Azərbaycanı inkişafın zirvələrinə aparan Lider
2008-ci il oktyabrın 24-də Prezident İlham Əliyev ikinci dəfə and içmişdir
“İlk növbədə, mənə yenidən böyük etimad göstərmiş, məni Prezident vəzifəsinə seçmiş bütün Azərbaycan xalqına öz dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqını yenidən əmin edirəm ki, mən bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı üçün öz səylərimi əsirgəməyəcəyəm. Eyni zamanda, mənim namizədliyimi irəli sürmüş Yeni Azərbaycan Partiyasına öz təşəkkürümü bildirirəm, seçki kampaniyasında yaxından iştirak etdiklərinə görə partiyanın fəallarına minnətdaram. Bu seçkilərdə məni dəstəkləmiş bütün siyasi qüvvələrə, o cümlədən müxalifət nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Mən ümid edirəm ki, bu seçkilər və seçki kampaniyası Azərbaycanda yeni siyasi mədəniyyətin möhkəmlənməsində öz rolunu oynayacaq, yeni ənənələri Azərbaycana gətirəcək və bundan sonra Azərbaycanda siyasi mübarizə yalnız və yalnız sivil yollarla aparılacaqdır. Bu fürsətdən istifadə edərək, məni qələbə ilə təbrik etmiş prezidentliyə digər namizədlərə, onların göndərdikləri təbriklərə görə öz təşəkkürümü bildirirəm. Beş il bundan əvvəl andiçmə mərasimində mən Azərbaycan xalqına söz vermişdim ki, Azərbaycanın hərtərəfli inkişafı üçün fəal çalışacağam. Söz vermişdim ki, Azərbaycanda Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Çünki, bu, Azərbaycanın bu günü və sabahı üçün, gələcəyi üçün yeganə siyasətdir. Bu siyasət Azərbaycanı böyük bəlalardan qurtardı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir. Azərbaycan xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru böyük addımlar atmışdır. Məhz onun rəhbərliyi altında Azərbaycanda dövlətçilik ənənələri qurulmuşdur, Azərbaycan öz dövlət müstəqilliyini möhkəmləndirmiş, Azərbaycanda sabitlik yaradılmış və inkişaf başlamışdır. Bu gün bir daha demək istəyirəm ki, növbəti beş il ərzində mən bu siyasətə sadiq qalacağam və bu yoldan dönməyəcəyəm”
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
( Andiçmə mərasimində nitqindən Heydər Əliyev sarayı, 24 oktyabr 2008-ci il)

Azərbaycan xalqına müxtəlif zamanlarda dahi şəxsiyyətlər — liderlərin rəhbərlik etməsi onun qismətinə düşən böyük nəsib kimi dəyərləndirilir. İnkişafın zirvəsinə yüksəlmiş bütün xalqlar tarixin ayrı-ayrı dövrlərində fövqəladə istedadlı liderlərə sahib olmaq xoşbəxtliyindən yetərincə bəhrələnmək şansına minnətdar olmalıdırlar. Xalqların tarixini və taleyini təyin edən başlıca səbəblər sırasında lider amili həmişə həlledici rol oynayıb. Bəşəri tərəqqinin bu sınanmış qanunauyğunluğu bütün xalqlara və ölkələrə eyni dərəcədə şamil edilə bilər. XX əsrin 70-ci illərindən başlayan Azərbaycan intibahı və nəhayət, müstəqil Azərbaycan dövlətinin qurulması dahi siyasətçi ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin birbaşa nəticəsidir. XXI əsrin başlanğıcından isə ölkəmizin yeni intibahı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində gerçəkləşməkdədir. Hər bir lider öz xalqının yetirməsi, hər bir ölkə öz liderinin əsəridir.

2003-cü ildə prezident seçkilərinə qatılan və inamlı qələbə qazanan İlham Əliyevin həyatında ilk ən böyük siyasi uğurun həlledici səbəbini aşağıdakı trilogiya şəklində ifadə etsək, yəqin ki, səhvə yol vermərik: inam, ümid, etimad. Seçki kampaniyası keçirilərkən seçicilərin, bütünlüklə xalqın İlham Əliyevə inandığı, ümid və etimad hissi ilə yanaşdığı aydın görünürdü. Elə o zamandan etibarən “xalq seçimində heç vaxt yanılmır” deyimi bir daha sınaqdan çıxmış oldu. Daha doğrusu, İlham Əliyev öz genişmiqyaslı və yüksək dərəcədə səmərəli fəaliyyəti ilə bu xalq deyiminin doğruluğuna şübhə yeri qoymadı.
Xalqın İlham Əliyevə inamı hər şeydən əvvəl, onun Heydər Əliyev siyasətinin ən parlaq və ardıcıl davamçısı olmaq potensialına əsaslanırdı.İlham Əliyevin şəxsiyyətinə, prezident kimi fəaliyyətinin perspektivlərinə inam təbii olaraq insanlarda ümid yaradırdı. İnsanlar İlham Əliyevə inanaraq ümid edir, ümid edərək inanırdılar. Siyasətçinin uğur qazanması baxımından hər iki anlayış müstəsna əhəmiyyət daşıyır. 2003-cü ildə İlham Əliyevin prezidentlik kampaniyasının uğurlu gedişi və nəticəsi həm də bu iki fundamental siyasi kapital üzərində qərar tuturdu. Seçicilərin və bütünlükdə xalqın İlham Əliyevə inam və ümidinin məntiqi nəticəsi səsvermə zamanı ona göstərilən böyük etimadda özünü göstərməli idi və göstərdi. Bu etimad İlham Əliyevə həm inamın, həm də ümidin bariz ifadəsi, parlaq təcəssümü idi.
Prezident seçkiləri artıq müasir tariximizin 21 illik şərəfli səhifəsini təşkil edir. Tam məsuliyyətlə demək olar ki, 21 il bundan əvvəl Prezident İlham Əliyevə xalqın nümayiş etdirdiyi inam, ümid və etimad nəinki azalıb, əksinə, daha da güclənib, daha dərindən dərk edilən dəyərlər kimi özünü təsdiq edib. Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, xalqın dərin etimadı dövlət başçısı kimi onu ruhlandırır, gücünə güc qatır və beləliklə də xalqla iqtidarın birliyi möhtəşəm gücə çevrilərək Azərbaycanı inkişafın zirvələrinə doğru aparır. 2016-cı ilin sentyabr ayının 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən referendum və onun nəticələri dövlət başçısına ölkə əhalisinin böyük inam və etimadının yeni təsdiqi kimi yadda qaldı.İlham Əliyev şəxsiyyətinin siyasətçi mahiyyəti Heydər Əliyevin ideyalarından yoğrulub, onun nüvəsindən qaynaqlanıb və onu ən saf, tam və bütün şəkildə ifadə etmək üstünlüyünə malikdir.
İlham Əliyev üçün Heydər Əliyev ideyaları, eyni zamanda, onun özünün siyasi baxışları və siyasi fəlsəfəsi ilə eyniyyət təşkil edir, dövlət strategiyası və cari siyasətin işlənib hazırlanmasında, obrazlı şəkildə desək, mayak rolunu oynayır. Prezidentin bu sahədə sistemli ardıcıllıq nümayiş etdirməsi xüsusi vurğulanmağa layiqdir. O, ilk dəfə prezident seçkiləri kampaniyasına qoşulduğu 2003-cü ildən bu günə qədər daim Heydər Əliyev siyasətinə sədaqətini bəyan edib və praktik fəaliyyətində bu sədaqətini təcəssüm etdirib.
İlham Əliyev Heydər Əliyev siyasətini tam, bitkin sistem kimi qəbul edir və ölkəmizin uğurlarını bilavasitə həmin siyasətin həyata keçirilməsinin birbaşa nəticəsi sayır. Bu ümumi yanaşma həm daxili siyasətə, həm də xarici siyasətə, həm iqtisadi siyasətə, həm də sosial həyatda, mədəniyyət sahəsində, digər sahələrdə həyata keçirilən siyasətə şamil edilir.
Bu gün tam əminliklə deyə bilərik və deyirik ki, Azərbaycan Heydər Əliyev ideyaları əsasında inkişaf edir. Eyni zamanda, həqiqətin etiraf olunmalı digər tərəfi ondan ibarətdir ki, bu ideyalar müasir çağırışlara tam adekvatdır, ölkəmizin müasirləşməsi, modernləşməsi, çağdaş dünyanın inkişaf meyillərinə cavab verir. Azərbaycanın artıq bütün dünyada formalaşmış müasir, dünyəvi, demokratik, tolerant dövlət və cəmiyyət imici bu fikirləri söyləməyə möhkəm təməl yaradıb. Ölkəmizin modernləşmə vüsətinə və tempinə görə dünyada ən qabaqcıl mövqeyə malik olması hamılıqla etiraf olunur. Azərbaycanın tolerantlıq modeli, multikulturalizm mərkəzi kimi bütün dünyada tanınması da artıq heç kimə sirr deyil. Heydər Əliyev Azərbaycanın gələcəyini məhz belə təsəvvür edirdi və onun irs olaraq qoyub getdiyi ideyalar həmin məqsədlərə xidmət göstərir. Ümummilli liderin ideyalarına istinad edən Prezident İlham Əliyev Azərbaycanın onun arzu etdiyi gələcəyini qurdu. İndi isə ölkənin daha da inkişaf etdirilməsi, daha da müasirləşməsi və modernləşməsi vəzifəsini uğurla həyata keçirir. Mayak rolunu isə həmişə olduğu kimi, Heydər Əliyev ideyaları oynayır.
