“Dəmir yumruq”-Zəfər salnaməmizin rəmzi
“Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirmişdir.
Prezident cənab İlham Əliyevin “dəmir yumruğu” bir daha xatırlatması həm hərbi-strateji və mənəvi siyasi əhəmiyyətə, həm də xüsusi rəmzi mənaya malikdir. Bu ifadəyə 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra da dəfələrlə rast gəldik, bu sözdən şərəflə, qürurla istifadə etdik. Böyük Zəfərlə başa çatan Vətən müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətlərini, çıxışlarını izləyib, dinləyərkən yaddaşımıza həkk olunan “dəmir yumruğun” varlığına, gücünə-qüdrətinə və əzəmətinə dəfələrlə şahidlik etdik. Ölkə rəhbəri dəfələrlə bildirirdi ki, işğalçılar Azərbaycan torpaqlarını tərk etməsələr, “dəmir yumruq” onların başını əzəcək. Cənab İlham Əliyevin söylədiyi bu ifadə Vətən müharibəsində sonradan hərbi əməliyyat adı kimi tarixin yaddaşına həkk olundu. Dövlət başşçısı çıxışlarında daim qürurla qeyd edirdi ki, biz “dəmir yumruq”la erməni faşizminin başını əzdik, belini qırdıq. Ölkə rəhbərinin qətiyyəti, Azərbaycan dövlətinin, o cümlədən ordunun gücü, xalqımızın həmrəyliyi, birliyi - bütün bunlar “dəmir yumruğ”un rəmzi mənasını, mənəvi dəyərini və milli məzmununu əks etdirir. Və “dəmir yumruq” bu gün də yerindədir!
Tariximizin şanlı səhifəsi olan “Dəmir yumruq” əməliyyatı təkcə rəşadətli ordumuzun apardığı mübarizə deyil, eyni zamanda, Prezident, Müzəffər Ali Baş Komandanın siyasi və diplomatik mübarizəsinin nümayişi oldu. Tarixi ədalət bərpa olundu, xeyir şər üzərində qələbə çaldı. Beynəlxalq qurumların illər ərzində edə bilmədiyini Azərbaycan əsgəri cəmi 44 günə əldə etdi, xalqımıza Böyük Qələbə sevinci yaşatdı. "Dəmir yumruq" xalqın gücünü, vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etdi. Xalq bu yumruq ətrafında birləşdi, qüvvətləndi, mübarizləndi, irəlilədi, fəxrləndi.
Prezident, Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsində xalqımızın zəfər salnaməsini yazdı. İllərlə Silahlı Qüvvələrdə bütün istiqamətlərdə aparılan islahatlar öz bəhrəsini verdi. Ordumuz qarşıya qoyulan məqsədə doğru inamla irəlilədi. Şanlı qələbə dünyaya ordumuzun qüdrətini bir daha nümayiş etdirdi. Böyük Qələbə, Xalq-Prezident-Ordu birliyi Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. Dünya Azərbaycanın qüdrətinə, haqq-ədalət uğrunda savaşına, xalqımızın misli görünməmiş qəhrəmanlıq salnaməsinə şahidlik etdi. Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, müzəffər ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, xalqın inamı özünə qaytarıldı.Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Zəfər qazandığımız Vətən müharibəsində dünya azərbaycanlıları bir amal ətrafında tarixin heç bir dönəmində olmadığı kimi birləşərək həmrəy oldu. Həmvətənlərimiz beynəlxalq aləmə səsimizi çatdırmaq üçün informasiya müharibəsində mühüm xidmətlər göstərdilər. Xalqımız düşmənə bir daha sübut etdi ki, əcdadlarımızdan bizə miras qalan yurd yerlərinin bir qarış torpağına belə heç kəs göz tikə bilməz.
2023-cü il sentyabrın 19-20-də aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistanın ərazilərimizdəki qeyri-qanuni hərbi mövcudluğuna son qoyulması ilə bölgədə sülh və təhlükəsizlik bərqərar olundu. Hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Və Azərbaycanın suverenliyi tam bərpa olundu. Ölkəmizin qısa müddətdə, bir günə təmin etdiyi qələbə yenilməz Ordumuzun nəyə malik olduğunu və Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınacağının sübutu idi. Lokal antiterror tədbirlərinin qısa zamanda uğurla həyata keçirilməsi Ordumuzun peşəkarlığının, döyüş ruhunun, hər bir hədəfə uğurla nail olmaq səylərinin göstəricisidir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində dövlət başçısı antiterror məsələsinə toxunaraq demişdir: “Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz.”
Prezident İlham Əliyev şəhidlərimizi dərin ehtiramla anaraq bildirir ki, onların qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alındı.2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızın ucalması xalqımıza növbəti dəfə qürurlu anlar yaşatdı. Tariximizə yazılan zəfər səhifələri bunlarla bitmədi. Dekabrın 21-də isə Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi həyata keçirilən uğurlu, rasional, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara cavab verən strateji kursun məntiqi nəticəsidir. Tarixin yaddaşında əbədi qalacaq Vətən müharibəsində Azərbaycan xalqı ölkə rəhbərinin ətrafında ali amal uğrunda “Dəmir yumruq” kimi birləşdi, Vətənə sonsuz sevgi və məhəbbət nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Dəmir Yumruq» siyasəti ilə güclü Ordumuzun əsgər və zabitlərinin keçirdiyi daha bir böyük missiyanı uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi.