lider-media.az

XALQA, DÖVLƏTƏ SƏDAQƏT NÜMUNƏSİ

Tarix: 12-03-2024, 10:25

İctimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindəndir. Müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə  sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi də  əsası dünyaşöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik amilinə söykənir. Məhz bunun nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik  yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan dövlət imici daha da möhkəmlənir.

İctimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion hüquqlarının  yüksək səviyyədə qorunması,  ictimai asayişin saxlanması  Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır.  Vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında isə  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının müstəsna rolu var.

Ötən illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları bu sabitliyin davam etməsinə hər zaman böyük məsuliyyətlə yanaşmış və göstərilən  yüksək etimadı doğrultmağa çalışmışdır.  Böyük bir şərəfli yol keçən, yarandığı gündən daim dövlətin və dövlətçiliyin keşiyində  dayanan Daxili Qoşunların inkişaf və yüksəliş yolu xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Daxili Qoşunlar ümummilli liderin söz və əməl vəhdəti, xüsusi diqqət və qayğısı nəticəsində formalaşmış, inkişaf etmiş yüksək döyüş hazırlığına malik peşəkar quruma çevrilmişdir.

Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil qurumu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib. 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərinin müdafiəsi uğrunda savaşıblar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə - Birinci Qarabağ müharibəsində Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərib, şəhidlər veriblər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 680 nəfər şəhid olub, 1177 nəfər yaralanıb, 5 nəfər itkin düşüb. Birinci Qarabağ müharibəsində Daxili Qoşunların 9 hərbçisi Azərbaycanın Milli Qəhrəmanı (8-i ölümündən sonra) fəxri adına layiq görülüb.

1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - martın 12-si Daxili Qoşunlar Günü elan olunub.

Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkənin daxili işlər orqanlarının ayrılmaz hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün xüsusi diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına görə MDB məkanında ön sıradadır.

Daxili Qoşunların peşəkar kadrlarla təmin olunması da hər zaman  dövlətimizin diqqət mərkəzində olub. Bu məqsədlə Daxili Qoşunlar Komandanının 1994-cü il  30 sentyabr tarixli, müvafiq əmrinə əsasən Bakı şəhər Xəzər rayonunun Qala qəsəbəsinin ərazisində  Daxili Qoşunların Ali Hərbi Məktəbi Tədris Taboru kimi yaradılıb.

1997-ci il oktyabrın 31-də Türkiyə Jandarm təşkilatı tərəfindən DQBİ-nin şəxsi heyətinə Təlim-tədris və arxa cəbhə üzrə göstəriləcək yardıma dair imzalanmış Protokola uyğun olaraq, Daxili Qoşunlarda müasir tələblərə cavab verən Tədris müəssisəsinin yaradılmasına başlanılıb və 2001-ci il iyulun 5-dən Daxili Qoşunlar Komandanının müvafiq əmrilə həmin müəssisə Tədris Mərkəzi kimi fəaliyyətə başlayıb.

Azərbaycan Respublikası daxili işlər nazirinin 20 sentyabr 2003-cü il tarixli əmri ilə Tədris Mərkəzinin bazasında "N" saylı hərbi hissə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 aprel 2006-cı il tarixli qərarına əsasən, həmin hərbi hissənin nəzdində Daxili Qoşunların Orta İxtisas Hərbi məktəbi yaradılıb. 4 iyul 2008-ci il tarixdə Azərbaycan Respublikası daxili işlər naziri tərəfindən hərbi hissəyə döyüş bayrağı təqdim olunub. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi Azərbaycan Respublikası Prezidentinin  25 fevral 2011-ci il tarixli Sərəncamı ilə Orta İxtisas Hərbi Məktəbinin bazasında yaradılıb.

Dövlətimizin başçısı Daxili Qoşunların hərbi hissələrində əsgər və qulluqçular üçün yaradılan şəraitlə mütəmadi tanış olur, onların döyüş hazırlığı ilə maraqlanır.

Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi prosesində şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə həyata keçirilən tədbirlər nəticəsində bütün hərbi hissələrdə yüksək şəraitin yaradılması istiqamətində xeyli iş görülüb və proses davam edir.

Yaradılan mükəmməl şəraitdən, diqqət və qayğıdan ruhlanan Daxili Qoşunların şəxsi heyəti bu yüksək etimadı İkinci Qarabağ müharibəsində şərəflə və layiqincə doğrultdu. Vətən müharibəsinin ilk günlərindən əzəli torpaqlarımızı işğaldan azad etmək üçün ən ağır döyüşlərə qatılan Daxili Qoşunların hərbçiləri misilsiz qəhrəmanlıq nümunələri göstərdilər.

2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağ ərazisində keçirilən lokal antiterror tədbirlərində də 12 hərbi qulluqçusu tariximizə yeni qəhrəmanlıq  səhifəsi yazıb, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpası ilə nəticələnən şanlı salnaməyə öz qanları ilə imza atıblar. Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində Daxili Qoşunların şəxsi heyətinin fədakarlığı bir daha sübut etdi ki, Daxili Qoşunlar dövlətimiz və dövlətçiliyimiz, Vətən torpağının hər qarışı uğrunda, həmçinin ictimai asayişin qorunması naminə inamla, şərəflə, ləyaqətlə mübarizə aparır.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi