lider-media.az

Azərbaycanı inkişafın zirvələrinə aparan Lider

Tarix: 22-12-2024, 09:39

Azərbaycan xalqına müxtəlif zamanlarda dahi şəxsiyyətlər — liderlərin rəhbərlik etməsi onun qismətinə düşən böyük nəsib kimi dəyərləndirilir. İnkişafın zirvəsinə yüksəlmiş bütün xalqlar tarixin ayrı-ayrı dövrlərində fövqəladə istedadlı liderlərə sahib olmaq xoşbəxtliyindən yetərincə bəhrələnmək şansına minnətdar olmalıdırlar. Xalqların tarixini və taleyini təyin edən başlıca səbəblər sırasında lider amili həmişə həlledici rol oynayıb. Bəşəri tərəqqinin bu sınanmış qanunauyğunluğu bütün xalqlara və ölkələrə eyni dərəcədə şamil edilə bilər. XX əsrin 70-ci illərindən başlayan Azərbaycan intibahı və nəhayət, müstəqil Azərbaycan dövlətinin qurulması dahi siyasətçi ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin birbaşa nəticəsidir. XXI əsrin başlanğıcından isə ölkəmizin yeni intibahı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində gerçəkləşməkdədir. Hər bir lider öz xalqının yetirməsi, hər bir ölkə öz liderinin əsəridir.
2003-cü ildə prezident seçkilərinə qatılan və inamlı qələbə qazanan İlham Əliyevin həyatında ilk ən böyük siyasi uğurun həlledici səbəbini aşağıdakı trilogiya şəklində ifadə etsək, yəqin ki, səhvə yol vermərik: inam, ümid, etimad. Seçki kampaniyası keçirilərkən seçicilərin, bütünlüklə xalqın İlham Əliyevə inandığı, ümid və etimad hissi ilə yanaşdığı aydın görünürdü. Elə o zamandan etibarən “xalq seçimində heç vaxt yanılmır” deyimi bir daha sınaqdan çıxmış oldu. Daha doğrusu, İlham Əliyev öz genişmiqyaslı və yüksək dərəcədə səmərəli fəaliyyəti ilə bu xalq deyiminin doğruluğuna şübhə yeri qoymadı. 
Xalqın İlham Əliyevə inamı hər şeydən əvvəl, onun Heydər Əliyev siyasətinin ən parlaq və ardıcıl davamçısı olmaq potensialına əsaslanırdı.
İlham Əliyevin şəxsiyyətinə, prezident kimi fəaliyyətinin perspektivlərinə inam təbii olaraq insanlarda ümid yaradırdı. İnsanlar İlham Əliyevə inanaraq ümid edir, ümid edərək inanırdılar. Siyasətçinin uğur qazanması baxımından hər iki anlayış müstəsna əhəmiyyət daşıyır. 2003-cü ildə İlham Əliyevin prezidentlik kampaniyasının uğurlu gedişi və nəticəsi həm də bu iki fundamental siyasi kapital üzərində qərar tuturdu. Seçicilərin və bütünlükdə xalqın İlham Əliyevə inam və ümidinin məntiqi nəticəsi səsvermə zamanı ona göstərilən böyük etimadda özünü göstərməli idi və göstərdi. Bu etimad İlham Əliyevə həm inamın, həm də ümidin bariz ifadəsi, parlaq təcəssümü idi. 
Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, xalqın dərin etimadı dövlət başçısı kimi onu ruhlandırır, gücünə güc qatır və beləliklə də xalqla iqtidarın birliyi möhtəşəm gücə çevrilərək Azərbaycanı inkişafın zirvələrinə doğru aparır. 2016-cı ilin sentyabr ayının 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən referendum və onun nəticələri dövlət başçısına ölkə əhalisinin böyük inam və etimadının yeni təsdiqi kimi yadda qaldı.
İlham Əliyev şəxsiyyətinin siyasətçi mahiyyəti Heydər Əliyevin ideyalarından yoğrulub, onun nüvəsindən qaynaqlanıb və onu ən saf, tam və bütün şəkildə ifadə etmək üstünlüyünə malikdir. 
İlham Əliyev üçün Heydər Əliyev ideyaları, eyni zamanda, onun özünün siyasi baxışları və siyasi fəlsəfəsi ilə eyniyyət təşkil edir, dövlət strategiyası və cari siyasətin işlənib hazırlanmasında, obrazlı şəkildə desək, mayak rolunu oynayır. Prezidentin bu sahədə sistemli ardıcıllıq nümayiş etdirməsi xüsusi vurğulanmağa layiqdir. O, ilk dəfə prezident seçkiləri kampaniyasına qoşulduğu 2003-cü ildən bu günə qədər daim Heydər Əliyev siyasətinə sədaqətini bəyan edib və praktik fəaliyyətində bu sədaqətini təcəssüm etdirib. 
İlham Əliyev Heydər Əliyev siyasətini tam, bitkin sistem kimi qəbul edir və ölkəmizin uğurlarını bilavasitə həmin siyasətin həyata keçirilməsinin birbaşa nəticəsi sayır. Bu ümumi yanaşma həm daxili siyasətə, həm də xarici siyasətə, həm iqtisadi siyasətə, həm də sosial həyatda, mədəniyyət sahəsində, digər sahələrdə həyata keçirilən siyasətə şamil edilir. 

Bu gün tam əminliklə deyə bilərik və deyirik ki, Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir. Eyni zamanda, həqiqətin etiraf olunmalı digər tərəfi ondan ibarətdir ki, bu ideyalar müasir çağırışlara tam adekvatdır, ölkəmizin müasirləşməsi, modernləşməsi, çağdaş dünyanın inkişaf meyillərinə cavab verir. Azərbaycanın artıq bütün dünyada formalaşmış müasir, dünyəvi, demokratik, tolerant dövlət və cəmiyyət imici bu fikirləri söyləməyə möhkəm təməl yaradıb. Ölkəmizin modernləşmə vüsətinə və tempinə görə dünyada ən qabaqcıl mövqeyə malik olması hamılıqla etiraf olunur. Azərbaycanın tolerantlıq modeli, multikulturalizm mərkəzi kimi bütün dünyada tanınması da artıq heç kimə sirr deyil. Heydər Əliyev Azərbaycanın gələcəyini məhz belə təsəvvür edirdi və onun irs olaraq qoyub getdiyi ideyalar həmin məqsədlərə xidmət göstərir. Ümummilli liderin ideyalarına istinad edən Prezident İlham Əliyev Azərbaycanın onun arzu etdiyi gələcəyini qurdu. İndi isə ölkənin daha da inkişaf etdirilməsi, daha da müasirləşməsi və modernləşməsi vəzifəsini uğurla həyata keçirir. Mayak rolunu isə həmişə olduğu kimi, Heydər Əliyev ideyaları oynayır. 
Ümummilli lider Heydər Əliyevin prezidentliyinin on ili Azərbaycanın həyatında fundamental dəyişikliklərlə tariximizə daxil olmuşdur. Siyasi və iqtisadi sabitliyin təmin olunması, xaos, anarxiya, separatizm, insan haqlarının mütəmadi surətdə pozulması kimi halların birdəfəlik aradan qaldırılması sistemli şəkildə yeni, müstəqil dövlət quruculuğunu uğurla həyata keçirməyə zəmanət verdi. Dahi dövlət xadimi Heydər Əliyev müdrikliyindən qaynaqlanan siyasi islahatlar həyata keçirildi, müstəqil Azərbaycanın Konstitusiyası referendum yolu ilə qəbul edildi, liberal iqtisadiyyatın əsaslarını yaratmağa hədəflənmiş islahatlar gerçəkləşdirildi. İqtisadiyyatın inkişafının nüvəsi kimi Heydər Əliyevin yeni neft strategiyası işlənib hazırlandı. Onun çox vacib tərkib hissəsi olan “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın zəngin neft ehtiyatlarını dünya bazarına çıxarmağa imkan verən, həm də böyük geosiyasi dividendlər vəd edən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ixrac marşrutu üzrə çəkildi.
Demokratik cəmiyyət quruculuğu istiqamətində əhəmiyyətli addımlar atıldı, hüquqi dövlət və vətəndaş cəmiyyəti təsisatları yaradıldı, siyasi plüralizm qərarlaşdı. Azərbaycanın beynəlxalq siyasi və iqtisadi birlik və təşkilatlara inteqrasiyası daha ardıcıl və sistemli şəkildə həyata keçirilməyə başladı. Ölkənin xarici siyasət prioritetləri aydın parametrlər kəsb etdi, nizami ordu yaradıldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sahəsində strategiya qəti şəkildə qərarlaşdı və beynəlxalq ictimaiyyətə aydın və qəti mövqe çatdırıldı. 
Bir sözlə, müstəqil Azərbaycan dövləti quruldu və inkişaf, tərəqqi, yüksəliş yolunda ilk inamlı addımlarını atmağa başladı. XX əsrin son onilliyinə real parçalanmaq təhlükəsi ilə qədəm qoyan Azərbaycan Heydər Əliyevin dühası sayəsində XXI əsrin birinci onilliyinə artıq özünü təsdiq etmiş, gələcək inkişaf imkanları şübhə doğurmayan uğurlu dövlət kimi daxil ola bildi.

