lider-media.az

Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Tarix: Bu gün, 20:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyeva yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “İnnovasiya və əməkdaşlıq vasitəsilə dayanıqlılığın sürətləndirilməsi” mövzusunda tədbirdə iştirak ediblər.

Tədbirdə çıxış edən Leyla Əliyeva regiondakı ekoloji problemlərə toxunub, xüsusilə Xəzər dənizində ekoloji vəziyyətin təcili diqqətə ehtiyacı olduğunu bildirib. Qeyd edib ki, son 10 ildə Xəzər dənizinin səviyyəsinin kəskin azalması müşahidə olunur. O, Xəzərin dünyanın ən böyük gölü olduğunu və dünya göllərinin ümumi su ehtiyatlarının 40 faizindən çoxunu təşkil etdiyini vurğulayaraq, onun nadir ekosistemi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Xəzər dənizində müşahidə olunan problemlərin bir sıra canlıların, o cümlədən Xəzər suitisi, nərə və qızılbalıq kimi qiymətli balıq növlərinin populyasiyasına mənfi təsir etdiyini bildirib. Xüsusilə Xəzər suitilərinin sayının əhəmiyyətli dərəcədə azaldığını qeyd edib və bu növün qorunmasının vacibliyini vurğulayıb.

Həmçinin Xəzər dənizində müşahidə olunan kompleks problemlərin elmi şəkildə öyrənilməsi, monitorinqi və onların mümkün həlli yollarına dair təkliflərin irəli sürülməsi məqsədilə IDEA tərəfindən COP29-da təqdim olunan Xəzər Dənizi Tədqiqat Mərkəzinin yaradıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Mərkəzin regional əməkdaşlığı gücləndirməyə və Xəzər dənizinin gələcək davamlılığını təmin etməyə töhfə verəcəyi qeyd olunub.

Çıxışının yekununda Leyla Əliyeva Xəzər dənizinin nadir ekoloji sisteminin qorunması naminə davamlı monitorinq və təhlillərin aparılmasının, elmi tədqiqatların dəstəklənməsinin vacibliyini vurğulayaraq, beynəlxalq ekspertləri, tədqiqat mərkəzlərinin nümayəndələrini və digər maraqlı tərəfləri bu istiqamətdə birgə layihə və təşəbbüslərlə çıxış etməyə, əməkdaşlıq qurmağa çağırıb.

Qeyd edək ki, dövrün ən aktual problemlərinə innovativ həll yollarını araşdırmaq üçün uzaqgörən liderləri, innovatorları və maraqlı tərəfləri bir araya gətirən tədbirdə müxtəlif ölkələrdən müvafiq sahədə fəaliyyət göstərən təşkilatların yüksəksəviyyəli nümayəndələri çıxış ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi