lider-media.az

QLOBAL PROBLEMLƏRİN MÜZAKİRƏSİ ÜÇÜN REAL MƏKAN

Tarix: 27-03-2024, 20:19

      Azərbaycanın artan beynəlxalq nüfuzu dünyaəhəmiyyətli  məsələlərin həllində mühüm rol oynayır.  Prezidenti İlham Əliyevin həyata keçirdiyi fəal praqmatik siyasət  nəticəsində ölkəmiz dünyada böyük imic qazanıb.  Ölkəmiz  beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfə verir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Forumu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu və onlarla belə tədbirləri keçirməklə dünyanın diqqətini özünə cəlb edən ölkəmiz  bununla həm də  xalqlar və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

      Martın 14-dən-16-dək "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu keçirildi. Forumda dünyanın bir çox qlobal problemləri  müzakirə olundu. Bu isə Azərbaycanın beynəlxal nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin təqdimatı idi.

      "Parçalanmış dünyanın bərpası" ("Fixing The Fractured World") mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatıldılar. 70-dən artıq ölkədən 350-dən çox qonağın iştirak ediyi  Forumda COP28-in nəticələri və COP29-a hazırlıq barədə qlobal müzakirələr aparıldı, yeni dünya nizamına təhdid yaradan amillərə, təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunuldu. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunuldu, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparıldı.

     XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki,  44 günlük Vətən müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu ötən il sentyabrın 19-20-də bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib:  "Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Çünki güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik".

     Bu gün Azərbaycan sülh prosesinə sadiqdir.  Dövlət başçısının da dediyi kimi, indi biz Ermənistanla sülhə heç vaxt olmadığı qədər yaxınıq. Məhz biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan sülh danışıqları təşəbbüsü ilə çıxış edib.  Azərbaycan zəfər çaldıqdan və münaqişənin bitməsindən qısa müddət sonra  sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib. Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edən beş məşhur prinsip var və onlar artıq işlənib hazırlanıb.

    Forumda dövlət başçısı Fransa-Azərbaycan münasibətlərinə də toxunub: “Fransada Azərbaycanın şəhərlərinin biriylə qardaşlaşmış Edian şəhərində vandalizm aktı baş verdi. Nə Fransa hökuməti nə dəEdian meriyasının rəsmiləri buna raksiya verdi. Bunu özümüzə təhqir hesab edirik”.  Ölkə başçısı Fransada Xurşidbanı Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktını fotosübutlarla göstərərək, bu vəhşiliyi ikilistandartların nümayişi adlandırıb, həmçinin qeyd edib ki, bu, əslində,  suverenliyimizi bərpa etdikdən sonra bizim nə ilə üzləşdiyimizi göstərir.  Fransanın ərazi bütövlüyünü bərpa etməyə kömək olmaq üçün Ukraynaya hərbi qüvvələrini göndərməsi ilə bağlı bəyanatına toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, onlar Azərbaycanı cəzalandırmağa çalışırlar.

     Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir. 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb.

     Bu gün sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığa töhfələr verən Azərbaycan müasir dünyanın çağırışları zəminində öz prinsipial mövqeyini sərgiləyir.  Belə tədbirlər isə xalqlar arasında körpü sala, ünsiyyət yarada bilər və müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığın təşviqi baxımından da əhəmiyyətlidir.  70-dən çox ölkənin Forumda təmsil olunması bu tədbirin miqyasının getdikcə genişlənməsinin göstəricisidir.

       Bəli, regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycanın bu gün dünya birliyində sözü  imzası qədər dəyərlidir.  Bu da təbii ki, düşünülmüş və gələcəyə hesablanmış siyasətin nəticəsidir.

                                                                

                                                      


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi