lider-media.az

Kənan Kərimzadə: Son illərdə təhsilə ayrılan vəsait əhəmiyyətli şəkildə artıb – MÜSAHİBƏ

Tarix: Bu gün, 13:47

Elm və təhsil nazirinin müavini, “İnsan kapitalı və təhsil üzrə” İşçi qrupunun rəhbəri Kənan Kərimzadə təhsilin ayrı-ayrı səviyyələri üzrə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə danışıb.

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini Kənan Kərimzadə dövlət büdcəsində təhsil bölməsi və son illərdə təhsilin ayrı-ayrı səviyyələri üzrə əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı “Azərbaycan müəllimi” qəzetinə geniş müsahibə verib.

Lider-media.az müsahibəni təqdim edir.

– Kənan müəllim, artıq yanvarın 1-dən dövlət büdcəsi haqqında Qanun qüvvəyə minib. Qanunda təhsil bölməsi xüsusi yer tutur. Cari ildə təhsilimizin inkişafına dair rəqəmləri necə xarakterizə edərdiniz?  

– Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar təhsil sektoruna da öz müsbət təsirini göstərib, dövlətimizin başçısı tərəfindən təhsilin inkişafı sahəsində mühüm strategiya və proqramlar qəbul edilib. Həmin strategiya və proqramlar çərçivəsində son illərdə dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb. Son 10 ildə təhsil xərcləri 3 dəfə, son 5 ildə isə təxminən 60 faiz artıb.  

2025-ci ildə təhsil xərclərinin ÜDM-də payı isə 3.8 faiz, dövlət büdcəsi xərclərinin tərkibində payı isə 12% təşkil edəcək. 2025-ci ilin dövlət büdcəsində təhsil bölməsi üzrə 4.94 milyard manat vəsait nəzərdə tutulub. Bu, ötən ilin təsdiq edilmiş təhsil büdcəsi ilə müqayisədə təxminən 8.5% artım deməkdir.

– Şübhəsiz ki, dövlət büdcəsində təhsil bölməsi üçün nəzərdə tutulmuş vəsaitlər ölkəmizdə məktəb infrastrukturunun daha da yaxşılaşdırılmasına imkan verəcək.

– Əlbəttə ki, ölkəmizdə təhsil infrastrukturunun yaxşılaşdırılması sahəsində həyata keçirilən və icrası nəzərdə tutulan tədbirlər Elm və Təhsil Nazirliyi üçün prioritet məsələlərdəndir. Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı ilə bu sahədə həyata keçirilən proqramlar, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə 2003-2024-cü illər ərzində 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir edilib. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. 
2024-cü ildə dövlət əsaslı vəsait qoyuluşu hesabına yeni məktəblərin tikintisi və əsaslı təmiri işləri həyata keçirilib. 57 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb, 21 təhsil müəssisəsinin təmir-tikintisi başa çatdırılıb, 9 müəssisədə isə son tamamlanma işləri aparılır, eyni zamanda 27 (22 ümumi təhsil) təhsil müəssisəsinin təmir-tikintisinin 2025-ci ildə başa çatması planlaşdırılır.

Bundan əlavə, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə 960 şagird yerlik Şuşa şəhər 1 nömrəli, 132 şagird yerlik Xocalı şəhəri 1 nömrəli, 624 şagird yerlik Xankəndi şəhər 4 nömrəli, 132 şagird yerlik Laçın rayonu Sus kənd məktəbi, 960 şagird yerlik Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbi, 460 şagird yerlik Xocalı rayonu Ballıca kənd məktəbi olmaqla ümumilikdə 6 məktəb istifadəyə verilib və fəaliyyətə başlayıb. Əvvəlki illərdə isə 960 şagird yerlik Füzuli şəhər 1 nömrəli, 510 şagird yerlik Laçın şəhər 2 nömrəli və 176 şagird yerlik Laçın rayonu Zabux kənd, 144 şagird yerlik Ağdərə rayonu Talış kənd və 360 şagird yerlik Zəngilan rayonu Ağalı kənd tam orta məktəbləri istifadəyə verilib. 

Bununla yanaşı, 50 yerlik Laçın rayonu Sus kənd körpələr evi-uşaq bağçası, 40 yerlik Xocalı rayonu 1 nömrəli körpələr evi-uşaq bağçası, 80 yerlik Xankəndi şəhər körpələr evi-uşaq bağçası olmaqla 3 məktəbəqədər təhsil müəssisəsi də istifadəyə verilib. Daha 3 məktəbin və 2 uşaq bağçasının istifadəyə verilməsi nəzərdə tutulur. 2 məktəbin və 3 uşaq bağçasının tikintisi isə davam edir.

Hazırda işğaldan azad olunmuş ərazilərdə 11 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin təhsil müəssisələrində 2 minə yaxın şagird (məktəbəhazırlıqla birlikdə) təhsil alır, 270-dən çox təhsilverən çalışır. Ümumi təhsil müəssisələri ilə yanaşı cari tədris ilindən Xankəndidə Qarabağ Universiteti də fəaliyyətə başlayıb. 

İşğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin qurulması məqsədilə ümumi və məktəbəqədər təhsil müəssisələrinin yaradılması əsas prioritetlərimizdəndir. Bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli təhsil xidmətləri ilə təmin edilməsi üçün təhsilin qabaqcıl standartlara uyğunlaşdırılması zəruridir. Əhalinin geri qayıdışına əsaslanaraq və bölgələrin xüsusiyyətlərini nəzərə alaraq ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin tikintisi və bərpası işi sürətlə davam etməkdədir. İri şirkətlər tərəfindən məktəbəqədər və peşə təhsili müəssisələrinin tikintisinin təşviq edilməsi sahəsində işlər görülür. Əhalinin rəqəmsal bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin təşkili nəzərdə tutulur.

– Son illər təhsil sahəsində həyata keçirilən mühüm istiqamətlərdən biri məktəbəqədər təhsilin inkişaf dinamikası ilə bağlıdır. Cari ildə bu sahədə nə kimi işlər nəzərdə tutulub?

– Məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması əsas hədəfdir və bu sahənin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması” fəaliyyət istiqaməti çərçivəsində dövrün sonuna məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 1-5 yaşlılara nisbətinin 50%-ə çatdırılması nəzərdə tutulub. Məktəbəqədər təhsilə 2025-ci ildə dövlət büdcəsindən 467.4 milyon manat vəsait sərf olunacaq.   

Məktəbəhazırlıq çərçivəsində 2024-2025-ci tədris ilində dövlət büdcəsi vəsaiti hesabına ümumi təhsil müəssisələrində 6 minə yaxın qrupda 93 min nəfər məktəbəhazırlığa cəlb edilib, 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 87 faizə çatdırılıb. Digər tərəfdən cari ildə məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri (icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özəl əməkdaşlığı və s.) əsasında məktəbəqədər təhsilə cəlb edilmiş uşaq sayının 35 min nəfərə çatdırılması nəzərdə tutulub. Bu məqsədlə dövlət büdcəsində əvvəlki illə müqayisədə 6.6 milyon manat çox olmaqla, 19.2 milyon manat vəsait nəzərdə tutulub. Həyata keçirilən tədbirlər nəticəsində məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlı uşaqların sayına nisbətdə əhatə səviyyəsinin cari ildə 40%-ə çatması gözlənilir.

Bundan əlavə, 2017-ci ildən “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi tətbiq olunur. Layihənin məqsədi 3-5 yaşlı uşaqların sosial-emosional inkişaf, idrak və ümumi bilik və s. üzrə bacarıqlarının artırılması, icma əsaslı məktəbəqədər təhsil mərkəzləri və valideyn birliklərinin yaradılması, məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətinin artırılmasıdır. Layihə çərçivəsində bölgələrdə məktəb daxilində icma əsaslı uşaq təlim mərkəzləri yaradılıb. 2023-2024-cü tədris ilində ölkə üzrə 55 rayon və şəhərdə təşkil edilən 1000-ə yaxın icma əsaslı məktəbəqədər təhsil qrupunda 20 minədək 3-4 yaşlı uşaq təhsilə cəlb olunub. 

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə “İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsi həyata keçirilib. Qrant müsabiqəsi çərçivəsində 189 qrant müqaviləsi bağlanılıb və təxminən 4400 uşaq cəlb edilib.

Məktəbəqədər təhsil üzrə dövlət standartları və təhsil proqramının (kurikulumun) təkmilləşdirilməsi, bu sistemdə çalışan pedaqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimlərinin təşkili əsas hədəflərdəndir. Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri peşəkar inkişaf təlimləri ilə uşaqların erkən inkişafı və təhsili sahəsində dəyişən ehtiyaclarını öyrənirlər.  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində məktəbəqədər təhsil sistemində çalışan pedaqoji və idarəetmə heyəti üçün ixtisasartırma təlimləri təşkil edilib. 2022-2023-cü illərdə 6000 nəfər təlimlərə cəlb olunub, 2024-cü ildə təlimlər 9500 nəfəri əhatə edib.

– Mühüm yeniliklər ümumi təhsildə baş verir. 2025-ci ildə ümumi təhsil üçün hansı hədəflər müəyyən olunub?

– Dövlət ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkili üzrə 2025-ci ildə 2.35 milyard manat vəsait nəzərdə tutulub. Ümumi təhsil sahəsində öncə ötən tədris ilində müəllimlərin sertifikasiyası və onun nəticələrindən danışa bilərik. Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2022-2024-cü illərdə 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. Sertifikatlaşdırma prosesindən uğurla keçmiş ümumilikdə 55 min nəfər olmaqla, 38 min nəfərdən çox müəllimin əməkhaqqına 10%, 17 min nəfərdən çox müəllimin əməkhaqqına isə 35% əlavə tətbiq edilib. Nəticədə əməkhaqqına 10% əlavə tətbiq olunmuş müəllimlər üzrə orta aylıq əməkhaqqı 980 manat, əməkhaqqına 35% əlavə tətbiq olunmuş müəllimlər üzrə isə orta aylıq əməkhaqqı 1295 manat təşkil edib. Cari ildə əlavə 20 mindən çox müəllimin bu prosesə cəlb olunması və bu məqsədlə dövlət büdcəsində əlavə 60.8 milyon manat olmaqla, ümumilikdə sertifikatlaşdırma çərçivəsində əməkhaqqı əlavələri üçün 154.4 milyon manat vəsait nəzərdə tutulub. 

Mühüm istiqamətlərdən biri STEAM layihəsi ilə bağlıdır. 2024-2025-ci tədris ilində STEAM əsaslı tədris 400-dək ümumi təhsil müəssisəsində ümumilikdə 264 mindən çox şagirdi əhatə edib, cari ildə isə əhatəliliyin artırılması və 2026-cı ilin sonuna 280 min nəfərə çatdırılması planlaşdırılır. 2024-2025-ci tədris ilindən etibarən layihə bir sinif aşağıdan – 4-cü sinifdən başlayaraq tətbiq edilir. Cari ilin dövlət büdcəsində layihə üçün 5.7 milyon manat vəsait ayrılıb. 

Digər mühüm təşəbbüslərdən biri  son illərdə təhsil sahəsində uğurla həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsidir. Şagirdlərdə alqoritmik düşüncə, layihə əsaslı öyrənmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədilə həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsi 2017-2018-ci tədris ilindən tətbiq edilir. Layihə 2023-2024-cü tədris ilində 531 ümumi təhsil müəssisəsində 400.000-dən çox şagirdi əhatə edib. 2024-2025-ci tədris ilindən daha 230 məktəb layihəyə qoşulub. Ümumilikdə isə layihəyə yeni qoşulacaq məktəblərdə şagird sayı 100.000-dən çoxdur. 2024-2025-ci tədris ilində layihə 762 məktəb üzrə 510 min şagirdi əhatə edib. 2025-ci ildə layihənin əhatəliliyi daha da artırılacaq. 

Mühüm yeniliklərdən biri “Peşə təmayüllü siniflər” layihəsidir. Peşə təmayüllü siniflərin yaradılmasında əsas məqsəd ümumi təhsil bazasında şagirdlərin müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsindən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir. Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində 2024-2025-ci tədris ilində 249 məktəbdə 419 peşə təmayüllü sinif fəaliyyət göstərir və 7 mindən çox şagird həmin siniflərdə təhsil alır. Cari ildə layihənin icrasına dövlət büdcəsindən 8 milyon manat vəsait nəzərdə tutulub və əhatənin genişləndirilməsi planlaşdırılır.

Təhsil sisteminin informasiyalaşdırılması son illərdə ölkəmizdə tədris prosesinin təkmilləşdirilməsi sahəsində mühüm keyfiyyət dəyişikliklərinin əsasını qoyub. Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində hazırda təhsil müəssisələrinin hər il əlavə kompüter avadanlığı ilə təchiz olunması istiqamətində iş aparılır və bu məqsədlə cari ilin dövlət büdcəsində 40 milyon manat vəsait ayrılıb. Artıq 3 ildir ki, ardıcıl olaraq ümumi təhsil müəssisələrinə 40000 kompüter paylanılır. Qeyd edilməlidir ki, əgər 2020-ci ildə ölkədə hər 36 şagirdə 1 kompüter düşürdüsə, hazırda 9 şagirdə 1 kompüter düşür, 2026-cı ilin sonuna isə bu nisbətin 6:1 olması hədəflənib. 

Eyni zamanda, dövlət investisiya xərcləri hesabına son illərdə məktəblərin fiber-optik (yüksəksürətli) şəbəkəyə qoşulması da həyata keçirilib. Əgər 2020-ci ildə fiber-optik internetə qoşulmuş müəssisələrin sayı 378 təşkil edirdisə, hazırda 1737 müəssisə fiber-optik internetə qoşulub. Təhsil sahəsində göstərilən xidmətlərin rəqəmsallaşdırılması və məlumat bazalarının təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

– Ölkəmizdə, şübhəsiz ki, təhsil sahəsində həyata keçirilən mütərəqqi dəyişikliklər həm də istedadların aşkara çıxarılması işlərini stimullaşdırıb. Bu sahədə atılan addımlar barədə nə deyərdiniz?

– Xüsusən bölgələrdə istedadlı şagirdlərin təhsil ala biləcəyi lisey və gimnaziyaların şəbəkəsi genişləndirilir. Oğuz, Qobustan, Sumqayıt, Lənkəran, Mingəçevir kimi bir çox rayon və şəhərlərdə yeni liseylər yaradılır. Ötən il 34 müxtəlif lisey və gimnaziyada təhsil almaq üçün 25 min nəfərə yaxın şagird müraciət edib və onlar arasından ən yaxşı 3 min şagird bu müəssisələrə qəbul olub. Regionlarda istedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi məqsədilə son iki ildə 5 lisey yaradılıb və fəaliyyət göstərir. 

Ölkə daxilində istedadlı şagirdlərin aşkar edilməsi üçün həyata keçirilən müxtəlif müsabiqə və olimpiadalarda iştirakçıların sayı 15% artaraq 150 min nəfər təşkil edib. Olimpiada və müsabiqələrin keçirilməsində məqsəd şagirdlərin istedadının aşkar edilməsi üçün müvafiq platforma və gələcək perspektivin verilməsidir. Respublika fənn olimpiadaları qaliblərinin müvafiq ixtisaslarda birbaşa təhsil almaq hüququ əldə etməsi bu istiqamətdə motivasiyaya səbəb olur. 
Məktəblilərimiz hər il 20-dən çox beynəlxalq olimpiadada iştirak edirlər. Son illərdə qazanılmış medal saylarında müsbət dinamika müşahidə olunur. Ötən tədris ilində şagirdlərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda uğurla çıxış ediblər. Beynəlxalq fənn olimpiadalarında milli komandalarımız 21 fərqli beynəlxalq olimpiadalarda iştirak edib. Şagirdlərimiz tərəfindən  birinci yer üzrə 6,  ikinci yer üzrə 22, üçüncü yer üzrə isə 35 medal olmaqla ümumilikdə 63 medal və 18 həvəsləndirici sertifikat qazanılıb.

– Təhsil sahəsində reallaşdırılan pilot layihələrlə bağlı hansı yeniliklər nəzərdə tutulub?

– Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində adambaşı maliyyələşdirmənin tətbiqi ilə bağlı 2026-cı ilin sonuna 100 məktəbdə pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə 10 ümumi təhsil müəssisəsinin pilot qaydada adambaşı maliyyələşməyə keçirilməsi üçün cari ildə 6 milyon manat vəsait nəzərdə tutulub. 

Strategiyada nəzərdə tutulmuş tədbirlər çərçivəsində müasir metodik xidmətin qurulması nəzərdən keçirilir. 2026-cı ilin sonuna müasir metodiki xidmətdə çalışan peşəkar işçilərin sayının 2250 nəfərə çatdırılması hədəfi müəyyən edilib və bu işlərin icrası olaraq, cari ildə  750  nəfər metodistin işə cəlb olunması məqsədilə dövlət büdcəsində 7 milyon manat vəsait nəzərdə tutulub. 

2016-cı ildən etibarən “Məktəblinin dostu” layihəsi tətbiq edilir. Layihənin əsas məqsədi məktəblərdə şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, şagird davranış qaydalarına nəzarət etmək, fövqəladə hal baş verdikdə uşaqlara ilkin tibbi və psixoloji yardım göstərməkdən ibarətdir. Layihə 2024-2025-ci tədris ilində Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran, Masallı, Cəlilabad üzrə 238 ümumi təhsil müəssisəsini və 416 minə yaxın şagirdi əhatə edir. Layihənin maliyyələşdirilməsi məqsədilə cari ildə 7 milyon manat nəzərdə tutulub.

– Son illərdə ölkəmizdə peşə təhsilinə maraq ildən-ilə artır. Müasir peşələrə maraq göstərənlərin sayında da artım müşahidə olunur. Cari büdcə zərfində peşə təhsili sahəsində maliyyənın həcmi də artıb...

– Bəli, peşə sahəsi hazırda təhsil sistemində ciddi irəliləyişlərin baş verdiyi, gənclərin məşğulluq səviyyəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətli istiqamətlərdən biridir. Qeyd edim ki, peşə təhsili üzrə həyata keçiriləcək fəaliyyətlərə 2025-ci ilin büdcəsinə müvafiq olaraq  82.2 milyon manat vəsait nəzərdə tutulub. 

Peşə təhsilində əhatəliliyin və keyfiyyətin artırılması, infrastrukturun yenilənməsi üzrə məqsədyönlü fəaliyyət davam etdirilir. Bu sahənin cəlbediciliyinin artmasını tələbə qəbulunda da görmək olar. 2024-2025-ci tədris ilində 72 peşə təhsil müəssisəsində 136 ixtisas üzrə tələbə qəbulu  aparılıb. Peşə təhsili müəssisələrinə 85 faizi dövlət sifarişli, 15 faizi isə ödənişli olmaqla, ümumilikdə 24.8 min nəfər qəbul olub. Qeyd edim ki, 2020-ci ilin rəqəmləri ilə müqayisədə peşə təhsili müəssisələrinə qəbul sayı 60% artıb. 

2026-cı ilə qədər peşə təhsilinə qəbul olunan tələbə sayının 28 min nəfərə çatdırılması hədəflənir. Yüksək texniki peşə təhsilinə cəlb edilən tələbələrin sayı 6 min nəfərdir. Bu təhsil səviyyəsi ali təhsilə imtahansız keçid imkanı yaradır. 2026-cı ilə qədər bu təhsil səviyyəsi üzrə tələbələrin sayının 9.2 min nəfərə çatdırılması planlaşdırılır. 

Bu sahədə mühüm yeniliklərdən biri peşə təhsili üzrə adambaşına maliyyələşmə ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidentinin “Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Fərmanına əsasən, hazırda 7 min tələbəni əhatə edən 8 peşə təhsili müəssisəsində adambaşına maliyyələşmə tətbiq olunur. 2025-ci ildə əlavə peşə təhsili müəssisələrində adambaşına maliyyələşmə həyata keçiriləcək. Bu məqsədlə dövlət büdcəsində keçən ilə nisbətdə 7.2 milyon çox manat olmaqla, ümumilikdə 24.7 milyon manat vəsait xərclənməsi nəzərdə tutulur. 
Bölgələrdə müasir tələblərə cavab verən peşə infrastrukturunun qurulması da diqqətdədir. Son 10 ildə Bakı, Gəncə, Bərdə, Qəbələ, İsmayıllı, Cəlilabad, Füzuli və Lənkəran şəhərlərində yeni və müasir peşə təhsil müəssisələri qurulub. Bu müəssisələrdə ağıllı istixanalar, ferma, təcrübə hotelləri, həmçinin təmir emalatxanaları kimi müasir infrastruktur təmin edilib.

Peşə təhsilindən danışarkən qeyd edim ki, Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə peşə təhsil müəssisələri qurulmaqdadır, o cümlədən doğma yurdlarına qayıdanlar qısamüddətli və ixtisasartırma təlimlərinə cəlb olunacaq. Hazırda Şuşa Dövlət Peşə Təhsil Mərkəzində və Füzulidə Peşə Təhsil Mərkəzində tikinti-quraşdırma işləri davam etdirilir. Bu il  həm də əlavə peşə təhsili müəssisələrinin layihələndirmə işlərinə başlanılacaq.

– Ölkəmizin rəqabətqabiliyyətliliyinin artırılmasında ali təhsil sahəsinin üzərinə mühüm vəzifələr düşür. 2025-ci ildə ali təhsilin inkişafı ilə bağlı hansı yenilikləri qeyd edə bilərsiniz?  

– Ali təhsildə əhatəliliyin və keyfiyyətin artırılmasına ölkə rəhbərliyinin diqqət və qayğısını təhsil ictimaiyyəti daim hiss edir və  təsadüfi deyildir ki, ötən il ali təhsil sahəsində bir sıra mühüm qərarlar qəbul edilib. 

Xüsusən ali təhsildə əhatəliliyin artmasını 2024-2025-ci ilin qəbul statistikasında da görə bilərik. 2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə 74 min nəfərdən çox şəxs qəbul edilib. 2005-ci və 2017-ci illərlə müqayisədə qeyd edim ki, qəbul sayları müvafiq olaraq 2.2 dəfə və 1.7 dəfə artıb. Ali təhsildə qəbul sayları və əhatəlilik artırılır, bu il 75 mindən çox tələbənin qəbulu planlaşdırılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 sentyabr 2024-cü il tarixli Qərarı ilə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili, magistratura, rezidentura və doktorantura səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı orta hesabla 25% artırılıb. Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsində təhsil xərci üçün əlavə 101 milyon manat olmaqla, ümumilikdə 391 milyon manat vəsait nəzərdə tutulub.

Onu da qeyd edim ki, cari tədris ili ölkəmizin ali təhsil sistemində bir sıra yeni universitetlərin fəaliyyətə başlaması ilə əlamətdar olub. 2024-2025-ci tədris ilində Qarabağ Universiteti fəaliyyətə başlayıb. 2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 1104 tələbə qəbul olub və qəbul planı 98,5 faiz yerinə yetirilib. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Cari ildə universitetin fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsində 17 milyon manat vəsait nəzərdə tutulub. Qarabağ Universitetində infrastruktur quruculuğu işləri də yüksək sürətlə davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 noyabr tarixli “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” Sərəncamına əsasən, ali təhsildə kəmiyyət maliyyələşməsindən keyfiyyət maliyyələşməsinə keçid qarşıya vəzifə kimi qoyulub. SABAH proqramının əhatə dairəsi 2025-2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndiriləcək. Bu məqsədlə 2025-ci ilin dövlət büdcəsində müvafiq olaraq 10 milyon manat vəsait nəzərdə tutulub. 

Ölkə Prezidentinin müvafiq Fərmanı ilə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilib. 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da hazırda kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə 83 tələbə təhsil alır. 2025-ci ildə universitetin fəaliyyətinin təmin edilməsi və tələbə qəbulunun artırılması məqsədilə dövlət büdcəsində 10 milyon manat vəsait nəzərdə tutulub. 

Təhsil Tələbə Krediti Fondunun yaradılması və uğurlu fəaliyyəti dövlətimizin gənclərimizə və təhsilimizə yüksək diqqət və qayğısından xəbər verir. Əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə bu günədək 46 mindən çox kredit rəsmiləşməsi aparılıb və əhatəliliyin növbəti illərdə artırılması planlaşdırılır.

– Son illərdə azərbaycanlı gənclərin xaricdə təhsil üzrə Dövlət proqramları çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsilinin maliyyələşdirilməsi ölkəmizdə insan kapitalının və yüksəkixtisaslı mütəxəssis hazırlığında mühüm istiqamətdir. Bu sahədə hansı yeniliklərdən danışa bilərik?

– Qeyd edim ki,  Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2024-cü il tarixli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməklə Dövlət Proqramının müddəti uzadılıb və 2022-2028-ci illəri əhatə edib. Sərəncama əsasən, hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alması təmin olunacaq. 
2024-2025-ci tədris ilində Proqram çərçivəsində bakalavriat təhsil səviyyəsi üzrə 125, magistratura təhsil səviyyəsi üzrə isə 375 nəfər olmaqla, ümumilikdə 500 nəfər təqaüdçü adını qazanıb, bunlardan 135 nəfəri universitetlər üzrə dünya reytinq cədvəllərində ilk onluqda olan ali təhsil müəssisələrində təhsil alacaq.

Hazırda 2019-2023-cü illər üçün Dövlət Proqramı çərçivəsində 6 beynəlxalq ikili diplom proqramı həyata keçirilməkdədir. Həmin proqramlar üzrə indiyədək ümumilikdə qəbul olan tələbə sayı 1041 nəfər, məzun sayı isə 252 nəfər olub. 

Ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə mövqeləri yaxşılaşmaqdadır. Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə təmsil olunması onların qlobal rəqabətə davamlılığını artırır və beynəlxalq nüfuz göstəricilərinin yaxşılaşdırılmasına xidmət edir. COP29 çərçivəsində Bakıda dünyanın ən nüfuzlu reytinq cədvəllərindən biri olan “QS” 2025-ci ilin nəticələri elan edilib. Ümumi dünya reytinqində bir universitetimiz (Bakı Dövlət Universiteti) ilk 1000-də, iki universitetimiz (ADNSU və UNEC) isə 1200-də yer alıb. İlk dəfə Azərbaycanın 7 ali təhsil müəssisəsi “QS Dünyanın ən yaxşı universitetlərinin reytinqi: Dayanıqlılıq 2025”ə daxil olub. 

Bundan əlavə, Azərbaycanın 18 yerli ali təhsil müəssisəsi “Times Higher Education Impact 2024” reytinqində təmsil olunub. Bu göstərici ötən ilə nisbətən 2 dəfədən çox artıb.

– Mühüm vəzifələrdən biri elm və təhsilin inteqrasiyası ilə bağlıdır. Bu sahədə fəaliyyət necə qurulub? 

– Elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin qarşılıqlı fəaliyyətinin təşkili, mövcud problemlərin və onların həll yollarının birgə müəyyənləşdirilməsi, universitetlərin beynəlxalq reytinq göstəricilərinin yüksəldilməsi, elmi-tədqiqat mərkəzlərinə çevrilməsi əsas məqsədlər kimi müəyyənləşdirilib. Bu istiqamətdə bir sıra universitetlərlə elmi-tədqiqat institutları arasında birgə fəaliyyətə dair qarşılıqlı anlaşma memorandumları imzalanıb.  
Xarici universitetlərlə ölkəmizin elmi-tədqiqat institutları arasında birgə layihələr, professor-müəlllim heyətinin mübadilə proqramları, elmi seminarlar təşkil olunur. Elmi tədqiqatçılar üçün nüfuzlu beynəlxalq elmmetrik bazalar olan “Web of Science” (Clarivate) və “Scopus”dan (Elsevier) effektiv istifadəyə dair təlimlər təşkil edilir.  Məqsəd elmmetrik bazalardan istifadəyə dair bilik və bacarıqların, səriştələrin artırılmasıdır. Elm və ali təhsil müəssisələrində çalışan tədqiqatçılar üçün “Web of Science” (WoS), “Scopus” və “ScienceDirect” elmmetrik bazalardan istifadəyə dair 14 təlim (əyani və onlayn) keçirilib. 100-dən çox elm və ali təhsil müəssisəsinin “Web of Science” (WoS) və “Scopus” bazalarına çıxışı təmin edilib.

–  Kənan müəllim, əhatəli müsahibəyə görə çox sağ olun.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi