Slovakiya millisinin üzvü: Bizi Azərbaycan voleybolçularına qarşı çox çətin oyun gözləyir
“Bizi Azərbaycan voleybolçularına qarşı çox çətin oyun gözləyir”.
Bu sözlərivoleybolçulardan ibarət Slovakiya yığmasının üzvü Karin Sunderlikova Qızıl Avropa Liqasında Azərbaycan seçməsinə qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
25 yaşlı hücumçu daha əvvəl də Azərbaycan millisi ilə qarşılaşdıqlarını xatırladıb: “2016-cı ildə Qızıl Avropa Liqasının finalında Azərbaycan yığması ilə üz-üzə gəlmişdik. O dövrdə millidə çıxış etməsəm də, həmin matçı yaxşı xatırlayıram. Təəssüf ki, həlledici matçda məğlub olmuşduq. Yoldaşlıq oyunlarında da qarşılaşmışıq".
O, Azərbaycan millisinin keyfiyyətli oyunçulara sahib olduğunu söyləyib:
“Düşünürəm ki, Azərbaycan millisinin heyətində bəzi dəyişikliklər olub. Həmçinin də bunu bizim komandaya da aid etmək olar. Son Avropa Çempionatında tarixi uğura imza atdıq və turnirin 1/8 finalına qədər irəliləməyi bacardıq. Təəssüf ki, həmin mərhələdə Bolqarıstana 2:3 hesabı ilə məğlub olduq. Amma bu nəticəmizdən çox məmnun qaldıq. Bu uğurun daha yaxşısını Qızıl Avropa Liqasında da təkrarlamaq istəyirik. Qarşıda bizi gərgin və maraqlı oyunlar gözləyir. İnanıram ki, bu yarışlar üçün də milli komandaya dəvət alacağam”.
Qeyd edək ki, Azərbaycan millisi Slovakiya seçməsi ilə mayın 18-də Xorvatiyada qarşılaşacaq. Görüş Qradski tədris və idman zalında baş tutacaq.