Ümummilli lider Heydər Əliyevin prezidentliyinin 10 ili Azərbaycanın həyatında fundamental dəyişikliklərlə tariximizə daxil olmuşdur. Siyasi və iqtisadi sabitliyin təmin olunması, xaos, anarxiya, separatizm, insan haqlarının mütəmadi surətdə pozulması kimi halların birdəfəlik aradan qaldırılması sistemli şəkildə yeni, müstəqil dövlət quruculuğunu uğurla həyata keçirməyə zəmanət verdi. Dahi dövlət xadimi Heydər Əliyev müdrikliyindən qaynaqlanan siyasi islahatlar həyata keçirildi, müstəqil Azərbaycanın Konstitusiyası referendum yolu ilə qəbul edildi, liberal iqtisadiyyatın əsaslarını yaratmağa hədəflənmiş islahatlar gerçəkləşdirildi. İqtisadiyyatın inkişafının nüvəsi kimi Heydər Əliyevin yeni neft strategiyası işlənib hazırlandı. Onun çox vacib tərkib hissəsi olan “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanın zəngin neft ehtiyatlarını dünya bazarına çıxarmağa imkan verən, həm də böyük geosiyasi dividendlər vəd edən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ixrac marşrutu üzrə çəkildi.
Demokratik cəmiyyət quruculuğu istiqamətində əhəmiyyətli addımlar atıldı, hüquqi dövlət və vətəndaş cəmiyyəti təsisatları yaradıldı, siyasi plüralizm qərarlaşdı. Azərbaycanın beynəlxalq siyasi və iqtisadi birlik və təşkilatlara inteqrasiyası daha ardıcıl və sistemli şəkildə həyata keçirilməyə başladı.
Bəli, bu gün Azərbaycan artıq regionun geosiyasi güclərindən birinə çevrilib. Təbii ki, iqtisadi və siyasi baxımdan sadəcə Cənubi Qafqazın lider dövləti olmaqla regional proseslərin həllinə təsir göstərən geosiyasi gücə çevrilmək fərqli məsələlərdir. Əgər İkinci Qarabağ müharibəsinə qədər formalaşmış çirkin bir regional mənzərə mövcud idisə, müharibədən sonra Azərbaycan dövləti bu mənzərəni öz xeyrinə və ədalətli şəkildə dəyişdi.
44 günlük Vətən müharibəsində tarixi Zəfərimizin baş memarları Prezident İlham Əliyev çox gözəl bilirdi ki, Qarabağın Azərbaycana qaytarılması danışıqlar masası ətrafında aparılan baş verən müzakirələr çərçivəsində mümkün olmayacaq. Ona görə də ötən 21 il ərzində Azərbaycanda qurulan peşəkar və vətənpərvər ordu Ali Baş Komandanın siyasi fəaliyyətində ilk pillədə qərarlaşmışdı.
İkinci Qarabağ müharibəsinin 44 gündavam edən şanlı Zəfərinin təməl prinsiplərini təşkil edən digər önəmli faktorlar Ali Baş Komandanın, Azərbaycan Ordusunun və xalqın birliyi oldu. Vətən müharibəsinin gedişində cəmiyyətdə ölkəmizin ərazi bütövlüyü kimi taleyüklü məsələdən sonra gələn bütün müzakirə mövzuları arxa plana keçirildi. Xalq böyük qələbə üçün imkanlarını tam səfərbər etdi. Əsgər və zabitlərimiz ön cəbhədə düşmənlə üz-üzə əlindəki silahı ilə, cəmiyyət həyatının müxtəlif sahələrində çalışan əmək adamlarımız arxa cəbhədəki fəaliyyəti, informasiya savaşında iştirak imkanı olan hər kəs Qarabağ həqiqətlərini çatdırması ilə Qələbəyə öz töhfəsini verməyə çalışdı. 44 günlük tarixi Qələbəmiz milli ləyaqətimizin, dünyadakı geosiyasi nüfuzumuzun bərqərar olmasına imkanlar yaratdı..
Azərbaycan Ordusunun bu tarixi Zəfəri regionda bizim xeyrimizə önəmli dəyişikliklər yaratdı. Bir əsrdən artıq dövrdə yoluna qoyulması mümkün olmayan Qarabağ münaqişəsi «dəmir yumruğ»un zərbəsi ilə cəmi 44 gündə həll edildi. BMT tarixində bu, bəlkə də, ilk hal dəfə idi ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu.
Bəli, biz böyük Zəfəri qazandıq. Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, ölkəmizin tarixinə yeniuğur səhifələri yazan Zəfər oldu. Əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma böyük qələbəmiz heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastan yazan Azərbaycan övladlarının Vətən müharibəsindəki igidlikləri yaddaşlarda əbədi qalacaq.Ən başlıcası şəhidlərimizin əziz xatirəsi daim anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq. Xalqımız, bütün dünya azərbaycanlıları regionda yeni bir reallıq yaradan Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizlə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər ilə hər zaman qürur duyacaqlar.
Lider-Media.az