Qeyd edildiyi kimi, XXI əsrin onilliyinə böyük milli inkişaf iddiaları ilə daxil olan Azərbaycanda yeni islahatlar obyektiv zərurətə çevrilmişdi. Yeni dövrün tələblərinə cavab verən, müasir baxışlara əsaslanan islahatlar olmadan ölkənin inkişaf iddiaları reallaşmaq imkanlarına malik deyildi. Prezident İlham Əliyevin yeni baxışlara əsaslanan islahatlar konsepsiyası məhz bu tarixi zərurətdən qaynaqlanır və həmin dövrün çağırışlarına cavab kimi qiymətləndirilməlidir. Yeni baxış anlayışı da ilk növbədə Heydər Əliyev ideyaları əsasında yeni çağırışların mahiyyətlərinə uyğun qərarların qəbul edilməsi zərurəti kimi dərk edilməlidir. 
Prezident İlham Əliyevin islahatlar konsepsiyasının hədəflərini aydınlaşdırmağa çalışsaq, bir sıra başlıca məqamları (məqsədləri) qeyd etməmək mümkün deyil. Bunların sırasında ən başlıcası, yeni iqtisadi inkişaf modelinin hazırlanması hesab olunmalıdır. Əvvəlki on ilin inkişafı artıq aydın parametrlər kəsb edən iqtisadi modelin yaradılması prosesini başa çatdırmağı qaçılmaz etmişdi və həmin vəzifə Prezident İlham Əliyevin hakimiyyətinin ilk illərində sınaqdan uğurla çıxdı. Azərbaycanın inkişaf modeli iqtisadi faktor və reallıq kimi həm ölkə daxilində, həm də beynəlxalq qurumlar tərəfindən etiraf olundu.
İnkişafın Azərbaycan modeli dedikdə, hər şeydən əvvəl, bu elementlər toplusu başa düşülür: hipersürətli iqtisadi yüksəliş; yeni, müasir idarəetmə texnologiyalarının tətbiq edilməsi; iqtisadiyyatda insan faktorunun rolunun və əhəmiyyətinin artırılması; neft strategiyasından daxil olan böyük vəsaitlərin səmərəli idarə olunması; müasir iqtisadiyyatın əsası kimi geniş infrastruktur layihələrinin həyata keçirilməsi; ölkə regionlarının sosial və iqtisadi inkişafının tarazlaşdırılması; artan iqtisadi potensialdan insanların sosial müdafiəsi məqsədləri ilə ən səmərəli şəkildə istifadə edilməsi.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin islahatçılıq strategiyası öz miqyasları və vüsətinə görə kifayət qədər geniş olub təkcə iqtisadi fəaliyyət sferası ilə kifayətlənmir. İslahatçılıq hərəkatının cəmiyyətin bütün sahələrini əhatə etməsi sözügedən strategiyanın fərqləndirici xüsusiyyəti kimi göstərilməlidir. 

Deyilənlərə yekun vuraraq etiraf etmək lazım gəlir ki, 2003-cü ildən etibarən Azərbaycanın misilsiz tərəqqisi və yüksəlişi ümummilli lider Heydər Əliyevin yaratdığı sosial-iqtisadi və siyasi bazaya, Prezident İlham Əliyevin uğurlu islahatlarına əsaslanır.
İlham Əliyevin seçki proqramını xatırlayıb təhlil etməli olsaq, etiraf etmək lazım gələr ki, artıq o zamandan etibarən gələcək prezident tarixin onun üzərinə qoyduğu möhtəşəm vəzifələri yerinə yetirməyə hazır idi. 2003-cü ildə çoxlarının başa düşməyə çətinlik çəkdiyi vəzifələrin İlham Əliyev tərəfindən özünün seçki proqramına daxil edilməsi deyilənin əyani təsdiqidir. Misal üçün, prezidentlik müddəti ərzində - 14 ildə yüz minlərlə yeni iş yerinin açılması, qaçqın və məcburi köçkünlərin illər boyu ağır şəraitdə yaşadığı çadır şəhərciklərinin aradan qaldırılması barədə vədlərini yada salmaq yetərlidir ki, İlham Əliyevin prezident kimi özünün qarşısında qoyduğu hədəflərin miqyası barədə aydın təsəvvür yaransın. Bu mənada, onun daha bir bəyanatını da xatırlayaq: “Böyük işlər görmək üçün qarşımıza möhtəşəm vəzifələr qoymalıyıq” — deyən Prezidentin ölkəsinin çox qısa bır zamanda dünyanın ən dinamik iqtisadiyyatına sahib olması, əlbəttə, tamamilə qanunauyğundur.

İlham Əliyev dövrünün böyük sıçrayışı, hər şeydən əvvəl, Azərbaycan iqtisadiyyatının qeyri-adi inkişafında təcəssüm edir. Bunu Azərbaycanın iqtisadi möcüzəsi də adlandıranlar var və ədalət naminə qeyd etmək lazımdır ki, belə düşünənlər heç də səhv etmirlər. Prezident İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi yenidən özünü göstərmək imkanı qazandı. Bir yandan artan maliyyə imkanları maaş və pensiyaların artımı, sosial müdafiə tədbirlərinin gücləndirilməsi ilə müşayiət olunmağa başladı. Əhalinin həyat səviyyəsi ciddi şəkildə yaxşılaşdı, istehlak artdı. Digər tərəfdən isə milli sərvətin ən səmərəli şəkildə istifadə olunması mexanizmi yaradıldı. Neft gəlirlərinin əhəmiyyətli hissəsinin qorunması forması kimi Dövlət Neft Fondunun ölkənin iqtisadi və maliyyə sistemində rolu və əhəmiyyəti daha da artırıldı. Genişmiqyaslı infrastruktur layihələri ilə milli gəlirin yenidən bölünməsinin müasir və kifayət qədər səmərəli forması tətbiq edildi. Ölkədə infrastrukturun köklü surətdə yeniləşməsi və modernləşməsi strategiyasına start verildi.
Müasir qlobal problemlər sırasında ilk pillələrdə dayanan yoxsulluğun aradan qaldırılması sahəsində əldə olunan nailiyyətlər böyük sıçrayışın təcəssümlərindən biri kimi tarixi əhəmiyyətə malikdir desək, yəqin ki, həqiqəti etiraf etmiş olarıq. Azərbaycanın 2004-cü ildən başlayan inkişaf mərhələsi yeni hədəflərlə müşayiət olunan yeni mərhələyə adlamağa sosial sifariş alıb. Bunu həm əvvəlki iqtisadi tsiklin vəzifələrinin uğurla yerinə yetirilməsi, həm yeni inkişaf hədəflərinin müəyyən edilməsi, həm də dəyişən daxili və beynəlxalq iqtisadi mühit şərtləndirir. Artıq bir ilə yaxındır ki, ölkəmiz yeni islahatlar ab-havası şəraitində yaşayır. Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında islahatlar konsepsiyası hazırlanır və ardıcıl surətdə həyata keçirilməkdədir. Prosesin vüsətini, miqyasını, hədəf olaraq seçdiyi vəzifələrin əhəmiyyətini nəzərə alaraq onu islahatların yeni dalğası adlandırmaq tamamilə yerinə düşərdi.


İslahatların bu yüksək dalğası Azərbaycanın davamlı və dayanıqlı inkişafının məntiqi davamı olub, onun yeni fazaya daxil olması məqsədlərinə xidmət göstərir. Buna görə də əvvəlki dövrdə əldə olunan nailiyyətlər daha uğurlu hədəflərə doğru irəliləyişlər zamanı etibarlı fundament rolunu oynayır və eyni zamanda, həm ilkin, həm də yeni islahatlar dövrləri vahid iqtisadi inkişaf strategiyasının mərhələləri kimi nəzərdən keçirilir.
İslahatların yeni dalğasının əsas hədəfi ölkəmizdə inkişafın yeni fazaya daxil olması, daha yüksək pilləyə qaldırılmasından ibarətdir. Prezident İlham Əliyevin “Azərbaycan xalqı daha yaxşı yaşamağa layiqdir” tezisində ifadə olunan siyasi kursu mahiyyət etibarilə islahatların ikinci dalğasının ideya əsası kimi qəbul olunmalıdır.

Hazırkı şəraitdə həyata keçirilməkdə olan islahatların resurs bazasının istinad nöqtəsinin dəyişdirilməsi onun fərqləndiricisi xüsusiyyətlərindən biri sayıla bilər. Əvvəlki mərhələdə istinad olunan başlıca resurs bazası neft strategiyasının reallaşması nəticəsində əldə edilən vəsaitlərdə istifadə olunurdu. Başqa sözlə desək, inkişafın lokomotivi rolunda neft amili dayanırdı və əsas diqqət ondan ölkənin mənafeləri, xalqın rifahı naminə ən səmərəli şəkildə istifadə olunmasına yönəldilmişdi. İndi isə inkişafın resurs bazasına münasibətdə diqqət fərqli amillərə yönəldilir, başqa sözlə, iqtisadi şaxələndirmə prioritet vəzifə olaraq ön plana çəkilir.
Prezident İlham Əliyevin yeni islahatlar strategiyasının mərkəzində duran vəzifələr sırasında iqtisadi liberallaşdırmanın yeni səviyyəyə yüksəldilməsi diqqəti xüsusilə cəlb edir. Söhbət sahibkarlığın inkişafı üçün əlavə təminatların verilməsi ilə yanaşı, liberallaşdırmanın bank-kredit sisteminə daha dərindən sirayət etməsindən gedir. Həyata keçirilən tədbirlər kompleksinin ölkəmizdə azad bazar iqtisadiyyatının bütün parametrləri üzrə qərarlaşmasını, deməli, iqtisadi inkişafa əlavə təminatı şərtləndirmiş olacaq.
İslahatların ikinci mərhələsini səciyyələndirən xüsusiyyətlərdən digəri idarəetmə sahəsinin təkmilləşdirilməsi, daha çevik idarəçilik sisteminin yaradılması məqsədilə zəruri optimallaşmanın həyata keçirilməsidir. Burada idarəetmə xərclərinin azaldılmasından tutmuş innovativ idarəçilik formalarının tətbiq edilməsinədək geniş spektrli yeniləşmə nəzərdə tutulur. Hədəf qərarların qəbul edilməsinin sürətləndirilməsi, yersiz süründürməçilik hallarının və digər neqativlərin qətiyyətlə aradan qaldırılması, icraya nəzarətin gücləndirilməsi və s. bu qəbildən olan və sosial sifariş xarakteri kəsb etmiş vəzifələrin həllidir.
Genişmiqyaslı idarəetmə islahatları istər-istəməz siyasi mahiyyət kəsb edir və bu mənada Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Konstitusiyasına bir sıra əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə 2016-cı il sentyabr ayının 26-da keçirilən referendum xüsusi əhəmiyyət daşıyır. Referendum yolu ilə Konstitusiyanın təkmilləşdirilməsi əslində, islahatlar strategiyasının vacib elementi olub, sonuncunun Prezidentin siyasətində nə dərəcədə vacib əhəmiyyət kəsb etdiyinə bilavasitə dəlalət edir.
Prezident İlham Əliyevin islahatlar siyasətinin ikinci fazasını xarakterizə edən vacib bir məqam da ayrıca vurğulanmalıdır. Bu da onun cəmiyyətə dərin islahatlar kimi təqdim edilməsidir. Prezidentin hazırkı yeniləşmə xəttini dərin islahatlar adlandırması ona nə qədər böyük diqqət yetirdiyinin əyani sübutudur. İslahatların nəinki cənab İlham Əliyevin təşəbbüsü ilə, həm də onun bilavasitə rəhbərliyi ilə həyata keçirilməsi faktı öz növbəsində ikinci islahatlar dalğasının uğurlarına əlavə təminat hesab edilə bilər. 

Azərbaycan növbəti böyük dəyişiklik yolunun astanasındadır. Ölkəmiz təkcə islahatların deyil, böyük inkişafın, əzəmətli dəyişikliklərin yeni dalğasına hazırlaşır. Heç bir şübhə yoxdur ki, əvvəlki iki onillikdə olduğu kimi, indiki mərhələdə də Azərbaycan dünyanı yeni möcüzəsi ilə təəccübləndirə biləcək. Bunun ən etibarlı təminatı Heydər Əliyevin ölkəmizdə yaşayan ideyaları və Prezident İlham Əliyevin qüdrətli liderlik keyfiyyəti, xalqına təmənnasız xidmət göstərmək arzu və bacarığıdır. Hər bir ölkə tarixi, keçmişi, mədəniyyəti, inkişaf göstəriciləri və əlbəttə, lideri ilə tanınır. Azərbaycan fəxr edir ki, onun lideri İlham Əliyevdir!

 Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi