lider-media.az

Martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günüdür

Tarix: 24-03-2024, 11:13

Ümumdünya Səhiyyə Təşkilatının qərarı ilə hər il martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. 1882-ci ildə alman mikrobioloq Robert Kox ilk dəfə vərəmin törədicilərini kəşf edib. 1905-ci ildə isə alim tibb sahəsində Nobel mükafatına layiq görülüb.

1982-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Vərəm və Ağciyər Xəstəlikləri ilə Mübarizə İttifaqı vərəmin törədicisi olan Kox çöplərinin aşkar edilməsinin 100 illiyi münasibətilə həmin günü təsis ediblər.

Vərəm hava-damcı yolu ilə yayılan xəstəlikdir. İnsan orqanizminə tənəffüs yolları, qida, dəri vasitəsi və sair yollarla daxil olur. Onu törədən mikroblar uzun müddət yaşaya və 6-8 aya qədər müxtəlif əşyaların üzərində qala bilir. Ona görə də xəstəliyə qab-qacaq, pal-paltar, dəsmal və digər məişət təması nəticəsində yoluxmaq mümkündür. Xəstəlik, bir qayda olaraq, dərhal başlamır və bir neçə aydan bir ilə qədər müddətdə özünü büruzə verə bilər. Yoluxma zamanı orqanizmin müdafiə qabiliyyəti, xüsusilə immun sistemi əhəmiyyətli rol oynayır.

Vərəmlə mübarizə gününün simvolu sağlam nəfəs əlaməti olan ağ çobanyastığıdır. Xəstəliklə mübarizə onun rəsmən elan edildiyi vaxtdan daha əvvəl başlanıb. XIX əsrin sonları - XX əsrin əvvəllərində ilk dəfə Cenevrədə əllərində ağ çobanyastığı tutmuş gənc oğlan və qızlar küçəyə çıxaraq vərəmli xəstələrin müalicəsi üçün ianə toplayıblar. Sonra həmin aksiyalar Avropanın başqa ölkələrində də keçirilməyə başlayıb və çobanyastığı çiçəklərinin satışı diqqəti cəlb edərək vərəmə qarşı mübarizə aparan təşkilatlara gəlir gətirib. Danimarkada və Norveçdə çiçəyin satış hüququ vərəmə qarşı mübarizə cəmiyyətlərinin inhisarına alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün vərəm xəstəliyindən dünyada 4 min 400 nəfər həyatını itirir, 30 min nəfərdə isə xəstəliyə yoluxma baş verir.

Vərəm sağalan xəstəlikdir və bu sahədə ardıcıl iş aparılır, lakin Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin fikrincə, onun aşkar edilməsi, müalicəsi və sağalması üçün göstərilən səylər yetərli deyil. İl ərzində vərəmə yoluxan 10 milyon xəstədən 3 milyonu müalicə almır. Ona görə də Ümumdünya Vərəmlə Mübarizə Gününün keçirilməsinin başlıca məqsədi hər şeydən əvvəl onunla bağlı əhalinin məlumatlılığını artırmaq və qlobal epidemiyanın ləğvi və profilaktika üsulları ilə əlaqədar səyləri birləşdirməkdən ibarətdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi