17 dekabr Müdafiə Sənayesi işçilərinin peşə bayramı günüdür
Yeni texnologiyaların tətbiqi müdafiə sənayesinin inkişafına öz töhfəsini verir
Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkə həyatının bütün istiqamətlərində, o cümlədən ordu quruculuğu sahəsində son illərdə mühüm nailiyyətlər əldə olunub. Bu sırada Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti mühüm yer tutur.Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılması ilə ölkəmizdə ordu quruculuğunda keyfiyyətcə yeni mərhələ başladı. Nazirliyin nəzdində olan müəssisələrdə istehsal olunan məhsul özünün yüksək keyfiyyəti ilə müasir tələblərə cavab verməklə ordumuzun müxtəlif döyüş texnikalarına olan tələbatının xeyli hissəsi daxili istehsal hesabına təmin edilir.
Son illərdə müdafiə sənayesi bölməsində davamlı islahatların həyata keçirilməsi bu sektorun inkişafını şərtləndirməklə yanaşı, ölkəmizdə hərbi sənayenin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Azərbaycanda bu sahənin inkişafı üçün mükəmməl bazanın və hərbi sənaye infrastrukturunun olması, elmi-tədqiqat müəssisələrinin potensial gücünün səfərbər edilməsi, ən yeni texnologiyaların tətbiq olunması müdafiə sənayesi sektorunda inkişafa impuls verib.
Silahlı Qüvvələrimizin bugünkü qüdrəti o ağır illərdə xalqa xilas yolunu göstərən Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardığı siyasətin məntiqi nəticəsidir. Ümummilli Lider hakimiyyətə qayıdışı ilə ölkəni ağır vəziyyətdən çıxarmaqla təkmil islahatların aparılmasını şərtləndirdi. Son 20 ilə yaxın dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev müdafiə sənayesinin inkişaf etdirilməsini zamanın tələbi kimi dəyərləndirir. Hərbi təyinatlı məhsullar istehsal edən Azərbaycan sənayesinin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada ərsəyə gətirilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir. İldən-ilə ölkə daxilində istehsal olunan məhsulların keyfiyyəti ilə bərabər kəmiyyətində də böyük artım var. Azərbaycanın hərbi sənaye kompleksinin real istehsal gücü Silahlı Qüvvələrimizi silah-sursat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara da məhsul ixrac etməyə qadir olmasıdır.
Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olunması, habelə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətədavamlılığının, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, vahid prinsiplər əsasında idarə olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Fərman imzanılmaqla 7 sentyabr 2023-cü il tarixdə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır.
2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsində yüksək texnologiyalı silah sistemlərinin uğurlu tədbiqi hərbi əməliyyatların taleyinin qısa müddətdə həllinə imkan vermişdir. Döyüş əməliyyatlarında Azərbaycan Ordusu sərəncamındakı müasir silah sistemlərindən, o cümlədən idarə olunan raketlər və pilotsuz uçuş aparatlarından uğurla və koordinasiyalı şəkildə istifadə etmişdir. Vətən müharibəsində Azərbaycan Ordusu pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə etmişdir. Kəşfiyyat, kəşfiyyat-zərbə və kamikadze PUA-ların şəbəkə halında tətbiqi, eyni zamanda artilleriya bölmələri ilə qarşılıqlı əlaqəli istifadəsi qısa zamanda öz effektini vermiş, düşmənin cəbhənin ön xəttində və dərinliyindəki hərbi texnikaları, artilleriya sistemləri, tankları, zenit-raket kompleksləri və sursat anbarları məhv edilmişdir. Döyüşlərdə Azərbaycan Ordusu tərəfindən yerli istehsal olan “Aerostar” tipli taktiki, “Orbiter-3” tipli mini taktiki, “Orbiter-2” tipli mini kəşfiyyat pilotsuz uçuş aparatlarından, “Zərbə” kamikadze və “İti qovan” dronlarından aktiv istifadə olunmuşdur.
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən müasir silah və sursatlar, hərbi texnika Vətən müharibəsində ilk dəfə real döyüşdə uğurla sınaqdan keçmişdir. Nazirlik ötən müddət ərzində istehsalı mənimsənilmiş məmulatlardan “Matador” və “Marauder” zirehli döyüş maşınları, BTR-70 (təkmilləşdirilir) və BRDM-2 (təkmilləşdirilir) transportyorlarını, “Mübariz”, “İstiqlal”, “Yalquzaq” və sair snayper tüfənglərini, AK-74M, AZ-7,62 və NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, “Orbiter-2M”, “Orbiter-2B”, “Orbiter-3B” və mini “Orbiter-4”, “Aerostar-BP” taktiki və “Zərbə” tipli kamikadze pilotsuz uçuş aparatlarını göstərmək olar.
Respublikamızın müdafiə təyinatlı məhsullarının xarici bazarlara çıxarılmasına xüsusi önəm verən Müdafiə Sənayesi Nazirliyi hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı faydalı əlaqələrin inkişafı və yerli istehsalın ən yeni nailiyyətlərinin nümayişi məqsədilə müxtəlif ölkələrdə keçirilən beynəlxalq müdafiə, silah və hərbi-xüsusi texnika sərgilərində mütəmadi iştirak etmişlər. Nazirliyin müəssisələrində istehsal olunan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sərgilərində də hər zaman nümayiş olunur. Son illər İstanbulda "İDEF-2021", Əbu-Dabidə "İDEX-2021", Minskdə "MİLEX-2021", Belqradda "Partner-2021", Moskvada "ARMİYA-2021", Dohada "DİMDEX-2022", Kuala-Lumpurda "DSA-2022", Parisdə "Euronaval-2022", İstanbulda "SAHA EXPO-2022", İordaniyada "SOFEX-2022", Kəraçidə "İDEAS-2022" və dünyanın digər şəhərlərində keçirilmiş belə mötəbər sərgilərdə Müdafiə Sənayesi Nazirliyi yüksək səviyyədə təmsil olunmuşdur. Bu ilin 25 iyul tarixində Türkiyə Respublikasının İstanbul şəhərində “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi keçirildi. “İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirmişdir.
Bu gün xarici bazarlarda Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullara böyük maraq var. Bunu indiyə qədər keçirilən və ölkəmizin istehsalı olan müdafiə məhsullarının nümayiş etdirildiyi sərgilər təsdiq edir. Beynəlxalq miqyasda Azərbaycanın istehsal etdiyi hərbi təyinatlı məmulatlara böyük maraq göstərilməsinin səbəbi onların keyfiyyətli olması, müasir tələblərə cavab verməsidir. Bir çox dövlətlər ölkəmizdə müdafiə sənayesi tərəfindən istehsal olunan məhsullara maraq göstərməklə yanaşı, bu sahədə Azərbaycanla əməkdaşlıq qurulmasına və ya mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə çalışırlar. Bütövlükdə, ölkəmizdə hərbi-sənaye kompleksinə aid müəssisələr uğurla fəaliyyət göstərir. Bu müəssisələrdə aviasiya, naviqasiya, cihazqayırma və digər hərbi təyinatlı məhsulların istehsalı ildən-ilə genişləndirilir, eyni zamanda, ən yeni nəsil müasir texnologiyalar istehsalatda tətbiq olunur.
Beləliklə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki təchizatına xidmət edən müdafiə sənayesinin kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsi ölkənin müdafiə qabiliyyətini artırır. Hərbi məhsulların satışı üzrə genişləndirilən xarici əməkdaşlıq isə əlavə iqtisadi dividendlər gətirir, ölkənin xarici bazarlardakı mövqeyini gücləndirir.
Lider-Media.az