Baharda dünyaya göz açsa da...
Vətən uğrunda şəhidlik zirvəsinə ucalanları bu gün xatırlamaq mənəvi borcumuzdur. Bu müharibə Azərbaycana zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha tanıtdı. Bu gün biz fəxrlə deyə bilərik ki, Vətən üçün şəhidliyi könüllü qəbul edən canından keçən gənclərimiz var. Vətənə, torpağa Ana deyib ölüm-dirim savaşına atılanların qəlbində bircə hiss var idi: Vətəni düşməndən qoruyaraq ona layiqli oğul olmaq!
Bu gənclər Azərbaycan dövlətinin iftixarıdır, qürurudur. ... Ən ali rütbədir şəhidlik. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı dilimizin əzbəridir hər zaman... “Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı!” deyirdi böyük şairimiz Məmməd Araz. Vətən yolunda sonuna qədər dəyanət göstərən igidlərimiz hər zaman bu Vətənin daşını, torpağını necə qorumağın yollarını göstərib gənc nəslə.
1991-ci ilin baharın ilk günündə-mart ayının 20-də doğulub Vətən müharibəsi şəhidimiz Novruz Məmmədov. Elə bu münasibətlə də adını Novruz qoyublar. İnqilab ata, Şəfiqə ana haradan biləydilər ki, 29 il sonra şəhid valideyni olub, şərəfli bir adı daşıyacaqlar.
Novruz Sumqayıt şəhərində dünaya göz açıb. Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbə 6 saylı tam orta məktəbdə təhsil almışdır. Novruz bir müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmətini başa vuran Novruz müddətdən artıq hərbi qulluqçu-sürücü olaraq xidmətinə davam edir. Vətən müharibəsində kəşfiyyatçı və snayper olaraq iştirak etmişdir.
Polad Həşimov özünə örnək bilən Novruz dostcanlı, qorxmaz, igid biri idi. Odur ki, döyüş yoldaşlarını Tariyel döyüş zamanı xilas edib. Polad Həşimov özünə örnək bilirdi.
Novruz 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonun azad olunması uğrunda gedən döyüşlərdə iştirak edir, 24 oktyabrda şəhidlik zirvəsinə yüksəlir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Novruz Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilir.
Vətən Müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi. Qələbəyə öz qanları ilə imza atan şəhidlərimiz bizlərə ömür boyu haqqında danışacağımız dastan qoyub getdilər. Özlərini doğmalarının gələcəyi üçün fəda edən polad ürəkli mübarizlərimiz, vətən sizi unutmayacaq. Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçdilər.