Dövlət Komitəsi oktyabr ayında sosial dəstək tədbirlərini davam etdirib
.png)
Ölkəmizdə müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması və humanitar ehtiyaclarının qarşılanması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin tapşırıqlarına, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu istiqamətdə tədbirlər həyata keçirir.
Müvafiq qaydalara əsasən, məcburi köçkünlərə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin verilməsi davam etdirilir. Bu ilin oktyabr ayında məcburi köçkünlərə vahid aylıq müavinət müvafiq qaydada ödənilib.
Sıx məskunlaşma obyektlərində yaşayan məcburi köçkünlərin içməli suya olan tələbatının ödənilməsi məqsədilə oktyabr ayı ərzində Xəzər və Sabunçu rayonlarında yerləşən müvəqqəti məskunlaşma obyektlərinə içməli su daşınıb. Ay ərzində, ümumilikdə, 138 reys həyata keçirilib və sakinlərə 1420 ton içməli su çatdırılıb.
Dövlət Komitəsi məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə, gündəlik tələbatlarının qarşılanmasına və onların rifahının yaxşılaşdırılmasına xidmət edən tədbirlərin icrasını davam etdirir.