaraq, Gəncə şəhərinin su təsərrüfatı ilə bağlı layihənin icra olunmasının Bank tərəfindən maliyyələşdirilməsinə razılığın verildiyini bildirdi. Eyni zamanda o, kiçik və orta sahibkarlığın, qadın sahibkarlığının və dayanıqlı inkişaf layihələrinin dəstəklənməsi üçün ayrılan kredit xətləri barədə də məlumat verdi.
Bu görüşdə Prezident İlham Əliyev söhbət zamanı Avropaya yaşıl enerjinin ixracı, bununla bağlı həm Gürcüstanla, həm də Mərkəzi Asiya ölkələri ilə regional əməkdaşlıq layihələri və imkanları barədə milli maraqlarımıza xidmət edən öz fikirlərini diqqətə çatdırdı.
Elə həmin görüş çərçivəsində Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi”ni İqtisadiyyat naziri Mikayıl Cabbarov və Bankın birinci vitse-prezidenti Yurqen Riqterink imzaladılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daha bir mühüm görüşü Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə baş tutmuşdur.
Söhbət zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulanmaqla yanaşı, dövlətimizin başçısı bildirdi ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos-2025 günlərində keçirdiyi görüşlərdə ölkəmizdə mövcud olan investisiya mühitindən razılığı ifadə edilmiş, xüsusilə mülkiyyət hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim etdiyi çərçivə yüksək qiymətləndirilmişdir.
“Carlsberg Group” şirkətinin Müşahidə Şurasının sədri Henrik Poulsen və Baş icraçı direktoru Yakob Aarup-Andersen və digərləri yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişlər.
Əksər görüş iştirakçıları Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı niyyəti barədə dövlətimizin başçısına məlumat vermişlər.
Bu ilki Dünya İqtisadi Forumunun əsas devizlərindən birini də “İntellektual dövrdə əməkdaşlıq” təşkil edir. Artıq astanasında olduğumuz dövr süni intellekt və kvant hesablama kimi texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdür. Forum çərçivəsində, süni intellektin inkişafı və tətbiqi üçün ümumi standartların yaradılması məqsədilə hökumətlər və texnologiya şirkətləri tərəfindən “Qlobal SI Sazişi” imzalanıb.
Qlobal problemlərin - iqlim dəyişiklikləri, iqtisadi qeyri-müəyyənlik və geosiyasi gərginliyin artması fonunda keçirilən 2025-ci ilin Dünya İqtisadi Forumu bir daha Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş COP29 ölkəmizə, etibarlı, sözü ilə əməli vəhdət təşkil edən dövlət başçımıza inamın təsdiqi kimi dəyərləndirilməklə son məqamda milli maraqlarımıza xidmətin parlaq sübutudur.

Vahid Novruzov
Azərbaycan Respublikası Auditorlar Palatasının sədri,
YAP Veteranlar Şurasının üzvü,
iqtisad elmləri doktoru, professor


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi